İsrailin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan İrana qarşı qəfil hücumu və ardından İranın güclü cavabı tam miqyaslı bir regional müharibəyə çevrilmə riski daşıyarkən, diqqətlər İranın yanında durmağa çalışan Çinə yönəlmiş vəziyyətdədir.
Çinin Yaxın Şərq Siyasəti: Enerji, Ticarət, Tarazlıq və Təvazökarlıq
Çinin Yaxın Şərq siyasəti enerji təhlükəsizliyi və inkişaf mərkəzli bir xətt üzrə irəliləyir. Amerika Birləşmiş Ştatlarının (ABŞ) İsrailin təhlükəsizliyini ön planda tutduğu yanaşmanın əksinə, Çin bölgədə ticarət əsasında münasibətlər qurmağı üstün tutur. Qısaca desək, Pekin Yaxın Şərqdə ABŞ-dən sonra balanslaşdırıcı aktor olmaq istəyir. Bu nöqtədə Pekinin toqquşma bölgələrində aşağı profil və aşağı risk prinsipi ilə hərbi fəaliyyətlərə girmədiyini də qeyd etmək lazımdır.
Çinin BMT Daimi Nümayəndəsi Fu Tsunq İran-İsrail toqquşmalarının başlamasından dərhal sonra İsraili qınadı. Pekin hücumların mümkün “ciddi nəticələri” barədə xəbərdarlıq edərək, İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına qarşı çıxdı. Çin Xarici İşlər Nazirliyinin sözçüsü isə Çinin “vəziyyəti sakitləşdirmək üçün konstruktiv rol oynaya biləcəyini” bəyan etdi.
Çin bu hücumun neft təchizatına və qlobal enerji bazarına təsir etməsindən ciddi şəkildə narahatdır. İranın qarşılaşdığı sanksiyalara baxmayaraq, Çinin İrandan neft idxalının ildə 50 milyard dolları keçdiyi təxmin edilir. İran ilə imzaladığı 25 illik strateji əməkdaşlıq sazişinə sadiq qalmaq məqsədilə daha ehtiyatlı davranmağa çalışan Çin üçün İran həm BRICS-də, həm də ŞƏT-də bir tərəfdaş və strateji dostdur. Ancaq Çin Yaxın Şərq siyasətini diqqətlə davam etdirməli olan riskli bir siyasi aktordur.
Kənar Kəmərdə Qırılqan İttifaq: Çinin İran Dilemması
İran baxımından götürdükdə, şərqdə güc qazanan və Qərb əleyhdarlığı üzərində qurulan “çoxqütblü dünya” ritorikasının əslində böyük ölçüdə yalnız ritorika olaraq qaldığı müşahidə olunur. ABŞ və İsrailin sərt güc addımlarına qarşı Çin və Rusiyadan sinxron cavab gəlməməsi, İranın getdikcə daha tək hiss etməsinə və strateji baxışını reallığa daşıya bilməməsinə səbəb olur.
İran Çin üçün sadə bir ölkə deyil. Çinin “Kəmər və Yol Təşəbbüsü”ndə mühüm bir mövqedə olan İran Pekin üçün Yaxın Şərqə açılan bir qapıdır. Bu baxımdan, Bəsrə Körfəzi və Hörmüz Boğazı son dərəcə strateji məntəqələrdir. İran ilə İsrail arasında tammiqyaslı müharibənin Hörmüz Boğazının bağlanmasına, neft axınının dayanmasına səbəb olması halında Çin iqtisadiyyatı ciddi zərər görə bilər. Deməli, İranın cavab tədbiri olaraq Hörmüz Boğazını bağlaması “Çini çox narahat edəcək” bir addım ola bilər.
Digər tərəfdən, İran geopolitik nəzəriyyəçi Nikolas Spaykmanın vurğuladığı “kənar kəmər”in tam mərkəzindəki kritik bir ölkədir. Spaykmanın nəzəriyyəsinə qısa xatırlatma etsək, Avrasiya ətrafı nəzarət altına alınmadan, mərkəzə nəzarət mümkün deyil. Bu yanaşma xüsusilə Soyuq Müharibə dövründə ABŞ-nin SSRİ-ni çevrələmə strategiyasının da əsasını təşkil edib.
