Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri Rusiyanın “İnteraffairs.ru” portalında dərc olunan “Paşinyanın oyunları: Moskva İrəvana münasibətdə niyə mövqeyini sərtləşdirir?” sərlövhəli məqaləyə istinadən yazıb.
Nəşrin məlumatına görə, o zaman ümidlər var idi ki, Avropa Ermənistana kömək edəcək, Fransa və ABŞ-dəki erməni diasporu da dəstək göstərəcək, Ermənistan isə Sovet İttifaqından ayrıldıqdan sonra Cənubi Qafqazın bir növ İsveçrəsinə çevriləcək.
“Lakin bunların heç biri baş vermədi və biz Ermənistanın həm siyasi, həm də sosial-iqtisadi potensialının ciddi şəkildə tənəzzülə uğradığını gördük”, - deyə nəşr bildirib.
Qeyd edilib ki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin politologiya professoru Aleksandr Şatilov Ermənistanda yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Ekspert qeyd edib ki, hakimiyyətə gəldikdən sonra Nikol Paşinyan Ermənistanı ciddi geosiyasi məğlubiyyətə və rüsvayçılığa gətirib çıxardı. “Bu isə Qarabağ uğrunda ikinci müharibədəki məğlubiyyətdir. Lakin bu rüsvayçılıq daha çox Ermənistanın deyil, məhz Paşinyanın üzərinə düşür”, - deyə Şatilov bildirib.
Məqalədə vurğulanır ki, Şatilov Paşinyanın fəaliyyətində ardıcıl məntiq görmədiyini bildirib.
“Biz onun hərəkətlərində heç bir məntiq görmürük. Aydındır ki, Paşinyanın xaricdəki “koordinatorları” onu Rusiyaya qarşı təhrik edirlər. Onların məqsədi Ermənistanı mümkün qədər Rusiyadan uzaqlaşdırmaq, tərəfdaşlıq münasibətlərini pozmaq və hətta müəyyən mərhələdə Rusiyada vəziyyətin sabitliyini pozmağa çalışmaqdır. Bununla yanaşı, Paşinyan Ermənistan üçün faydalı olan bəzi iqtisadi əlaqələri qorumağa çalışır”, - deyə ekspertin sözləri sitat gətirilib.
Nəşr yazır ki, ekspert belə siyasətin nəticələrinin Ermənistan üçün mənfi olacağını düşünür.
“Bu cür siyasət Ermənistanın elə bir vəziyyətə düşməsinə səbəb olacaq ki, Qərbin maraqları erməni xalqının və cəmiyyətinin maraqlarından üstün tutulacaq. Üstəlik, alternativ mövqeyə malik şəxslər sıxışdırılacaq və təqib olunacaq. Bu yalnız Rusiyaya rəğbət bəsləyən insanlara deyil, Paşinyana qarşı olan bütün qüvvələrə aid olacaq”, - deyə məqalədə qeyd olunub.
Şatilovun fikrincə, Ermənistan gələcəkdə daha fəal şəkildə anti-Rusiya təşəbbüslərinə cəlb oluna bilər.
“Ermənistan getdikcə daha çox Rusiyaya qarşı fəaliyyətlərə, o cümlədən NATO xətti üzrə proseslərə cəlb ediləcək. Hətta Rusiyadakı erməni diasporunun da Rusiyaya qarşı yönləndirilməsi cəhdləri mümkündür. Buna görə də hesab edirəm ki, Moskva əvvəldən Paşinyana onun oyunlarına qoşulmayacağını və cavabın sərt olacağını anlatmaqla düzgün addım atıb”, - deyə ekspert vurğulayıb.
Məqalədə qeyd olunur ki, Moskva ilə İrəvan arasındakı münasibətlərdə son dövrlər müşahidə olunan gərginliyin fonunda bu cür qiymətləndirmələr Rusiya ekspert dairələrində getdikcə daha çox səsləndirilir və Ermənistanın xarici siyasət kursu ətrafında müzakirələr davam edir.
Alpər Mövludoğlu
Ordu.az