Rusiyalı analitik: “ABŞ Bakı ilə münasibətlər hesabına İrəvanı öz imtiyazlı tərəfdaşına çevirməyəcək”

2026/02/1770881924.jpg
Oxunub: 570     14:37     12 Fevral 2026    
“ABŞ və Azərbaycan strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb və bu, ehtimal ki, vitse-prezidentin Qafqaz səfərinin Bakı mərhələsinin əsas nəticəsi olub”.

Ordu.az xəbər verir ki, bunu “ABŞ vitse-prezidentinin Qafqaz turnesinin ikinci hissəsi” başlıqlı “Telegram” paylaşımında rusiyalı analitik Sergey Markedonov bildirib.

“Bir mənada, dövr bağlandı. 2009-cu ilin yanvarında Vaşinqton oxşar Xartiyanı Gürcüstanla, 2025-ci ilin yanvarında isə Ermənistanla imzalamışdı. Bu, “tarixin sonu” deməkdirmi? Əlbəttə ki, yox. 2024-cü ildə amerikalılar öz təşəbbüsləri ilə Gürcüstanla razılaşmanı “dondurdular”. Hətta Tbilisinin emosional yalvarışları da kömək etmir. Gürcüstan Vensin “marşrut siyahısı”na daxil edilməmişdi”, - deyə Markedonov vurğulayıb.

Onun fikrincə, “Qərbə dönüş” tərəfdarı olan erməni həvəskarlar üçün pis xəbər ondan ibarətdir ki, ABŞ Bakı ilə münasibətlər hesabına İrəvanı öz imtiyazlı tərəfdaşına çevirməyəcək.

Markedonovun qənaətinə görə, bunu yalnız Azərbaycanın paytaxtında imzalanmış Xartiya deyil, həm də Vensin qondarma “Tsitsernakaberd” kompleksinə səfəri ilə bağlı paylaşımının müəmmalı şəkildə yoxa çıxması göstərir.

“Mənə etiraz edəcəklər ki, sülh çox yaxındır və yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında gərginlik olmayacaq. Lakin biz hələ bu perspektivi görməliyik. Sülh müqaviləsi hələ imzalanmayıb və Ermənistan konstitusiyasının preambulasına dair tələblər geri götürülməyib.

İlham Əliyev həm Qərbdə, həm də Şərqdə istənilən tərəfdaşın dəstəyini təmin edərək, öz müəlliflik hüququnu təsdiqləməkdən məmnundur. İrəvan və Bakıda hörmətli amerikalı qonağın qarşılanma mərasimlərində üslub fərqlərini görməmək mümkün deyildi.

Birincidə biz “Tbilisi-2005-ci ilin mayı” ssenarisinin remeykinin şahidi olduq (əgər kimsə unudubsa, həmin vaxt ABŞ-nin 43-cü prezidenti kiçik Corc Buş Gürcüstana səfər etmişdi). Heyranlıq və ümidlər. Bakıda isə praqmatizm və işgüzar yönümlü danışıqlar formatı üstünlük təşkil etdi”, - deyə Markedonov vurğulayıb.

Yekunda Markedonov Zbiqnev Bjezinskinin Azərbaycan barədə sözlərini sitat gətirib: “Azərbaycanı Xəzər dənizi və Mərkəzi Asiyanın sərvətlərini ehtiva edən şüşənin girişini nəzarətdə saxlayan həyati “tıxac” adlandırmaq olar. Ərazisindən neft kəmərləri keçən və ona siyasi dəstək göstərən etnik baxımdan qohum Türkiyəyə qədər uzanan müstəqil türkdilli Azərbaycan Rusiyanın regiona giriş monopoliyasına sahib olmasına mane olacaq və beləliklə onu Mərkəzi Asiya dövlətlərinin siyasətinə təsir göstərmək üçün əsas siyasi rıçağından məhrum edəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Markedonov   ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin