Yeni cəbhə Qərbin diqqətini Ukraynadan uzaqlaşdırır: Rusiya necə qazanır?

2025/06/1750231729.jpg
Oxunub: 596     17:27     18 İyun 2025    
İsrailin İrana hücumu ilə başlayan İsrail-İran müharibəsi artıq beşinci gününü başa vurub. Uzun illərdir İsrailin İrana hücum edəcəyi barədə fikirlər səslənsə də, Yaxın Şərqdə sabitliyin bir cür bərqərar olmaması bu hadisənin, o cümlədən İran da daxil olmaqla bir çox ölkəni hazırlıqsız yaxaladığı müşahidə olunur. Digər tərəfdən, xüsusilə tərəflər arasında quru sərhədinin olmaması səbəbilə müharibənin uzun müddət davam etməyəcəyi və yaxın zamanlarda atəşkəsin təmin olunacağı fikri üstünlük təşkil edir. Bununla yanaşı, nəticələrindən asılı olmayaraq bu müharibə həm regional, həm də qlobal aktorları və dünyadakı digər hadisələri təsirləndirəcək potensiala malikdir. Bu kontekstdə İsrail-İran müharibəsini yaxından izləyən ölkələrdən biri də İranla sıx əməkdaşlıq içində olan Rusiyadır.

Rusiyanın bölgədəki dayağı: İran

XXI əsrin əvvəlində Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsi ilə birlikdə Kreml Yaxın Şərqdə Sovetlər Birliyi dövründəki kimi təsirini artırmağa çalışdı. Lakin Ərəb Baharı Rusiyanın bölgədəki varlığını mənfi təsirə məruz qoydu. Ərəb Baharından sonra Moskvanın bölgədəki iki əsas dayağı Suriya və İran oldu. Rusiya hər iki ölkəyə illərlə mühüm dəstək verdi. Bu ölkələrlə yalnız siyasi və iqtisadi deyil, enerji və hərbi sahələrdə də əməkdaşlıq qurdu. Moskva öz maraqlarını nəzərə alaraq bu rejimləri xarici müdaxilədən qorumağa çalışdı. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ehtimalı Rusiyanın oradakı hərbi mövcudluğunu təhlükəyə atdı və bu ölkədəki rus hərbi bazalarının gələcəyi sual altında qaldı. Nəticə olaraq, İranın Rusiya üçün əhəmiyyəti daha da artdı. Bundan əlavə, İran Rusiya üçün yalnız Yaxın Şərqdə deyil, Qafqaz bölgəsində də müttəfiq mövqeyindədir.

İran üçün də Rusiya çox önəmlidir. Rusiyanın dəstəyi ilə İran nüvə enerjisinə sahib oldu, Moskva Tehranın nüvə fəaliyyətlərinə görə beynəlxalq arenada ona dəstək verir. Həm Rusiya, həm də İran Qərbin sanksiyalarına qarşı bir-birinə qarşılıqlı yardım göstərirlər. Beləliklə, bu iki ölkə XXI əsrin əvvəlindən etibarən çox sıx və çoxşaxəli əməkdaşlıq qurublar. Bu münasibətləri 2025-ci ilin əvvəlində imzalanan strateji əməkdaşlıq razılaşması ilə daha da möhkəmləndiriblər. Belə bir şəraitdə İsrail-İran müharibəsinin baş verməsi Rusiyaya, Rusiya-Ukrayna münaqişəsinə və İranın 2022-ci ildə tamhüquqlu üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) necə təsir edəcək?

İsrail-İran müharibəsinin Rusiya-Ukrayna müharibəsinə təsiri

Beşinci gününü başa vuran İran-İsrail müharibəsi Rusiya-Ukrayna münaqişəsini kölgədə qoydu, ya da heç olmasa ikinci plana keçirdi. Bu, şübhəsiz ki, Moskva üçün müsbət bir inkişaf oldu. Tərəflər İstanbulda ard-arda iki dəfə görüşmələrinə və əsir və həlak olmuş əsgərlərin mübadiləsi də daxil olmaqla bəzi qərarlar qəbul etmələrinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp hər iki ölkəyə təzyiqləri artırdı. Tramp atəşkəs təmin olunmasa, Ukraynaya yardımı dayandırmaqla, Rusiyaya isə yeni sanksiyalar tətbiq etməklə hədələdi. ABŞ-nin Rusiyadan enerji idxal edən ölkələrə 500 faiz vergi tətbiqi nəzərdə tutulan layihəni hazırlaması və bunu bir təzyiq vasitəsi kimi istifadə etməsi Rusiyanın işini çətinləşdirir.

