Ordu.az xəbər verir ki, bu barədə bu gün İrəvanda İranın milli bayramı, İran İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən mərasimdə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirib.
Onun sözlərinə görə, ötən il İran prezidentinin İrəvana səfəri çərçivəsində əməkdaşlığa dair 12 memorandumun imzalanması kimi mühüm nailiyyətlər qeydə alınıb.
“Görüşlərin və siyasi məsləhətləşmələrin keçirilməsi, müdafiə münasibətlərinin yüksək səviyyədə inkişafı, beynəlxalq təşkilatlarda və platformalarda qarşılıqlı dəstək, təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni anlaşma memorandumunun hazırlanması, birgə hökumətlərarası komissiyanın 13-cü iclasının keçirilməsi, İran şirkətinin Qacaran böyük tunel layihəsi üzrə tenderdə qalib elan olunması, 70 nəfərlik erməni iş adamı nümayəndə heyətinin “Iran Expo 25” sərgisində iştirakı, həmçinin İran ilə Ermənistan arasında strateji əməkdaşlığa dair hərtərəfli sənədin hazırlanması baş verib. Ümid edirik ki, həmin sənəd 2026-cı ildə Ermənistanın Baş naziri cənab Paşinyanın Tehrana planlaşdırılan səfəri zamanı imzalanacaq”, - deyə səfir bildirib.
O vurğulayıb ki, 2025-ci ilin ilk 11 ayı ərzində müdafiə sahəsi istisna olmaqla, İran və Ermənistan arasında ticarət dövriyyəsi 698 milyon dollara çatıb və iki ölkə rəhbərlərinin müəyyən etdiyi 3 milyard dollarlıq hədəfə çatmaq perspektivi hələ qarşıdadır.
“Bu gün İran və Ermənistan arasında münasibətlər yeni yetkinlik mərhələsinə qədəm qoyub və iki ölkə rəhbərləri arasında qarşılıqlı etimad həmin münasibətlərin və strateji tərəfdaşlığın əsas kapitalıdır. Biz hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində münasibətləri institusionallaşdırmağı planlaşdırırıq ki, əməli yol xəritəsi çərçivəsində əməkdaşlığın həm miqyası, həm də dərinliyi ciddi şəkildə genişləndirilsin”, - deyə İran səfiri bildirib.
Alpər Mövludoğlu
Ordu.az