“The Nation”: Bakıda Vens İlham Əliyevlə görüşərək strateji tərəfdaşlıq haqqında saziş imzalayıb

2026/02/1771043387.jpg
Oxunub: 382     14:25     14 Fevral 2026    
“Əgər Donald Trampın qeyri-sabit və ziddiyyətli “Donro doktrinası”nı xarakterizə edən bir xətt varsa, bu, beynəlxalq siyasətdə “gücü olan haqlıdır” prinsipidir”.

Ordu.az xəbər verir ki, bu barədə “The Nation” nəşrində dərc edilən məqalədə müəllif Pietro Şakaryan yazıb.

Müəllifin fikrincə, Tramp administrasiyası üçün beynəlxalq hüququn demək olar ki, əhəmiyyəti yoxdur. Üstəlik, bu, qəsdən və açıq şəkildə görməzliyə vurulur və faktiki olaraq kənara atılır.

“Bunun əvəzinə Qrenlandiyadan Qəzaya, Venesueladan İrana qədər hər yerdə “cəngəllik qanunları” hökm sürür.

“Donro doktrinası”nın mahiyyəti administrasiyanın həm müharibə, həm də sülh məsələlərinə yanaşmasında aydın görünür. Buna nümunə kimi həftənin əvvəlində vitse-prezident Cey Di Vensin Qafqaza səfərini göstərmək olar. O, Vaşinqtonla Tehran arasında gərginliyin heç vaxt indiki qədər yüksək olmadığı bir vaxtda ABŞ-nin təsirini və İranın şimal sərhədlərinə təzyiqi artırmağa çalışırdı. ABŞ-də dərin daxili böhran fonunda ABŞ-ni əhalinin böyük hissəsi üçün faktiki olaraq naməlum olan bir regionda belə genişmiqyaslı avantüraya cəlb etməmək daha məntiqli olardı. Lakin Vens orada idi. Vensin marşrutuna Cənubi Qafqazın üç ölkəsindən ikisi, Ermənistan və Azərbaycan daxil idi. O, bir vaxtlar amerikalı neokonservatorların sevimlisi olmuş Gürcüstandan isə açıq şəkildə yan keçdi”, - deyə müəllif qeyd edir.

Şakaryan xatırladır ki, 2008-ci ildə Mixeil Saakaşvili “Corc Buş administrasiyasının göstərişi ilə Rusiya ilə qarşıdurmaya sürüklənmişdi”.

“Moskvanın sərt cavabı ilə üzləşən Vaşinqton Tbilisini taleyin ümidinə buraxdı. Gürcüstan o vaxtdan həmin ağrılı dərsdən nəticə çıxardığı halda, Ermənistanda Nikol Paşinyan “Saakaşvili yanaşması”nı sınamaq qərarına gəlib və bunu prezident Trampın aktiv təşviqi ilə edir.

Onlar öz məsuliyyətləri və riskləri ilə Rusiya və İranın sərhədləri yaxınlığında ABŞ-nin hər hansı mövcudluğuna qarşı açıq xəbərdarlıqlarını görməzliyə vururlar. Vens əvvəlcə Ermənistana gəlib, bazar ertəsi yağışlı günorta vaxtı Milandan uçaraq İrəvana enib. Onun səfərinin əsas məqsədi ABŞ-nin TRIPP (Zəngəzur dəhlizi-red.) proqramına sadiqliyini möhkəmləndirmək idi”, - deyə müəllif yazır.

Müəllif bildirib ki, TRIPP-ə əsasən, Ermənistan faktiki olaraq İranla olan əsas cənub sərhədinə nəzarəti 49 ildən 99 ilə qədər müddətə Ermənistan-ABŞ birgə şirkətinə (səhmlərin 74 faizi ABŞ-nə məxsusdur) verəcək.

“Təbii ki, İran və Rusiyanın sərhədlərində ABŞ və ya NATO-nun uzunmüddətli mövcudluğu ilə bağlı hər hansı plan Moskva və Tehranda ciddi narahatlıq doğuracaq. Lakin İrəvanda Vens bu narahatlıqları kənara atmaqla yanaşı, mülki nüvə əməkdaşlığı sahəsində 9 milyard dollarlıq ixrac vəd edib ki, bu da Ermənistanda cavablardan çox suallar yaradıb. Paşinyanla birgə mətbuat konfransında sülh haqqında boş bəyanatlar səsləndirilib, halbuki Ermənistanla Azərbaycan arasında yalnız niyyətlər haqqında bəyannamə imzalanıb”, - deyə məqalədə qeyd edilib.

Müəllif vurğulayır ki, Paşinyanın Tramp dövründə Bakı ilə İrəvan arasında yekun sülhün bərqərar olduğu barədə inamlı bəyanatlarına baxmayaraq, tərəflər arasında rəsmi sülh müqaviləsi hələ də imzalanmayıb.

“Paşinyan 2018-ci ildə siyasi islahatlar vədləri ilə hakimiyyətə gəlsə də, əksinə, qeyri-demokratikləşmə yolunu seçdi. Onun neoliberal administrasiyası dövründə yoxsulluq və bərabərsizlik dərinləşib, korrupsiya artıb. Söz azadlığına təzyiqlər güclənib və nəticədə Ermənistan Avropada istintaq təcridxanalarında saxlanılanların sayına görə ən yüksək göstəricilərdən birinə malikdir. Hətta Erməni Apostol Kilsəsi də Paşinyanın qəzəbindən yayınmayıb. Cəmiyyətin geniş etimadına baxmayaraq, hökumət bir yepiskopu və üç arxiyepiskopu, o cümlədən Mikayel Acapahyanı həbs edib. Kilsənin tanınmış tərəfdarı Samvel Karapetyan da saxlanılıb. Hətta katolikos II Qareginə qarşı da hücumlar olub”, - deyə müəllif yazıb.

Müəllifə görə, Vensin Ermənistan demokratiyasının acınacaqlı vəziyyəti barədə susması təəccüblü deyil. “Bunun əvəzinə o, Uolter Dyuranti metodologiyasından istifadə edərək Paşinyanı açıq şəkildə dəstəkləyib və hökumətin “bazarlar”a və “rifah”a sadiqliyini vurğulayıb”, - deyə qeyd olunur.

Obama administrasiyasında Dövlət Departamentinin keçmiş müşaviri Ceyms Karden bildirib: “Guya dindar və mömin katolik olan ABŞ vitse-prezidenti Paşinyanın Erməni Apostol Kilsəsinin din xadimlərini həbs etməsinə qarşı bir kəlmə də etiraz etmədi. Əksinə, bu və digər haqsız yerə həbs olunanlar TRIPP naminə qurban veriləcək. Bu addımların heç biri nə erməni, nə də amerika xalqlarının maraqlarına xidmət etmir”.

Məqalədə qeyd olunur ki, Vensin İrəvana səfərinin ən müsbət epizodu, qondarma “Tsitsernakaberd” kompleksini ziyarət etməsi də mübahisələrlə kölgələnib.

“O, yalnız həyat yoldaşı Uşa Vens ilə birlikdə memorialın önünə gül qoyub və bu barədə “X”də paylaşım edib, lakin sonradan NATO üzvü Türkiyəni incitməkdən ehtiyatlanaraq paylaşımı silib.

Bakıda isə Vens İlham Əliyevlə görüşərək strateji tərəfdaşlıq haqqında saziş imzalayıb”, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, İlham Əliyev birgə mətbuat konfransında bildirib: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Vens  


Bizi "telegram"da izləyin