Erməni siyasi xadim: “ABŞ PUA-larının gətirilməsi risklidir, bunu ruslar və iranlılar heç də məmnuniyyətlə qarşılamayacaqlar”

2026/02/Ekran-1770842145.jpg
Oxunub: 459     13:14     12 Fevral 2026    
“Ermənistan-ABŞ münasibətlərinin inkişaf etməsi müsbətdir, nə qədər çox dost olsa, bir o qədər yaxşıdır. Lakin detallara vardıqda adi göz üçün dərhal görünməyən bəzi məqamlar ortaya çıxır və hakimiyyətin bu həddindən artıq coşqusu, hətta bir qədər düşünülməmiş sevinc nümayişi yerində deyil. Bir az gözləmək və Azərbaycanda nə baş verəcəyini görmək lazımdır”.

Ordu.az xəbər verir ki, bunu “Erməni Milli Konqresi” partiyasının sədr müavini Aram Manukyan deyib.

ABŞ Pilotsuz Uçuş Aparatlarının (PUA) Ermənistana verilməsi məsələsinə toxunan Manukyan bildirib: “Təxminən 20 PUA-nın Ermənistana verilməsi nəzərdə tutulur. Hər birinin qiyməti təxminən yarım milyon dollardır və bunlar kəşfiyyat PUA-larıdır. Hərbi-texniki əməkdaşlığın olması əlbəttə ki, müsbətdir. Amma ciddi risk var. Bunlar kəşfiyyat dronlarıdır və Rusiya və İran tərəfindən heç də məmnuniyyətlə qarşılanmayacaq.

Rusiya hərbi bazası burada yerləşir və bu dronlarla həm Rusiya bazası, həm də İran istiqaməti üzrə asanlıqla kəşfiyyat aparmaq mümkündür. Bu qurğular zəif deyil, 100-150 kilometr məsafədə kəşfiyyat aparmaq, məlumat toplamaq və lazım olan tərəfə ötürmək imkanına malikdir. Xüsusilə Rusiyaya qarşı Ukraynada istifadə olunub, təxminən 150 uçuş həyata keçirilib, Rusiya bazaları və hərbi texnikası ilə bağlı obyektlər müəyyən edilib, məlumatlar Ukrayna tərəfinə ötürülüb və həmin obyektlər məhv edilib. Bu, təbii ki, strateji müttəfiq olduğumuz Rusiya tərəfini narahat edəcək”, - deyə Manukyan bildirib.

O qeyd edib ki, Rusiya bunu asanlıqla qəbul etməyəcək: “Biz həmin sistemin içərisindəyik, Türkiyə ilə sərhədimizi rus hərbçiləri qoruyur və burada İran faktoru da mövcuddur. Amerikalılar açıq şəkildə daim anti-İran koalisiyasının tərəfdarı olduqlarını bəyan ediblər və bu proqramda iştirak edəcək ölkələri cəlb edirlər. Bu baxımdan PUA-lar İran üçün də narahatlıq doğuracaq”, - deyə Manukyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manukyan   Ermənistan  


Bizi "telegram"da izləyin