Ötən gün Ermənistanda saxlanılan 6 nəfər barəsində qətimkan tədbirləri tətbiq edilib

2025/11/1762926619.jpg
Oxunub: 467     12:25     12 Fevral 2026    
Ötən gün Vağarşapatda saxlanılan 6 nəfər barəsində qətimkan tədbiri kimi ev dustaqlığı, girov və ölkədən çıxışa qadağa tətbiq edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Ermənistan KİV-ləri qeyd edir ki, söhbət “Qələbə” alyansının üzvləri və tərəfdarlarından gedir.

Ötən gün “Qələbə” fraksiyasının rəhbəri Sevak Xaçatryan bəyan etmişdi ki, səhər tezdən Vağarşapatda müxalif baxışlara malik müxtəlif şəxslərə qarşı təzyiqlər başlayıb: “Hazırda artıq 10-dan çox saxlanılan var. Onların arasında bələdiyyə şurasının üzvləri və alyansımızın tərəfdarları da var”.

Daha sonra Ermənistan İstintaq Komitəsi məlumat yayıb və bildirilib ki, 2025-ci il noyabrın 16-da Vağarşapat birləşdirilmiş icmasında keçirilən yerli özünüidarəetmə seçkiləri zamanı “Qələbə” alyansının siyahısına daxil edilmiş S.D., N.O. və həmin alyansın tərəfdarları A.A. və M.M. əvvəlcədən razılaşaraq, qrup halında bir sıra seçiciləri alyansın xeyrinə səs verməyə yönləndiriblər və bununla da şəxsi seçki hüququnun azad həyata keçirilməsinə mane olublar.

İbtidai istintaq zamanı 7 nəfərə qarşı Ermənistan Cinayət Məcəlləsinin 210-cu maddəsinin 2-ci hissəsinin 6-cı bəndi ilə (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq seçki və ya referendumda iştirak hüququnun həyata keçirilməsinə, seçki komissiyalarının fəaliyyətinə və ya seçki və ya referendum iştirakçılarının hüquq və vəzifələrinin icrasına mane olma) ictimai cinayət təqibi başlanıb.

Barələrində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə məhkəməyə təqdim olunmaları məqsədilə 6 nəfər saxlanılıb.

Onların yaşayış ünvanlarında və əlavə tikililərdə axtarışlar aparılıb, nəticədə cinayət işi üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilib.

Ermənistan İstintaq Komitəsi həmçinin səs yazılarını da yayımlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vağarşapat  


Bizi "telegram"da izləyin