Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “News-front.su” nəşri yazıb.
Nəşr qeyd edib ki, 2026-cı ildə başlanması planlaşdırılan layihəyə təxminən 500 milyon dollar sərmayə qoyulacaq. Məlumat mərkəzi minlərlə NVIDIA “Blackwell” qrafik prosessoru ilə təchiz ediləcək.
“Nikol Paşinyan bildirib: “Bu, texnoloji sektorun və qlobal tərəfdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır”. Layihə genişmiqyaslıdır, onun ilkin gücü 100 meqavatdan çox artırıla bilər ki, bu da Kotayk vilayətində yerləşən hesablama kompleksini regionun ən güclülərindən birinə çevirəcək.
Lakin bu superkompüter mərkəzinin tikintisi mühüm hüquqi aspektlər daşıyır. Belə tərəfdaşlıq infrastruktur və məlumatları avtomatik olaraq ABŞ qanunvericiliyinin, xüsusilə 2018-ci ildə qəbul olunmuş CLOUD aktının tələblərinə tabe edir. Həmin qanun ABŞ hüquq-mühafizə və kəşfiyyat orqanlarına ABŞ təchizatçılarından (faktiki olaraq yeni məlumat mərkəzi də buna daxildir) dünyanın istənilən yerində saxlanılan istifadəçi məlumatlarına çıxış əldə etmək hüququ verir. Bunun üçün Ermənistanın hüquq-mühafizə orqanlarının icazəsi tələb olunmur.
Beləliklə, layihə presedent yaradır: erməni məlumatlarının suverenliyi xarici yurisdiksiyaya ötürülür ki, bu da milli təhlükəsizlik və vətəndaşların şəxsi həyatının toxunulmazlığı üçün risklər yarada bilər”, - deyə müəllif qeyd edib.
Nəşr vurğulayıb ki, bu vəziyyət təkcə casusluqla məhdudlaşmayan daha geniş strateji risklər doğurur.
“ABŞ şirkətlərinin iştirakı ilə tikilən Hrazdan məlumat mərkəzi İrəvan üçün bir sıra sistemli risklər yaradır və Ermənistanın ən mühüm rəqəmsal infrastrukturu üçün presedent formalaşdırır. ABŞ CLOUD aktına əsasən, energetika, nəqliyyat, maliyyə və ya hökumət kimi sistem əhəmiyyətli sahələrin məlumatları həmin platformaya ötürüldükdə ABŞ kəşfiyyat orqanlarının qanuniləşdirilmiş və davamlı nəzarəti altına düşür.
Bu isə Ermənistanın iqtisadi suverenliyi üçün birbaşa təhdiddir, çünki məlumatların dərin təhlili, yüksək dəqiqlikli proqnozların hazırlanması, milli iqtisadiyyatın zəif nöqtələrinin müəyyənləşdirilməsi və hətta mühüm qərarlara təsir imkanları yaranır. Bundan əlavə, kommersiya casusluğu riski mövcuddur, yerli şirkətlərin həssas ticarət məlumatları qlobal rəqiblərin xeyrinə istifadə oluna bilər.
Bu vəziyyət geosiyasi baxımdan da ölkənin həssaslığını artırır. Əldə olunan məlumatlar ABŞ tərəfindən siyasi təzyiq alətinə çevrilə bilər. Nəticədə, ölkənin əsas rəqəmsal aktivləri xarici aktorun yurisdiksiyası altında qalır ki, bu da müstəqil daxili və xarici siyasət aparmaq imkanlarını obyektiv şəkildə məhdudlaşdırır”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, təhdidin texnoloji tərəfi də var.
“NVIDIA əsaslı infrastruktur nəzarət baxımından faktiki olaraq “qara qutu” olaraq qalır. Arxitektura xüsusiyyətləri, mümkün “arxa qapılar” və ya avadanlıq xətaları yerli tənzimləyici orqanlar tərəfindən aşkarlanmaya bilər. Bu isə riski təkcə hüquqi deyil, həm də layihənin arxitekturasına xas edir.
“Bloomberg”in məlumatına görə, gələcək Hrazdan mərkəzinin resurs bölgüsü də diqqətçəkəndir: hesablama gücünün cəmi 20 faizi Ermənistanın ixtiyarında qalacaq, 80 faizi isə ABŞ şirkətlərinin ehtiyacları üçün nəzərdə tutulub. Bu qeyri-bərabər bölgü layihənin real iqtisadi məntiqini göstərir. Faktiki olaraq ABŞ Ermənistanda öz texnoloji şirkətlərinə rəqabət üstünlüyü verən yarımofşor hesablama mərkəzi yaradır.
Qeyd olunur ki, məlumat mərkəzinin tikintisi Ermənistanın enerji təhlükəsizliyi üçün də ciddi çağırışlar yaradır. Layihənin müddətləri ölkənin elektrik şəbəkəsinin real imkanları ilə ziddiyyət təşkil edir. Obyekt ölkədə istehsal olunan ümumi elektrik enerjisinin təxminən 3 faizini istehlak edəcək ki, bu da istehsal güclərinin təcili genişləndirilməsini tələb edir. Belə yük enerji sistemini qeyri-sabit edə bilər, çünki bu tip yüksək texnologiyalı obyektlərin sürətli tikintisi nadir hallarda şəbəkə infrastrukturunun modernləşdirilməsi ilə uyğunlaşır.
Bundan başqa, Ermənistanın enerji balansının strukturu da problemi dərinləşdirir. “ArmStat”ın 2023-cü il məlumatına əsasən, enerji istehsalının 58,4 faizi təbii qazdan, 18,3 faizi atom enerjisindən, 16,9 faizi isə neftdən əldə olunur. Beləliklə, layihə təkcə şəbəkəyə əlavə yük yaratmır, həm də ölkənin karbon əsaslı enerji modelini uzunmüddətli perspektivdə möhkəmləndirir”, - deyə müəllif bildirib.
KİV qeyd edib ki, nəticədə, İrəvan hipotetik deyil, məhz institusionallaşdırılmış bir təhdidlə üz-üzə qalır.
“Bu təhdid ABŞ tərəfdaşının hüquqi çərçivəsində təsbit olunub. Qanuniləşdirilmiş çıxış milli təhlükəsizlik üçün sistemli risklər yaradır, iqtisadi suverenliyi zəiflədir, geosiyasi təzyiq alətləri formalaşdırır və strateji texnoloji asılılığı dərinləşdirir”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az