Ordu.az xəbər verir ki, bunu Ermənistan ədliyyə nazirinin keçmiş birinci müavini, Konstitusiya Məhkəməsi sədrinin sabiq müşaviri, “Hüquq vasitəsilə ədalət” hüquq-məsləhət şirkətinin direktoru Qriqor Muradyan deyib.
Onun sözlərinə görə, əsas məsələ sənədin praktikada necə tətbiq ediləcəyi və Ermənistanın suveren hüquqlarının real təmin olunmasıdır.
“Bu sənəddə Ermənistanın yeni güzəştləri ilə TRIPP-in uğuru arasında birbaşa əlaqə olduğunu düzgün başa düşürükmü? Yəni Azərbaycan və Türkiyənin Ermənistana məcbur etdiyi konstitusiya referendumu baş tutmasa, deyə bilərlər ki, sənədin uğurunu biz məhv etdik? Ermənistan xalqını Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliklərinə lehinə səs verməyə məcbur edəcəklər? Bəs alınmasa?”, - deyə Muradyan qeyd edib.
Muradyan bildirib ki, ABŞ bu mərhələdə TRIPP sənədi ilə bağlı heç bir hüquqi məsuliyyəti öz üzərinə götürmür.
“Əgər Ermənistan “front office”i, yəni ilkin ofisi idarə etməyəcəksə, bu sənəd Ermənistan üçün heç bir əhəmiyyət daşımır. Sənəddə 10 dəfə vurğulanan “Ermənistanın suverenliyi” ifadəsi də yalnız seçkiqabağı manipulyasiya məqsədi daşıyır”, - deyə o qeyd edib.
Muradyan vurğulayıb ki, sənəddə ABŞ üçün nəzərdə tutulan faydalar sırasında xammal, strateji əhəmiyyətli faydalı qazıntılar və nadir metalların Amerika bazarlarına daşınması xüsusi qeyd olunur.
“Bu kontekstdə sual yaranır: söhbət hansı faydalı qazıntılardan gedir, onların sırasında Ermənistanın yeraltı sərvətləri varmı, bu barədə ayrıca razılaşmalar mövcuddurmu və hansı nisbətlərdən danışılır?
Müasir dünyada faydalı qazıntılar, nadir metallar və resurslar uğrunda demək olar ki, açıq müharibələr gedir. Ermənistanın yeraltı sərvətləri, xüsusilə də Zəngəzur bölgəsi bu baxımdan zəngindir. Bu halda aydın deyil ki, Ermənistanın yeraltı sərvətləri də bu yol vasitəsilə çıxarılacaqmı və əgər belədirsə, hansı nisbətdə? Ukrayna ssenarisi bizim vəziyyətimizdə də təkrarlana bilərmi? Əgər cavab bəlidirsə, bu, artıq neokolonializmdir. Əgər cavab xeyrdirsə, bəs niyə bu sənəddə yeraltı sərvətlərimizdən bəhs edilir?” - deyə Muradyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az