Erməni deputat: “Əslində 44 günlük müharibənin hallarını araşdıran komissiyanın hesabatı mövcud deyil”

2026/02/1771064025.jpg
Oxunub: 335     14:12     14 Fevral 2026    
“2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra ölkəmizin müxalif siyasi qüvvələrinin və cəmiyyətin çoxsaylı sualları var idi. Biz bu hakimiyyəti xəyanət xarakterli addımlarda və hərəkətlərdə, şüurlu səhvlərdə, müharibəyə görə məsuliyyət və günahkarlıqda ittiham edəndə, bizə tez-tez deyirdilər ki, müharibənin hallarını araşdıran komissiya yaradılacaq və bütün suallarınıza cavab alacaqsınız”.

Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda Daşnaksütun təşkilatının ali orqanının nümayəndəsi, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan bildirib.

“2021-ci ildə “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə müharibənin hallarını araşdıran komissiyanın yaradılmasını təklif etdi və bildirdi ki, bu komissiya ictimaiyyətə bütün sualların cavabını verəcək.

Bizim mövqeyimiz çox aydın idi: müharibənin günahkarları və məsul şəxsləri ədalətli və hərtərəfli araşdırma aparmağa qadir deyil. Biz qanunvericilik paketi təklif etdik ki, onun vasitəsilə müharibənin halları üzrə real araşdırma aparmaq mümkün olsun. Təbii ki, bu təklifimiz hakimiyyət tərəfindən rədd edildi və qərara alındı ki, həmin komissiya müdafiə komissiyasının nəzdində yaradılsın. Dörd il ərzində bu insanlar bütün suallarımıza cavab olaraq deyirdilər ki, komissiya araşdıracaq, bütün suallarınıza cavab alacaqsınız. Əslində isə bu komissiya sualları ört-basdır etmək, günahkarları bəraət qazandırmaq və müharibədəki məğlubiyyətin real səbəblərini gizlətmək üçün bir platformaya çevrildi.

Hamımıza söz verilmişdi ki, komissiyanın hesabatı hazırdır və parlamentin plenar iclasının gündəliyinə çıxarılacaq. Lakin müharibənin hallarını araşdıran hesabat parlamentin plenar iclasına təqdim edilmədi.

Məlum olur ki, əslində 44 günlük müharibənin hallarını araşdıran komissiyanın hesabatı ümumiyyətlə mövcud deyil. Mövcud deyil nə deməkdir? Söhbət hüquqi sənəd olan hesabatdan gedir. O yoxdur, çünki hətta komissiya üzvlərinin əksəriyyəti həmin hesabatı imzalamayıb. Cəmi dörd nəfər imzalayıb və onun heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə Sağatelyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sağatelyan   Ermənistan  


Bizi "telegram"da izləyin