Ordu.az xəbər verir ki, CNN “yeni nəsil” nüvə reaktorlarına həsr etdiyi məqalədə ABŞ-nin Miçiqan ştatında, Miçiqan gölünün sahilində yerləşən və 2022-ci ildə istismardan çıxarılan “Palisades” atom elektrik stansiyası barədə yazır.
Hazırda həmin stansiya Floridada yerləşən “Holtec” şirkətinin səyləri ilə yenidən bərpa olunur.
Məqalə müəllifi Laura Peddisson yazır ki, bu, ABŞ-də bağlanmış atom elektrik stansiyasının ilk dəfə yenidən işə salınması olacaq. Əgər hər şey plana uyğun getsə, “Palisades” həm də nüvə energetikası sahəsində böyük dönüş nöqtəsinə çevriləcək və kommersiya məqsədli “kiçik modul reaktorlar”ın quraşdırıldığı ilk ABŞ atom elektrik stansiyası olacaq.
CNN-in məlumatına görə, SMR kimi tanınan bu qabaqcıl nüvə reaktorları mini atom elektrik stansiyalarına bənzəyir, lakin ənənəvi atom elektrik stansiyalarından daha ucuz, daha təhlükəsiz, daha tez tikilən və maliyyələşdirilməsi daha asan kimi təqdim olunur. Onların ətrafında yaranan maraq getdikcə artır.
“Onların cəlbediciliyi çox sadədir: 24/7 rejimində işləyə bilən, daha bol və təmiz enerji əldə etmək perspektivi. Onlar texnologiya şirkətləri üçün xüsusi maraq doğurur, çünki bu şirkətlər süni zəkanın inkişafı fonunda həndəsi silsilə ilə artacağı gözlənilən məlumat mərkəzlərinin nəhəng enerji tələbatını ödəmək üçün etibarlı enerji mənbələri axtarır. Böyük texnologiya şirkətlərindən və Tramp administrasiyasından bu sahəyə vəsait axını müşahidə olunur”, - deyə CNN qeyd edir.

“Hazırda SMR-lər əlverişli mövqedədir. Onlar çoxlu gözəl ideyaların olduğu bir mərhələdədirlər və çox ümidverici gələcək və böyük potensiala malikdirlər”, - deyə Miçiqan Universitetinin enerji sistemləri və iqlim üzrə dosenti Maykl Kreyq CNN-ə bildirib.
Lakin CNN yazır ki, reallıq həmişə olduğu kimi daha mürəkkəbdir və ekspertlər ehtiyatlı olmağa çağırır. Mütəxəssislər xəbərdarlıq edir ki, SMR-lərin ümumi dəyəri ənənəvi elektrik stansiyalarından aşağı ola bilər, lakin yenə də çox bahalıdır. Bu isə o deməkdir ki, onların istehsal etdiyi elektrik enerjisinin qiyməti külək, günəş və ya qaz enerjisindən daha yüksək olacaq. Onların quraşdırılması və istismara verilməsi də uzun zaman tələb edir.
CNN qeyd edir ki, hazırda dünyada cəmi üç fəaliyyət göstərən SMR var və onların heç biri ABŞ-də deyil. Onlardan biri Rusiyada, Sibirin sahillərində yerləşən üzən platformadadır, digər ikisi isə Çindədir.
“Nüvə enerjisinin inkişafı sanki “Gələcəyə qayıdış” janrından olan hekayədir. 1950-1960-cı illərdə ABŞ-də onlarla kiçik reaktor var idi və onların hamısı iqtisadi baxımdan sərfəli deyildi. Buna görə də miqyas effektinə nail olmaq, xərcləri və elektrik enerjisinin qiymətini azaltmaq məqsədilə sənaye daha böyük layihələrə yönəldi”, - deyə nüvə mühəndisi və müstəqil məsləhətçi Nik Turan CNN-ə bildirib.
CNN-in yazdığına görə, nüvə enerjisi mahiyyət etibarilə mürəkkəb texnologiyadır və sifariş əsasında hazırlanan meqalayihələrin tikintisinin çətin olduğu artıq sübuta yetirilib.
“Müddətlər uzandı, xərclər kəskin artdı və nüvə enerjisi ABŞ-də ucuz şist qazı ilə rəqabət apara bilməyərək durğunluq dövrünə qədəm qoydu”, - deyə CNN yazır.
SMR-lər ətrafında yaranmış bu ajiotajın, müasir ingilis termini ilə deyilsə, “hype”ın nə dərəcədə əsaslı olduğu isə, CNN-in fikrincə, yalnız onların tikintisindən sonra aydın olacaq. Bu istiqamətdə yarış isə hələ yenicə başlayır.
Alpər Mövludoğlu
Ordu.az