Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “600 milyardın qarşılığında 300 milyon: qanunsuz əmlakın müsadirəsi niyə məhkəmələrdə iflasa uğrayır və vəd edilən milyardlar haradadır?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, keçmişlərin “talanı” mövzusu artıq sakinlər üzərində əvvəlki təsirini itirsə də, xüsusən Paşinyanın partiyasının üzvlərinin dövlətin başına gətirdiklərindən, dövlət büdcəsini boşaltmalarından sonra, buna baxmayaraq, seçkilər ərəfəsində mövzu yenidən istismar edilməyə başlayıb. Halbuki bunu etməklə öz maraqlarına zidd hərəkət etdiklərini anlamırlar.
“Bir tərəfdən, öz əməlləri ilə çoxdan “keçmişlərin başını yuyublar”, digər tərəfdən isə qanunsuz əmlakın müsadirəsinin real nəticələri görünmür. İllərdir bu barədə danışılır, amma ortada faktiki olaraq boşluq var.
Bu günə qədər qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş cəmi bir hökm mövcuddur. O da çox cüzi məbləğlərlə…
“2025-ci ildə qanunsuz mənşəli əmlakın müsadirəsi üzrə ilk hökm qanuni qüvvəyə minib. Həmin hökm əsasında Ermənistanın mülkiyyət hüququ İrəvan şəhərinin Vardanants küçəsində yerləşən 1 mənzilə və Kotayk vilayətinin Arinc icmasında yerləşən 1 yaşayış evinə qeydiyyata alınıb. Bu əmlakların ümumi orta bazar dəyəri 300 milyon 650 min dram (təxminən 750 min ABŞ dolları) təşkil edir. Bundan əlavə, Bərpa Olunan Vəsaitlərin Vahid Hesabına 50 min avroya ekvivalent olan 20 milyon 634 min dram və 878 min dram köçürülüb”, - deyə qanunsuz əmlakın müsadirəsi sahəsində görülən işləri yekunlaşdıraraq Baş Prokurorluq qeyd edib.
Bu illər ərzində qanunsuz əmlakın müsadirəsi çərçivəsində barışıq yolu ilə daha 9 razılaşma imzalanıb. Həmin razılaşmalarla dövlətə 7 daşınmaz və 2 daşınar əmlak ötürülüb. Onlardan bəziləri məşhur “könüllü” ianələrdir ki, gələcəkdə dövlət üçün problemə çevrilə bilər”, - deyə nəşr qeyd edib.
KİV-ə görə, barışıq razılaşmaları ilə dövlətə ötürülən pul vəsaitlərinin həcmi isə cəmi 5 milyard 126 milyon dram təşkil edib.
“Bu məbləği bugünkü məzənnə ilə valyutaya çevirsək, təxminən 13 milyon ABŞ dolları edir. İllərdir qanunsuz əmlakın müsadirəsi adı altında dövlətə qaytarılanların hamısı məhz bundan ibarətdir. Söhbət son dərəcə cüzi əmlaklardan və məbləğlərdən gedir. Halbuki bu fakt illər boyu minlərlə əmlakdan və yüz milyardlarla dramlıq qanunsuz vəsaitdən danışılan eyni “plastinkanı” fırlatmağa mane olmur.
“2025-ci il dekabrın 31-nə olan vəziyyətə görə, 2020-ci ilin sentyabrından 2025-ci il dekabrın 31-dək olan dövrdə məhkəmələrdə baxılan iddiaların sayı 155-dir və onların ümumi iddia məbləği 595 milyard 817 milyon dram təşkil edir. Həmin iddialar üzrə Prokurorluq Ermənistan Respublikasının xeyrinə 324 daşınar, 1463 daşınmaz əmlakın, 440 hüquqi şəxsdə pay iştirakının müsadirəsini tələb edir, pul tələbi isə 518 milyard 428 milyon dramdır (bu göstərici artma meyillidir, çünki bütün əmlakların bazar dəyəri hələ müəyyən edilməyib, hüquqi şəxslərdəki payların dəyəri dəqiqləşdirilməyib)”, - deyə Prokurorluğun qanunsuz əmlakın müsadirəsi ilə bağlı növbəti açıqlamasında qeyd edilib.