ABŞ “kənar kəməri” qeyri-sabitləşdirərək rəqib güclərin təsir sahələrini məhdudlaşdırmağı hədəfləyən strateji bir baxışı həyata keçirir. NATO genişlənməsi, Hind-Sakit okean strategiyası və Yaxın Şərqdəki bazalar bu çərçivədə dəyərləndirilə bilər. Buna qarşı olaraq, Çinin “Kəmər və Yol” təşəbbüsü ilə İran üzərindən Qərbə açılma strategiyası “kənar kəmər”in nəzarəti məsələsini ABŞ üçün çətinləşdirir.
İsrailin İrana hücumu bir mənada bu kəmərdə meydana gələn “geosiyasi boşluğu” doldurmağa yönəlik kimi görünür. Bu, ABŞ üçün İsrail vasitəsilə aşağı xərcli dolayı çevrələmə siyasətinə işarə edir.
Bu gün də ABŞ yenə bu kəmər üzərindən Çin və Rusiyanın “məhdudiyyətsiz dostluğunu” mühasirəyə alır. İran kimi bu kəmər üzərində yerləşən ölkələrin qeyri-sabitləşməsi isə Çin üçün strateji bir itki deməkdir. Buna görə də İranın ayaqda qalması Çin üçün strateji və geosiyasi zərurət kimi önə çıxır. Digər tərəfdən, Çinin İsrail ilə olan iqtisadi və texnoloji əməkdaşlığını da qeyd etmək lazımdır. Tarazlığın səbəbi də məhz bu münasibətlər ola bilər.
Strateji Səbir Çini Hara Aparır?
Ancaq son beş ildə Çin tərəfindən qurulan tarazlıqlar açıq şəkildə İran tərəfinə yönəlmiş vəziyyətdədir. Xüsusilə 7 oktyabr sonrası Qəzzada yaşananlarda Çinin İsrailə qarşı ritorikasını sərtləşdirməsi və HAMAS nümayəndə heyətini qəbul etməsi diqqətəlayiq məqamlar kimi önə çıxır. Bu addımlarla Çin soyuqqanlılıqla tarazlıq qurmağa çalışarkən, tərəfdaşlıqlarını canlı saxlayaraq geosiyasi risklərə və qarşıdurmalara bulaşmadan problemi ertələməyin yollarını axtarır.
BRICS və ŞƏT məsələsinə gəldikdə isə bu çoxtərəfli qurumlar hələ NATO-ya bənzər bir təhlükəsizlik zəmanəti təqdim etmir. İran bu çərçivələrin siyasi legitimlik təmin etdiyini düşünə bilər, lakin hərbi baxımdan tək olduğunu da dərk edir. Deməli, İran-İsrail böhranı qlobal miqyasda Çinin və çoxqütblü ritorikanın sınaq meydanına çevrilmiş vəziyyətdədir.
Əgər İran rejimi ayaqda qalarsa və İsrailin hücumları nəticəsiz qalarsa, bu Pekin üçün səssiz bir uğur olacaq. Əks halda isə bu, yalnızca Tehran üçün deyil, çoxqütblü ritorika və Çinin tərəfdaşları ilə olan münasibətlərinin legitimliyi baxımından da bir qırılma nöqtəsi olacaq.
İran-İsrail toqquşması Çinin strateji tərəfdaşlıq anlayışını sınağa çəkən bir an olaraq tarixə keçməkdədir. Bu böhran Qərbin sərt güc müdaxiləsinə qarşı Şərqin “strateji və geosiyasi səbir” üzərindən apardığı diplomatiyanın sərhədlərini də üzə çıxarır.
Nəticə: Çin İran İmtahanında Tarazlıq Axtarır
Nəticə olaraq, Çinin geosiyasi tarazlıq üzərindən qurmağa çalışdığı çoxqütblü ritorika İran imtahanı ilə qarşı-qarşıyadır. Əgər Çin bu imtahandan effektiv addımlarla çıxa bilməsə, İran üzərindəki “yumşaq güc” imkanlarını itirəcək. Çoxqütblü yanaşma zədələnəcək və enerji təchizatında yaşanacaq böhranlar yeni bir həssaslıq yaradacaq.
Digər tərəfdən, Çinin bu cür böhranlarda oynadığı vasitəçi rolu da ciddi tənqidlərə məruz qalacaq. Bu çərçivədə Çin Rusiya ilə birlikdə İsraili atəşkəsə məcbur edəcək diplomatik təşəbbüsə yönələ bilər.
Asif Cəfərov
Ordu.az