Hipersəs təhlükə mifindən reallığa: İsrailin müdafiə sistemi İran hücumunu necə dəf etdi?

2025/06/1750244791.jpg
Oxunub: 651     19:32     18 İyun 2025    
İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları hərbi və texnoloji baxımdan gözlənilən nəticəni vermir. Tehran rəhbərliyi bu hücumları bir “güc nümayişi” kimi təqdim etməyə çalışsa da, faktiki vəziyyət İsrailin çoxqatlı hava müdafiə sisteminin effektivliyini və strateji dayanıqlığını bir daha ortaya qoydu.

İranın “Fattah-1” adlı hipersəs raketlərindən istifadə etdiyini iddia etməsi əslində daha çox psixoloji təəssürat yaratmaq cəhdidir. Çünki bu raketlərin iddia edilən Mach 13-15 sürətində və aşağı hündürlükdə manevr qabiliyyətinə malik olması beynəlxalq ekspert dairələrində şübhə ilə qarşılanır. Məlumdur ki, hipersəs raket texnologiyaları hələ Çin, Rusiya və ABŞ kimi hərbi nəhənglərin özündə belə tam etibarlılıqla istismara verilmiş vəziyyətdə deyil. İranın tətbiq etdiyi silahların effektivliyi isə real döyüş meydanında deyil, ancaq rəsmi Tehranın nəzarətində olan media vasitəsilə təqdim olunur.

İsrailin Müdafiə Sistemləri Sınaqdan Keçdi

İranın hücum dalğası qarşısında İsrailin çoxtəbəqəli hava müdafiə konsepsiyasının (“Iron Dome”, “David's Sling”, “Arrow-2” və “Arrow-3”) fəaliyyəti real təhdid sınağından keçdi. Xüsusilə “Arrow-3” sistemi bu hücum zamanı öz təsdiqini tapdı. ABŞ-İsrail əməkdaşlığı ilə inkişaf etdirilən bu sistem yüksək sürətli və uzun mənzilli ballistik raketləri hədəfə çatmadan, hələ yer atmosferinə daxil olmadan zərərsizləşdirə bilir.

İranın həyata keçirdiyi koordinasiyalı hücumun genişmiqyaslı olması səbəbilə bəzi raketlərin zərbə vurması mümkündür. Lakin hücumun statistik nəticələri göstərir ki, rəsmi Tehranın “böyük zərbə” kimi təqdim etdiyi hücumun əksəriyyəti İsrailin müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hücum nəticəsində yarana biləcək strateji infrastruktur dağıntılarının qarşısının alınması İsrailin texnoloji üstünlüyünün sübutudur.

İranın Məğlubiyyətlə Bitən Təbliğat Oyunu

İran mediasının Ben Qurion Hava Limanı və Nevatim Hava Bazasına “dəqiq zərbə” endirilməsi barədə iddiaları isə beynəlxalq müşahidəçilər və peyk görüntüləri tərəfindən təsdiqlənmədi. Əksinə, İranın iddia etdiyi “nəticələr” daha çox təbliğat məqsədli fantaziyalardır və psixoloji təsir gücü ilə real nəticələri əvəz etməyə hesablanıb.

İranın raket texnologiyasındakı zəiflik və dəqiqliyin aşağı səviyyədə olması bu hücumda bir daha üzə çıxdı. Bir çox raketin səmərəsiz hədəflərə yönəlməsi, bəzilərinin isə hava hücumundan müdafiə sistemləri tərəfindən zamanında zərərsizləşdirilməsi İranın strateji texnoloji keyfiyyətsizliyinin göstəricisidir.

Strateji və Psixoloji Nəticə: İsrail Qorxmur, Hazırdır

Tehranın bu hücumlarla əsas məqsədi İsrailin “toxunulmazlıq” obrazını zədələmək idi. Lakin reallıqda İsrail cəmiyyətinin və hərbi rəhbərliyinin reaksiyası tam əksini göstərdi: İsrail nəinki bu hücuma cavab verməyə hazır olduğunu göstərdi, həm də strateji və mülki infrastrukturların müdafiəsini uğurla təmin etdi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin