Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində yazıb.
“Bu rejim Ermənistanın suverenliyi barədə nə qədər pafoslu danışsa da, Nikol açıq şəkildə məmnunluqla Ermənistanın gələcək mövcudluğunu xarici dövlətə və həmin dövlətin həyata keçirəcəyi logistik layihəyə bağladı.
Belə etiraf Ermənistan dövlətçiliyinin zəiflədiyini, onun mümkün xarici protektorat altına salındığını və suverenlik böhranının yaşandığını göstərir”, - deyə o qeyd edib.
Aşotyan bildirib ki, bu, çökmüş dövlətin xarici siyasətidir və burada real müstəqillik və suverenlikdən söhbət gedə bilməz.
“Paşinyanın ikinci etirafı Erməni Apostol Kilsəsinə aiddir.
Kilsəyə qarşı başladığı kampaniyanın əvvəldən siyasi məqsəd daşıdığı aydın idi və bu, guya mənəvi müzakirələrlə pərdələnirdi. İlk dəfə olaraq məhz Nikolun öz dilindən bunun açıq siyasi xarakter daşıdığı təsdiqləndi.
Nikol kilsəyə qarşı repressiyaları açıq şəkildə onu tabe etdirmək və özünə tabeçilik altına salmaq planı ilə əsaslandırdı.
Delimitasiya barədə danışarkən Paşinyan etiraf etdi ki, bu, çox uzun prosesdir. TRIPP (Zəngəzur dəhlizi-red.) barədə də müəyyən “eksklüziv” məlumatlar verildi. Nikolun sözlərindən aydın oldu ki, onun eni ən azı 500 metr olacaq və bununla da təxminən 22 kvadratkilometr dövlət ərazisi xarici idarəetməyə veriləcək.
Üstəlik, məlum olur ki, TRIPP-ə bitişik ərazilərdə, hər iki tərəfdən təxminən 1,5 kilometr (o cümlədən Naxçıvan istiqamətində) “sifarişli delimitasiya” da aparmaq mümkündür” - deyə Aşotyan yazıb.
Alpər Mövludoğlu
Ordu.az