“Litiumdan Zəngəzura” – Rusiya nəşri ABŞ-nin eyni sxemlə hərəkət etdiyini yazdı

2026/01/1769583827.jpg
Oxunub: 472     16:41     28 Yanvar 2026    
Vaşinqton və İrəvan Ermənistanda nəqliyyat marşrutlarının inkişafı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “360.ru” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu müəssisə “TRIPP Development Company” adlanır. Amerikalılar konsorsiumda 74 faiz nəzarət payı əldə edəcək, Ermənistana isə cəmi 26 faiz təklif olunub.

“Bu razılaşma “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi-red.) yaradılması və 49 il müddətinə istismarı ilə bağlıdır. Demək olar ki, yarım əsr ərzində ABŞ faktiki olaraq Cənubi Qafqazın ən mühüm nəqliyyat və logistika arteriyası üzərində nəzarətə sahib olacaq.

Beləliklə, ABŞ-nin ənənəvi imperialist paradiqmasının reallaşdırılmasının şahidi oluruq. Yerli elitalar “alındıqdan” sonra (bu və ya digər üsulla) amerikalılar bütöv ölkələri, regionları, bəzən isə qitələri ələ keçirir. Görünür, Cənubi Amerikada da bunu etməyə niyyətlidirlər.

Vaşinqtonun hər yerdə davranış modeli təəccüb doğurur: “tərəfdaşlar” gələcək mənfəətin yalnız kiçik hissəsini alır, gəlirlərin əsas hissəsi isə ABŞ-yə sadiq rejimin yaradılması və saxlanılması xərclərinə yönəldilir. Xatırlayırsınızsa, Viktoriya Nuland bir vaxtlar ABŞ-nin Ukraynanı sabitlikdən çıxarmaq və orada Maydan ssenarisini həyata keçirmək üçün 5 milyard dollardan çox vəsait xərclədiyini etiraf etmişdi. İndi isə, “The New York Times”ın yazdığına görə, Kiyev üçün ödəniş vaxtı çatıb. Konkret olaraq, Kirovoqrad vilayətində yerləşən iri litium yatağı Trampa yaxın dostuna məxsus şirkətə verilib”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, söhbət Dobra yatağından gedir.

“Onun mənfəətinin 70 faizi indi kosmetika imperiyasının varisi olan Ronald Lauderə məxsusdur. O, Trampı tələbəlik illərindən tanıyır və Qrenlandiyanı “əldə etmək” ideyasını da məhz o təklif edib. Qalan 30 faiz isə Ukrayna dövləti ilə həmin investor arasında bölüşdürülür. Bu bölgüdə dövlətin zəmanətli payı cəmi 4-6 faiz təşkil edir ki, bu da ümumi hasilatın 2 faizindən də azdır. Sadə desək, Kiyev rejimi Rusiyayla hərbi qarşıdurmanı davam etdirmək imkanı müqabilində ən zəngin yataqlarından birini ABŞ şirkətinə “hədiyyə edib”. Bu isə böyük ehtimalla sonda ukraynalılara elə Ukraynanın özünə başa gələcək”, - deyə nəşr vurğulayıb.

Məqalədə bildirilib ki, İrəvan Ukraynadan fərqli olaraq hələlik döyüşməyə məcbur deyil.

“Lakin ABŞ ilə bu tip razılaşmalar “bir gün sizdən elə bir xahiş edəcəyəm ki, onu rədd edə bilməyəcəksiniz” prinsipi ilə bağlanır. Bunun Moskva ilə açıq qarşıdurmaya, Qafqazda Rusiya maraqlarına qarşı diversiyaya, yoxsa hərbi bazanın ölkədən çıxarılmasına gətirib çıxaracağını zaman göstərəcək. Ancaq şübhə yoxdur ki, bundan sonra yalnız Vaşinqtona qeyd-şərtsiz itaət Ermənistan hakimiyyətinə öz mövqelərini qorumaq zəmanəti verə bilər. Əks halda, Nikolas Maduronun taleyi acı bir nümunə olacaq”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qafqaz   Ermənistan  


Bizi "telegram"da izləyin