Erməni baş redaktor: “İranı ikinci Suriyaya çevirmək istəyirdilər”

2026/01/1769411310.jpg
Oxunub: 338     14:17     26 Yanvar 2026    
“İranda siyasi xaos yaratmaq, bunun isə qaçılmaz olaraq vətəndaş müharibəsinə çevrilməsi məqsədilə “Suriya ssenarisini” işə salmaq istəyirdilər”.

Ordu.az xəbər verir ki, bunu “Sputnik Armenia”ya müsahibəsində farsdilli “Alik” qəzetinin erməni baş redaktoru Aram Şahnazaryan deyib.

Onun sözlərinə görə, etirazlar ilkin mərhələdə həqiqətən sosial-iqtisadi xarakter daşıyırdı və milli valyuta olan rialın dəyərdən düşməsi ilə bağlı idi.

Şahnazaryan qeyd edib ki, lakin artıq üçüncü gündən aksiyalar tədricən dəyişməyə, onların mahiyyəti və istiqaməti təhrif olunmağa başlayıb.

“Aydın oldu ki, əslində məqsəd İranı siyasi xaosa sürükləmək, hakimiyyət boşluğu yaratmaq və daxili toqquşmaları qızışdırmaqdır ki, bu da son nəticədə ölkənin dağılmasına gətirib çıxara bilərdi. Yəni bu, “Suriya ssenarisi”ni həyata keçirmək cəhdi idi.

Kütləvi eyforiya şəraitində insanlar baş verənləri dərk etməyi dayandırır və hər bir qurbanın məsuliyyətini mövcud hakimiyyətin üzərinə qoyurlar. Bu proseslərin arxasında duranlar üçün qurbanların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Suriyada da hər şey məhz belə başlamışdı, ilk etirazlar sonradan vətəndaş müharibəsinə çevrildi. Digər bir oxşarlıq da üsyançıların azı bir-iki şəhəri nəzarət altına almaq cəhdləri idi”, - deyə Şahnazaryan bildirib.

Onun sözlərinə görə, iğtişaşların miqyası misli görünməmiş idi.

Şahnazaryan qeyd edib ki, etirazlar vandalizmin çoxsaylı təzahürləri, binaların və məscidlərin yandırılması ilə müşayiət olunurdu.

“Bir neçə gün ərzində təxminən 200 məscid yandırılıb, demək olar ki, eyni sayda məktəbə ziyan dəyib. Küçələrdə etirazçılar Qurani-Kərimi və üzərində “Allahu əkbər” yazılmış dövlət bayrağını yandırır, eyni zamanda əllərində şir və günəş təsvirli, şah dövrünə aid bayrağı tuturdular”, - deyə o bildirib.

Şahnazaryan bunu paradoks adlandıraraq xatırladıb ki, şah dövrünün bayrağı eyni zamanda şiə simvolikasının elementlərini də daşıyır: şir birinci şiə imamı Əlini, beş şüalı günəş isə şiəliyin beş müqəddəs məkanını təcəssüm etdirir.

O qeyd edib ki, etiraz aksiyalarında gənclər də fəal iştirak edirdi. Şahnazaryan bu kontekstdə hakimiyyətin özünün də “koqnitiv müharibə”də məğlubiyyətini etiraf etdiyini xatırladıb, çünki cəmiyyətə etirazları kimlərin və hansı məqsədlərlə qızışdırdığını tam şəkildə izah etmək mümkün olmayıb.

Onun sözlərinə görə, iğtişaşların təşkilatçılarının əsas hədəfi 15-22 yaş arası yeniyetmələr və gənclər idi: “Onlara nisbətən kiçik məbləğlər, 50-100 dollar ödənilir, bu pullar isə psixoloji təsiri nəzərə alaraq bir dollarlıq əskinaslarla verilirdi. 50-100 ədəd xarici əskinasdan ibarət bağlama yeniyetmələr üçün ciddi stimula çevrilirdi”.

Təşkilatçılara gəldikdə isə, Şahnazaryanın fikrincə, onlar İsrail və Qərb kəşfiyyat strukturları ilə əlaqəli olublar.

“Təəssüf ki, illər ərzində İsrailin MOSSAD-ı İran daxilində geniş agentura şəbəkəsi yarada bilib və İran bunun acı nəticələrini ötən il baş verən 12 günlük müharibə zamanı hiss edib. Bu şəbəkənin tam şəkildə ifşa edildiyini demək də mümkün deyil”, - deyə o bildirib.

Şahnazaryanın sözlərinə görə, etirazlar fonunda Türkiyə və Səudiyyə Ərəbistanının davranışı da xüsusi diqqətə layiqdir: “İranın iki ənənəvi rəqibi gözlənilməz şəkildə bu etiraz aksiyalarından faydalanmadı. Üstəlik, Səudiyyə Ərəbistanı etirazçılara heç bir dəstək göstərməyəcəyini bəyan etdi, Türkiyə kəşfiyyatı isə iranlı tərəfdaşlarına silahlı qruplaşmaların İrana sızdığı barədə məlumat verdi”.

O bildirib ki, Ər-Riyad və Ankaranın bu siyasətinin səbəbləri var.

“Onlar anlayırlar ki, əgər İsrailə və onun arxasında duran qüvvələrə İranı dağıtmaq nəsib olsa, növbəti hədəflər elə özləri ola bilərlər. ABŞ-nin İrana zərbə endirməsi halında Tehranın Hörmüz boğazını bağlamaq təhlükəsi də rol oynayıb. İran Hörmüz boğazını bağlasa, dünya neft ticarətinin təxminən 20%-ni iflic edə bilərdi ki, bundan ilk növbədə Fars körfəzi ölkələri zərər görərdi. Məhz buna görə də İranın qonşuları praqmatik mövqe tutdular”, - deyə Şahnazaryan bildirib.

Şahnazaryanın sözlərinə görə, İran hakimiyyəti bu mərhələdə ölkədə vəziyyəti nəzarət altına ala bilib: “Lakin amerikalıların Yaxın Şərqdə qüvvə və vasitələri cəmləşdirməsi, donanma və aviasiyanı bölgəyə köçürməsi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyat təhlükəsinin aradan qalxdığını deməyə imkan vermir”.

Xatırladaq ki, İranda kütləvi etiraz aksiyaları 2025-ci ilin dekabrında keçirilmişdi. Narazılığın əsas səbəbləri məzənnə dalğalanmaları və qiymət artımı idi. Lakin sonradan İranın bir sıra şəhərlərində etirazlar polis ilə toqquşmalara çevrilib, şüarlar isə ölkədə mövcud siyasi quruluşa qarşı siyasi xarakter alıb.

Yanvarın 8-də İranda 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvinin çağırışı ilə ən kütləvi etiraz aksiyaları baş tutub. Bundan sonra isə mövcud hakimiyyətin tərəfdarları küçələrə çıxıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   Suriya  


Bizi "telegram"da izləyin