Ordu.az xəbər verir ki, erməni politoloq Suren Surenyants Rusiyanın dəvət alsa da, şuranın üzvünə çevrilmədiyini qeyd edib.
“Qalan böyük güclərin çox tez bu quruma qoşulacağını gözləmək müəyyən mənada fantaziya sahəsinə aiddir. Hazırda çoxtəbəqli proseslər gedir. Qlobal qarşıdurmalar fonunda elə meyillər də var ki, onlar geosiyasi mərkəzləri müəyyən konsensusa gətirə bilər. Bu bir neçə ay, bəlkə də daha uzun müddət çəkə bilər və yalnız bundan sonra böyük güclərin birgə qurumlar formalaşdırmasını və ya birgə addımlar atmasını gözləmək mümkün olacaq. Hələlik həmin mərhələyə çatmamışıq, buna görə də Rusiyanın hazırkı mövqeyi məntiqlidir”, - deyə erməni politoloq bildirib.
Ermənistana toxunan Surenyants bildirib ki, məhz “Sülh Şurası”nın iclasında iştirak etməklə qlobal dəyişikliklərin baş verəcəyini gözləmək çətindir.
“Nikol Paşinyanın siyasəti Moskvada, eləcə də Tehranda və bir sıra digər paytaxtlarda suallar doğurur və bu açıq şəkildə görünür. Bu narahatlıqlar gizlədilmir. Məsələn, bir neçə gün əvvəl baş tutan Lavrov-Simonyan görüşünü xatırlayaq: zahirən eyni dildə danışırdılar, lakin təəssürat belə idi ki, əslində iki fərqli dildə ünsiyyət qururlar. Yəni ümumi narahatlıqlar və şübhələr var, lakin “Sülh Şurası”nın iclasında iştirak Nikol Paşinyanın siyasətinin sadəcə kiçik bir epizodudur. Ona görə də hesab etmirəm ki, xüsusilə Ermənistanın həmin qurumda həlledici rolu olmadığı halda diqqəti məhz buna yönəltmək məqsədəuyğundur”, - deyə o vurğulayıb.
Surenyantsın fikrincə, yeni dünya düzəninin formalaşması ilə bağlı geosiyasi mərkəzlər razılığa gəldikdə, belə qurumların formatı da dəyişə bilər.
“BMT Təhlükəsizlik Şurasının mümkün yenidən formalaşdırılması da istisna deyil, lakin hazırda bu barədə danışmaq tezdir. Hələlik bu “Sülh Şurası” daha çox Tramp və onun bir neçə onlarla tərəfdarının platformasıdır və əsasən Qəzza münaqişəsinə fokuslanıb”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az