“Paris Air Show 2025” tam sürətlə davam edir

2025/06/1750228829.jpg
Oxunub: 371     15:39     18 İyun 2025    
Dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Paris Air Show” iyunun 16-da Fransanın “Le Bourget” hava limanında öz qapılarını açıb.

Ordu.az xəbər verir ki, aviasiya və müdafiə sənayesində ən son məhsul və texnologiyaların nümayiş olunduğu sərgidə 48 ölkədən 2400-dən çox şirkət iştirak edir.

Tədbirin ilk günü sona çatdığından həm sektorlararası rəqabət, həm də siyasi proseslər diqqət çəkir. Avropada yerləşən “Airbus” və ABŞ-də yerləşən “Boeing” arasında davam edən kommersiya təyyarələri rəqabəti sərgidə yenidən alovlanıb.

Hər iki istehsalçı yeni sifarişlər elan etməyə hazırlaşarkən, “Boeing” son “Air India” qəzasından sonra ictimai təzyiqlə üzləşir.

Digər tərəfdən İsrailin 4 müdafiə sənayesi şirkətinin (IAI, Elbit, Rafael, Uvision) stendləri qadağan olunmuş məhsulları nümayiş etdirdikləri və qaydalara əməl etmədikləri səbəbiylə sərgidə Fransa səlahiyyətliləri tərəfindən bağlanıb.

Üç İsrail şirkətinin stendləri açıq qalır. Ötən həftə Fransanın apelyasiya məhkəməsi fəal qrupların İsrail şirkətlərinin sərgidən uzaqlaşdırılması ilə bağlı müraciətini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paris-Air-Show   Fransa  


Bizi "telegram"da izləyin