“Erməni tərəfinin müraciəti əsasında və erməni xalqına qarşı qardaşlıq və dostluq hisslərindən irəli gələrək, Rusiya Federasiyasında Ermənistan dəmir yolunun iki hissəsinin bərpası ilə bağlı predmetli danışıqlara başlamaq barədə qərar qəbul edilib. Həmin hissələr Arazdəyən kəndi ərazisində Azərbaycan Respublikasının dəmir yollarına, eləcə də Axuryan yaşayış məntəqəsi ərazisində Türkiyə Respublikasının dəmir yollarına birləşməni təmin edəcək”, - deyə Rusiya Baş nazirinin müavini bildirib.
Overçuk qeyd edib ki, bərpa olunacaq dəmir yolu hissələrinin ümumi uzunluğu təxminən 1,6 km və 12,4 km təşkil edir. Danışıqlar zamanı layihənin həyata keçirilməsinin texniki, maliyyə və digər şərtləri müəyyən ediləcək.
“Erməni tərəfinin rus təcrübəsinə, imkanlarına və texnologiyalarına etimad göstərərək Rusiyaya müraciət etməsini yüksək qiymətləndiririk”, - deyə Overçuk vurğulayıb.
Hələ dekabr ayında Nikol Paşinyan Rusiyaya müraciət edərək, dəmir yolunun Azərbaycan və Türkiyə istiqamətində bir neçə hissəsinin təcili bərpasını xahiş etmişdi. O, bu barədə hökumət iclasından sonra jurnalistlərlə brifinqdə məlumat vermişdi.
“Mən Rusiya üzrə tərəfdaşlarımızdan xahiş etmişəm ki, Arazdəyəndən Naxçıvana və Axurik hissəsinə (Türkiyəyə qədər) gedən dəmir yolunun tam bərpası ilə təcili qaydada məşğul olsunlar. Düşünürəm ki, yaxın vaxtlarda İcevan-Qazax hissəsi ilə bağlı məsələni də qaldıracağam, çünki hesab edirəm ki, həmin hissənin də mümkün qədər tez bərpasına ehtiyac var. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız bu xahişi maksimal sürətlə reallaşdıracaqlar”, - deyə Paşinyan bildirib.
TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsində Rusiyanın mümkün iştirakı ilə bağlı suala cavab olaraq Paşinyan qeyd edib ki, bu, Ermənistan-ABŞ ikitərəfli layihəsidir və üçüncü ölkələrin cəlb olunması yalnız ikitərəfli formatda müzakirə oluna bilər. Rusiya isə Xarici İşlər Nazirliyi səviyyəsində TRIPP-ə qoşulma məsələsinin araşdırılmasına hazır olduğunu bəyan etməyə davam edir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində TRIPP layihəsinə toxunaraq bildirib ki, Rusiya Ermənistanla bu layihədə iştirak parametrlərini müzakirə etməyə hazırdır.
O, həmçinin qeyd edib ki, tərəfdaşların bir çox prosesləri Rusiya olmadan təşkil edə bilməyəcəyi aydındır. Lakin burada bir qədər qeyri-müəyyənlik yaranır: əgər söhbət Rusiyanın nəzarət etmədiyi yeni istiqamətlərdən gedirsə, rus diplomatın konkret nəyi nəzərdə tutduğu tam aydın deyil.
Ordu.az-ın məlumatlna görə, rusiyalı analitik Vladimir Yevseyev bildirib ki, Cənubi Qafqazda formalaşmaqda olan yeni reallıqlarda iştirak Rusiya üçün vacibdir.
Onun sözlərinə görə, Moskvanın hazırda faktiki olaraq əsas infrastruktur layihəsinə çevrilən TRIPP-ə qoşulmaq istəyi də bununla bağlıdır.
“Lakin TRIPP formalaşmamışdan əvvəl də Rusiya əlavə istiqamətlərdə, məsələn, Azərbaycan ərazisi vasitəsilə tədarük məsələsində, indi isə bəzi dəmir yolu istiqamətlərinin bərpasında fəallıq göstərməyə çalışırdı. Ermənistan tərəfindən belə müraciətin edilməsi, məncə, təsadüfi deyil. Bununla Ermənistan hakimiyyəti göstərməyə çalışır ki, Rusiya da müəyyən məsələlərdə iştirak edir.
Rusiyada isə anlayırlar ki, bu, əlbəttə, əsas istiqamət deyil, lakin erməni tərəfi həmin müraciətlə bir neçə məsələni həll etməyə çalışır. Əgər Rusiya tərəfi bu xahişə reaksiya verirsə, deməli, müəyyən marağı var. Ancaq hesab edirəm ki, Rusiya daha qlobal əhəmiyyətli layihələrdə iştirak etmək istəyəcək”, - deyə Yevseyev bildirib.
Onun fikrincə, bu addım İrəvanın qərbyönlü siyasət yürütməsi, eyni zamanda Rusiya ilə müəyyən dialoqu saxlaması çərçivəsinə uyğun gəlir.
“Nəhayət, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyünü qoruyub saxlayır, çünki, böyük ehtimalla, bu, İrəvan üçün vacibdir. Buna görə də Rusiya ilə müəyyən əlaqələri də qoruyub saxlamalıdır”, - deyə Yevseyev qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az