Son illərdə bu cür açıqlamaları yüzlərlə dəfə eşitmişik, nəticə isə cəmi bir məhkəmə hökmüdür ki, o da qanuni qüvvəyə minib və dövlətə bir neçə yüz milyon dram qaytarılıb”, - deyə müəllif yazıb.
Nəşr vurğulayıb ki, qalan 150-dən çox iddia üzrə isə heç bir hökm yoxdur və nə vaxt olacağı, ümumiyyətlə olub-olmayacağı da bəlli deyil.
“Buna baxmayaraq, hakimiyyət mövzunu daim “isti” saxlayır, müxtəlif şəxslərə aid “qanunsuz əmlaklar” və pul vəsaitləri ilə bağlı bəyanatlar verir, böhtan atır. Üstəlik, nəzərə almır ki, bu iddialarla bağlı qanuni qüvvəyə minmiş qərarlar mövcud deyil. Xüsusən də az deyil hallar ki, açıqlanan “qanunsuzluqlar” sonradan təsdiqini tapmır. Amma bu kimin vecinədir?
Sadəcə olaraq “qanunsuz mənşəli” əmlakın müsadirəsi ilə bağlı iddia qaldırılması hələ heç nə demək deyil. Fakt ondan ibarətdir ki, illər ərzində qanuni qüvvəyə minmiş cəmi bir hökm var. Digər iddiaların taleyinin necə olacağı isə hələ də böyük sual altındadır.
Keçmişlərin “talanı” və “qanunsuz mənşəli” əmlakla bağlı səsləndirilən açıqlamalarla öz əməllərini unutdurmağa çalışırlar.
Keçmişlərin talanını göstərirlər, öz talanlarını isə gizlədirlər. Elə zənn edirlər ki, xalq kordur və onların ölkəni necə taladıqlarını, necə varlandıqlarını, dövlət büdcəsindən gizli və açıq qərarlarla milyardlar çıxardıqlarını, necə pul vəsaitlərinə, daşınar və daşınmaz əmlaklara sahib olduqlarını görmür”, - deyə KİV vurğulayıb.
Müəllif qeyd edib ki, üstəlik, bu, talanın yalnız görünən hissəsidir.
“Hələ üzə çıxmamış, sonradan məlum olacaq nə qədər məqamlar var. Söhbət təkcə məşhur mükafat və əlavə ödənişlərdən getmir, büdcəni talamağın saysız-hesabsız üsullarını icad ediblər. Artıq illik olaraq ipoteka ilə əldə etdikləri mənzillərə görə gəlir vergisinin qaytarılması bir neçə yüz milyon ABŞ dollarına çatır. Keçən il təkcə bu məqsədlə büdcədən 250 milyon dollardan çox vəsait çıxarılıb. Bu il isə daha çox çıxarmağı planlaşdırırlar.
Büdcəni talamağın “klassik” üsullarından biri də satınalmalardır. Keçmişləri satınalmalar sahəsində korrupsiya zəncirləri yaratmaqda ittiham edirdilər. Özləri isə satınalma sistemini “öz adamları” üçün açıq-aşkar pul qazanma vasitəsinə çeviriblər. Bir mənbədən satınalmaları nə qədər “azaldırlar”, bir o qədər də həmin satınalmaların həcmi artır. Müqavilələr isə daim eyni şirkətlərlə bağlanır və elə vəziyyət yaranır ki, bu şirkətlər çox vaxt birbaşa və ya dolayısı ilə onların özləri və yaxın çevrələri ilə əlaqəli olur. Bu hal təkcə bir mənbədən satınalmalarda deyil, maraqlı təsadüf kimi, digər satınalma növlərində də təkrarlanır.
Dövlət büdcəsindən “şəffaf” və gizli qərarlarla milyardlarla dram silinir. Məsələn, müsabiqə keçirmədən kiməsə bir neçə yüz min dollar verə bilərlər ki, Nikol Paşinyanın “inqilabı” haqqında bir broşür nəşr etsin. Bütün absurdluq isə ondadır ki, bunların hamısı dövlət büdcəsinin “hamının cibidir” deyildiyi bir ölkədə baş verir. Amma “hamının cibi” hesabına yalnız məmurlar və onların ətrafı zənginləşir, adi vətəndaş üçün isə büdcə heç vaxt yetərli olmur”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az