Sabiq erməni deputat: “Əgər belədirsə, niyə KTMT-dən çıxmağa “cəsarətiniz” yoxdur, niyə AİB-dən çıxmağa “cəsarətiniz” yoxdur?”

2026/02/1770707812.jpg
Oxunub: 367     17:16     12 Fevral 2026    
“ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana regional səfərini, Birləşmiş Ştatların dünyadakı təsirli mövqeyini nəzərə alaraq, vacib hesab edirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının icraedici orqanının üzvü Marqarit Yesayan deyib.

“Bu gün bir neçə yerdə ekspertlərin fikirlərini oxudum ki, Vens mütləq bütün ermənilərin katolikosu ilə də görüşməlidir. Belə səfərlər bu cür görüşləri zəruri edir. Vens xristiandır və təbii ki, görüşməlidir, lakin burada başqa problem var, bu hakimiyyət həmin görüşü təmin edəcəkmi, yoxsa onu əngəlləyəcək? Necə edəcəklər ki, Vens həm Prezident Administrasiyası qarşısında, həm parlamentin önündə, həm də Vensin girib-çıxa biləcəyi müxtəlif qurumların qarşısında toplaşan insanların çağırışlarını, həyəcan siqnallarını və narahatlıqlarını eşitməsin? O, bu insanların səsini eşitməlidir, o görməlidir ki, Ermənistanda iki cür əhval-ruhiyyə var.

Birincisi, sayca çox kiçik və acınacaqlıdır, bunlar nikolçular, anti-erməni, yaltaq, sürünən əhval-ruhiyyələrdir. Vens mütləq görməlidir ki, bundan qat-qat çoxsaylı bir erməni xalqı var ki, bu hakimiyyətin yaltaq, başqasının ayaqqabısını yalayan siyasətinə qarşıdır və öz tələblərini irəli sürür”, - deyə Yesayan bildirib.

Yesayan qeyd edib ki, Paşinyan 2021-ci ildən sonra da legitimliyini itirib və hazırda ümumiyyətlə legitimliyi yoxdur.

“Əgər siz KTMT-yə qarşısınızsa, əgər Rusiyanın Ermənistana qarşı hibrid müharibə apardığını deyirsinizsə, bəs niyə ruslara qarşı açıq danışmağa “cəsarətiniz” yoxdur? Niyə Matviyenko ilə görüşə gedəndə özünüzü “şirin oğlan” yerinə qoyub qucaqlaşırsınız?

Deyirsiniz ki, hibrid müharibə aparılır, deyirsiniz ki, Lavrov və Putin Ermənistana qarşı hibrid müharibə aparır. Əgər belədirsə, niyə KTMT-dən çıxmağa “cəsarətiniz” yoxdur, niyə AİB-dən çıxmağa “cəsarətiniz” yoxdur? Bəs necə olur ki, bu gün Ermənistanın Türkiyə ilə sərhədini 102-ci Rusiya hərbi bazası qoruyur?”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yesayan  


Bizi "telegram"da izləyin