Lakin İsrail-İran müharibəsinin başlaması Qərb üçün yeni bir cəbhə yaratdı. Hal-hazırda bu layihə və Aİ ölkələrinin Ukraynaya əsgər göndərməsi müzakirələri də sanki unudulub. ABŞ və Avropa İttifaqı müharibənin gedişatına görə fərqli ssenarilər üzərində işləyir. Müharibənin davam etmə səviyyəsinə görə Qərbin diqqəti və Ukrayna cəbhəsinə olan maraq dəyişəcək. Artıq Ukrayna rəsmiləri bu barədə narahatlıqlarını dilə gətirirlər. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-nin İsrailə silah yardımı Ukraynaya olan dəstəyi azaldacaq və müharibə səbəbilə artan enerji qiymətləri Rusiya üçün güc mənbəyi olacaq.

Zelenskinin də qeyd etdiyi kimi, enerji qiymətlərinin artması Rusiyanın xeyrinədir. Hərçənd Avropa ölkələri Rusiyaya olan enerji asılılığını azaltsa da, Rusiya özünə yeni bazarlar tapıb. Beləliklə, Yaxın Şərqdəki qeyri-sabitlik qaz və neft qiymətlərini Rusiyanın gözlədiyindən də artıq yüksəldib. Əgər İran Hörmüz boğazını dəniz nəqliyyatına bağlasa, bu, Rusiyanın daha çox fayda götürməsinə səbəb ola bilər. Dünya üzrə sıxılmış qazın 30%-i, neft və neft məhsullarının 20%-i bu boğazdan keçir. Bu faktlar enerji qiymətlərinin necə artacağı barədə ciddi siqnallar verir.

Rusiyanın ehtimal edilən mənfi nəticələrlə qarşılaşması

Qeyd olunan müsbət nəticələrə baxmayaraq, müharibə uzun müddət davam edərsə, Kremlin istəmədiyi nəticələr də ortaya çıxa bilər. Məlum olduğu kimi, 2025-ci ilin əvvəlində Rusiya ilə İran arasında hərbi əməkdaşlığı da əhatə edən strateji əməkdaşlıq sazişi imzalanmışdı. Bu sənəd hər hansı bir hücum halında birgə hərəkəti nəzərdə tutmasa da, İranın “strateji tərəfdaşı” olan Rusiya üzərində təzyiq formalaşdırır. Daha önəmli olan isə İsrailin bəzi rəsmilərinin İran rejimini devirmək niyyətində olduqlarını deməsidir. İran rejiminin devrilməsi Rusiya üçün Əsəd rejiminin süqutundan daha ciddi nəticələr doğuracaq.

Müharibənin başlaması ilə maraq doğuran məsələlərdən biri də İranın üzv olduğu ŞƏT-in reaksiyası idi. ŞƏT rəsmiləri təşkilatın heç bir ölkəyə qarşı yaradılmadığını bildirsə də, uzun illər NATO-ya alternativ kimi təqdim olunmuşdu. Rusiyanın və Çinin üzv olduğu ŞƏT-in yalnız bəyanatla kifayətlənməsi, bu təşkilatın da digər beynəlxalq qurumlar kimi hadisələrə qarşı effektiv reaksiya verməkdə çətinlik çəkdiyini göstərdi. Bu da təşkilatın nüfuzuna zərər vurur.

Müharibənin davam etməsi ABŞ ilə münasibətlərin yaxşılaşdırılması cəhdlərini də poza bilər. Bu, ABŞ-nin daha birbaşa müdaxiləsinə yol aça və Rusiyanın İranı dəstəkləmək məcburiyyətini artıraraq Qərblə münasibətləri daha da pisləşdirə bilər. Buna görə Rusiya müharibənin bir an öncə bitməsini istəyir və bu istiqamətdə diplomatik addımlar atır. Rusiya Prezidenti Putin, Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Xarici İşlər naziri Hakan Fidanla telefonla danışaraq vasitəçilik təklif etdilər. Tramp da bu təklifə müsbət yanaşdığını bildirib.

Fəal diplomatik təmaslar quran digər ölkə də Türkiyədir. Prezident Rəcəb Tayyib Ərdoğan son iki gündə 10-dan çox ölkənin lideri ilə danışaraq həm İsrailin hücumlarını qınayıb, həm də müharibənin sonlandırılması üçün çalışıb. Müharibənin bitməsi əslində bütün ölkələrin marağındadır. Münaqişə uzandıqca ölkələr daha açıq şəkildə tərəf tutmağa başlayır və bu da digər bölgələrdə də yeni gərginliklərin qızışmasına səbəb ola bilər. Bu səbəbdən, Türkiyə və Rusiya kimi region ölkələri diplomatik təmasları artırır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ukrayna  


Bizi "telegram"da izləyin