Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
“Vaşinqtonun təklif etdiyi kiçik güclü atom elektrik stansiyaları nəinki ABŞ ərazisində mövcud deyil, ümumiyyətlə prinsip etibarilə mövcud deyil, onlar yalnız kağız üzərindədir”, - deyə Zaxarova bildirib.
O həmçinin qeyd edib ki, İrəvanda elan edilən 9 milyard dollar dəyərində kiçik modul reaktorların tikintisi layihəsi ilə bağlı heç bir konkret detal təqdim olunmayıb.
“Bu isə mövzuya əlavə maraq yaradıb. Həmin reaktorlar nədən ibarətdir və harada artıq istismara verilib? Bir sıra erməni media resursları xəbəri tələsik şəkildə Vaşinqtonun ölkə iqtisadiyyatına misli görünməmiş investisiyası kimi təqdim etdi. Lakin əsas məsələ layihənin maliyyə modelidir. Rusiya tərəfinin malik olduğu məlumata görə, söhbət ABŞ-nin birbaşa investisiyalarından deyil, ödənişin erməni tərəfi tərəfindən ediləcəyi bir sxemdən gedir. Güman edilirdi ki, maliyyələşmə əvvəllər infrastruktur layihələrinin icrası üçün yaradılacağı açıqlanan TRIPP fondu vasitəsilə həyata keçiriləcək. Ancaq hazırda fondun özü hələ yaradılmayıb”, - deyə Zaxarova bildirib.
Daha əvvəl bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens “Ermənistan hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş” üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanat imzalayıb. Onlar Ermənistanda 9 milyard dollar dəyərində ABŞ istehsalı kiçik modul reaktorların (SMR) tətbiqini planlaşdırır. İlkin mərhələdə 5 milyard dollarlıq avadanlıq, qalan 4 milyard dollar isə yanacaq tədarükü və reaktorlara xidmət üzrə müqavilələri əhatə edəcək.
Alpər Mövludoğlu
Ordu.az