Ordu.az xəbər verir ki, bunu erməni qafqazşünas Karen İgityan deyib.
“Ermənistan hazırda birbaşa ABŞ nəzarəti altındadır, bu səfər də bunu təsdiqləyir. Azərbaycanla, əlbəttə, Ermənistanda aparılan danışıqlarla müqayisədə daha ciddi və praktiki məsələlər müzakirə olunub”, - deyə o bildirib.
İgityanın sözlərinə görə, Vensin bəyanatlarından əlavə, Ermənistandakı seçkilərə daha böyük müdaxilə gözlənilir.
“Seçkilərə bir ay qalmış İrəvanda Avropa sammiti keçirilərsə, onda görəcəyik ki, Paşinyanı seçkilər ərəfəsində dəstəkləməyə yönəlmiş nə qədər bəyanatlar səslənəcək. Paşinyan müxtəlif qüvvələr üçün, ilk növbədə isə Türkiyə və Azərbaycan üçün çox sərfəlidir... Tramp Paşinyan haqqında “o biri oğlan” deyirdi və onlar üçün o, sadəcə başqa ölkələrin, bu halda ABŞ-nin, Türkiyənin və Azərbaycanın maraqlarına xidmət edən “o biri oğlan”dır”, - deyə erməni qafqazşünas vurğulayıb.
O qeyd edib ki, “Rosatom” tərəfindən servis edilən Ermənistan Atom Elektrik Stansiyası bağlanacaq, əvəzində isə ABŞ istehsalı olan modul tipli stansiya tikilməsi vəd edilir və bunun üçün Ermənistan özü ödəniş edəcək.
“Bunun olub-olmayacağı böyük sualdır, amma Rusiyanı sıxışdırıb çıxarırlar. Digər məsələlərdə də eyni vəziyyətdir: məqsəd Ermənistanın inkişafı yox, Rusiyanı regiondan çıxarmaqdır. Azərbaycan birincisi təhlükəsizlik sahəsində, ikincisi isə enerji təhlükəsizliyi sahəsində ABŞ üçün strateji tərəfdaş elan edilib. Məsələn, Vens deyir ki, Azərbaycan NATO-ya üzv 11 ölkənin enerji təhlükəsizliyini təmin edir. Yəni artıq bu formatda danışırlar”, - deyə İgityan bildirib.
Hakimiyyətin “indi bizi ABŞ xilas edəcək” tezislərinə toxunan erməni ekspert qeyd edib ki, bu, heç vaxt işləməyib və işləməyəcək: “Əgər sən özünü müdafiə etməkdən imtina edib, burada hansısa ABŞ təşkilatının mövcudluğuna ümid bağlayırsansa, bu, sənin üçün çox tez və çox pis nəticələnə bilər”.
İgityan vurğulayıb ki, xarici qüvvələr Paşinyanı öz maraqları naminə dəstəkləyirlər.
Alpər Mövludoğlu
Ordu.az