Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, bəyanatın müəllifləri arasında ABŞ ermənisi iş adamı Nubar Afeyan, Amerika Erməni Assambleyasının Himayəçilər Şurasının həmsədri Entoni Barsamyan, Denham professoru Lord Ara Darzi, ABŞ ermənisi prodüser Erik Esrayelyan, İsveçrə ermənisi iş adamı Vaçe Qabraş, Britaniya ermənisi iş adamı Vaçe Manukyan, “Amber Capital” şirkətinin baş icraçı direktoru Cozef Uğurlyan, Erməni Xeyriyyə Ümumi Birliyinin 7-ci prezidenti Perç Sedrakyan var.
“Qeyd edək ki, onların bəziləri ilə baş nazir Nikol Paşinyan görüşlər keçirib.
Xadimlər kilsə idarəçiliyi ilə bağlı bütün məsələlərin kilsənin idarəetmə orqanları vasitəsilə həllinə çağırıblar. Onlar bildiriblər ki, Ermənistan hökumətinin yanaşması diasporla münasibətlərin pozulması riskini yaradır. Həmçinin əlavə ediblər ki, bu daxili böhranı sakitləşdirməyin vaxtıdır.
Ötən gün “Vətəndaş Müqaviləsi” partiyasının daxili seçkilərində iştirak etdikdən sonra Paşinyan brifinq keçirib və həmin xadimlərə, eləcə də kilsəyə qarşı sərt çıxış edib. “Katolikosluğu Üçmüədzinin xəzinələri ilə birlikdə Ermənistandan çıxarmağa imkan verməyəcəyəm”, - deyə Paşinyan bildirib və əlavə edib: “Əgər lazım olarsa, tədbirlər görüləcək”.
O qeyd edib ki, katolikosluğun köçürülməsi planı barədə məlumatı var və məktubu imzalayanlar da bunu təşkil etməyə çalışırlar: “Bu planı həyata keçirməyə cəhd edilir, amma həyata keçirilməyəcək. Bəziləri bu barədə açıq danışırlar, mən xəbərdarlıq etmişdim ki, bu istiqamətdə danışmasınlar və hərəkət etməsinlər. Xəbərdarlıqlara məhəl qoymadılar, deməli, xəbərdarlıqların nəticəsini hiss edəcəklər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az