ABŞ-nin Yeni Silah Strategiyası: Azərbaycan Strateji Tərəfdaş, Ermənistan Taktiki Alıcı?

2026/02/1770887195.jpg
Oxunub: 840     16:32     12 Fevral 2026    
Bu ilin yanvar ayının sonunda ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində Azərbaycanla strateji əməkdaşlığı gücləndirməyə hazırlaşdıqlarını bildirmişdi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “ABŞ silah ixracının yeni strategiyası: Ermənistan və Azərbaycan Trampın “planlarında” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Tramp Azərbaycana ABŞ-də istehsal olunan müdafiə avadanlıqları, o cümlədən zirehli gödəkçələr, katerlər və s. satacaqlarını qeyd etmişdi.

“Həmin paylaşımda Tramp Ermənistanla da dinc nüvə əməkdaşlığı haqqında saziş imzalamağa hazırlaşdıqlarını açıqlamışdı.

Daha sonra bu bəyanatlar ABŞ vitse-prezidenti Vensin Ermənistan və Azərbaycana səfərləri zamanı praktik müstəviyə keçdi. İrəvanda Nikol Paşinyan və Ceyms Di Vens nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında bəyanat imzaladılar, Bakıda isə Azərbaycan Prezidenti və ABŞ vitse-prezidenti bir sıra sahələri əhatə edən strateji tərəfdaşlıq haqqında Xartiya imzaladılar. Xüsusilə ABŞ-Azərbaycan strateji Xartiyasında təhlükəsizlik və müdafiə sahəsinə dair aşağıdakı məqamlar əksini tapıb:

- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər;

- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər;

- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər;

- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

Qeyd olunur ki, Xartiya çərçivəsində götürülən öhdəliklərin icrası işçi qruplarının, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində işçi qruplarının yaradılmasını da nəzərdə tutur”, - deyə nəşr bildirib.

KİV-in yazdığına görə, bundan əlavə, Bakıda ABŞ vitse-prezidenti Vens bəyan edib ki, Azərbaycanın ərazi sularını qorumasına kömək etmək məqsədilə ölkəyə yeni katerlər tədarük olunacaq.

“Bu kontekstdə bir məqamı da əlavə edək. “168.am” saytı Azərbaycan mənbələrinə istinadən bildirib ki, Azərbaycan İsveç istehsalı olan JAS 39 “Gripen E/F” çoxməqsədli qırıcı təyyarələrini (48 ədəd) almaq istəyir. Müqavilənin dəyəri təxminən 6,5 milyard dollar qiymətləndirilir. Hələlik bu niyyətin konkret müqaviləyə çevrilib-çevrilməyəcəyi məlum deyil.

Lakin Azərbaycan mənbələrinin bildirdiyinə görə, bir məqam aydındır: “Gripen” qırıcılarının alınması halında Azərbaycan əlavə hüquqi-siyasi filtr və məhdudiyyətlərlə üzləşəcək. Çünki təyyarə ABŞ istehsalı olan “General Electric” F414G mühərriki ilə təchiz edilib və bu, ABŞ tərəfindən reeksport üçün icazə verilməsini tələb edir. Yəni məsələ artıq yalnız Azərbaycan-İsveç danışıqları çərçivəsindən çıxaraq üçtərəfli razılaşma predmetinə çevrilir.

Bakıda hesab edirlər ki, İlham Əliyev və Tramp arasında isti münasibətlər, xüsusilə Tramp administrasiyasının 907-ci düzəlişin tətbiqini dayandırmasını nəzərə alaraq, ABŞ komponentlərinin ixrac lisenziyasının alınmasını asanlaşdıra bilər. Bununla belə, Bakı mövcud məhdudiyyətlərin tam və yekun şəkildə aradan qaldırılmasına nail olmağa çalışır”, - deyə məqalədə vurğulanıb.

Müəllif qeyd edib ki, İrəvanda keçirilən birgə mətbuat konfransında Nikol Paşinyan bildirib: “Ermənistan ABŞ-dən V-BAT tipli pilotsuz uçuş aparatları əldə edib. Bu aparatların effektivliyi zəngin tətbiq təcrübəsi ilə sübut olunub və onlar müdafiə qabiliyyətimizin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Ümid edirəm ki, ABŞ-nin Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçirilmiş bu razılaşma gələcək əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq”.

“Bununla yanaşı, fotolar da dərc olunub. ABŞ vitse-prezidenti isə eyni vaxtda bir qədər fərqli bəyanat verib: “Ermənistan üçün 11 milyon dollar dəyərində kəşfiyyat pilotsuz uçuş aparatı texnologiyalarının satışını təsdiqləmişik”.

Razılaşaq ki, Paşinyanla Vensin dedikləri arasında fərq var. Yəni pilotsuz uçuş aparatının satışı ilə texnologiyanın satışı eyni anlayış deyil. Məsələn, Sloveniya Azərbaycana özüyeriyən artilleriya qurğularının və sursat istehsalının texnologiyasını təqdim edib, Bakı isə müvafiq maliyyə vəsaiti yatıraraq həmin istehsalı təşkil etməlidir. Bu sinerjinin məqsədi qlobal bazarlara yeni məhsul çıxarmaqdır. Ermənistanla bağlı da eyni ssenari mümkündürmü?

Qeyd edək ki, bir neçə gündür Müdafiə Nazirliyindən bu sualın cavabını almağa çalışırıq: Ermənistana texnologiya, yoxsa pilotsuz uçuş aparatları satılıb? Hələlik cavab verilməyib”, - deyə müəllif bildirib.

Nəşr qeyd edib ki, Ukraynada döyüş təcrübəsi qazanmış və ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə olunan V-BAT tipli pilotsuz uçuş aparatlarını Hindistan da alıb.

“Artıq ölkənin “Shield AI” şirkətinin lisenziyası ilə həmin aparatları istehsal etmək icazəsinə malik olduğu barədə məlumatlar var. Ermənistanla bağlı isə hələ də aydınlıq lazımdır: ABŞ Ermənistana yalnız pilotsuz uçuş aparatları satıb, yoxsa gələcəkdə Ermənistan-ABŞ birgə müəssisəsinin və ya ABŞ texnologiyası əsasında hərbi təyinatlı istehsalın yaradılması gözlənilə bilər?

Əlavə edək ki, V-BAT (ABŞ Silahlı Qüvvələrində rəsmi adı MQ-35A) şaquli qalxma və enmə (VTOL) qabiliyyətinə malik pilotsuz uçuş sistemidir. V-BAT əvvəlcə “Martin UAV” şirkəti tərəfindən yaradılıb, daha sonra isə “Shield AI” tərəfindən alınıb.

Təxminən iki həftə əvvəl Donald Tramp ABŞ silahlarının satışı və ixracına dair yeni strategiyanı elan edən sərəncam imzalayıb. Bildirilir ki, prioritet öz müdafiəsini gücləndirən, bu istiqamətdə investisiya yatıran, həmçinin coğrafi baxımdan kritik əhəmiyyətli regionda yerləşən, ABŞ proqram və fəaliyyətləri üçün maraq doğuran və ya ABŞ-nin iqtisadi təhlükəsizliyinə töhfə verən müttəfiq və tərəfdaş ölkələrə veriləcək. Bu meyarlar müəyyən dərəcədə həm Azərbaycan, həm də Ermənistan üçün keçərlidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin