Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
KİV qeyd edib ki, bu sülh bəyanatlarına baxmayaraq, sərhədyanı ərazilərdə yaşayan sakinlər, xüsusilə də Zəngəzurda yaşayan şəxslər həmin sülhü hiss etmirlər.
Bardzravan kəndinin keçmiş inzibati rəhbəri Onik Avaqyanın sözlərinə görə, Nikol Paşinyanın danışdığı sülh çox nisbi xarakter daşıyır, bu gün sakitlik var, sabah isə sərhəddə atışma baş verə bilər.
“Düşünmürəm ki, sülh artıq Ermənistana gəlib. Hazırda gördüyümüz vəziyyət, məncə, nisbi sülhdür, hər an başımız üzərində təhlükə asılıdır.
Mənim fikrimcə, hazırda sərhəddə vəziyyət müəyyən səbəblərdən sakitdir, lakin bunu sülh adlandırmaq olmaz. Əgər bu gün Ermənistan Azərbaycanın tələblərini yerinə yetirirsə, onda müharibəyə nə ehtiyac var? Ermənistan Azərbaycanın istədiklərini verdikcə, bu nisbi sakitlik davam edəcək, amma əslində real sülh hələ çox uzaqdadır”, - deyə Avaqyan nəşrə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zəngəzurda insanların sülhə münasibəti birmənalı deyil, az sayda insan sülhə inanır, əksəriyyət isə hakimiyyətin seçdiyi bu yol ilə sülhə nail olunmayacağını düşünür və ümumiyyətlə buna inanmır.
TRIPP layihəsi və Zəngəzuru gözləyən taleyə gəlincə, Avaqyan qeyd edib ki, bunun iqtisadi yol olduğunu nə qədər desələr də, hər halda bu yol özündə ciddi təhlükəsizlik problemləri daşıyır.
“Təhlükəsizlik baxımından çoxlu suallar və boşluqlar var. Mənim anlayışıma görə, bu yolun təhlükəsizlik baxımından heç bir zəmanətçisi yoxdur, sadəcə ABŞ var, o da təhlükəsizlik təminatçısı yox, şahid rolundadır”, - deyə Avaqyan qeyd edib.
O, həmçinin Ermənistan hakimiyyətinin kilsəyə qarşı başladığı kampaniyaya toxunaraq xatırladıb ki, Qarabağı təhvil verdikdən sonra indi də erməni xalqının kimliyinin və müdafiəsinin son qalxanı olan kilsəni məhv etmək istəyirlər.
“Bir kilsə qalıb, onu da murdarlamaq və məhv etmək istəyirlər, bununla erməni kimliyini öldürmək, onu yadpərəstə çevirmək niyyətindədirlər. İndi xalqın ətrafında birləşdiyi yeganə kilsə qalıb, onu da məhv etmək istəyirlər. Amma hakimiyyət məqsədinə çatmayacaq, çünki xalqımız bu niyyətləri yaxşı anlayır. Dünya müharibə içərisindədir, hər ölkə öz marağını qoruyur, bu hakimiyyət isə ölkə daxilində kilsəyə qarşı müharibə başladıb, guya kilsəni islah edir. Halbuki hamımız başa düşürük ki, bu, kilsəyə qarşı konkret hücumdur”, - deyə Avaqyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az