İran üzərindən Tramp-Putin münasibətlərində “sıfır etimad” – BAXIŞ BUCAĞI

2025/06/1750049767.jpg
Oxunub: 556     13:55     16 İyun 2025    
Tehran Böyük Britaniya, ABŞ və Fransa hakimiyyətlərini rəsmi şəkildə məlumatlandırıb ki, Yaxın Şərq və Fars körfəzi ölkələrində yerləşən onların hərbi obyektləri, əgər İsrailə İranın yəhudi dövlətinə qarşı zərbələrini dayandırmaq üçün yardım etsələr, hücum hədəfi olacaq.

Bu barədə TASS İranın “Mehr” agentliyinə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, Tehran yalnız hərbi hədəflərlə kifayətlənməyəcəyini, Fars körfəzi və Qırmızı dənizdə ticarət gəmilərinə də hücum edə biləcəyini bildirib. Digər mənbələrə görə isə, İran Hörmüz, Yəmən isə Bab-əl-Məndəb boğazını bağlamaq niyyətindədir və bu, “qlobal enerji böhranına səbəb ola bilər”.

İyunun 14-də Rusiya Xarici İşlər Nazirliyi uzun gecikmədən sonra İsrailin İrana qarşı hücumlarını qınayıb və yəhudi dövlətinin baş naziri Netanyahuyla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin onun qərarını BMT Nizamnaməsinin və beynəlxalq hüququn kobud pozuntusu adlandırıb.

Lakin Ukraynaya qarşı təcavüzkar müharibə aparan, beynəlxalq səviyyədə tanınan əraziyə üç ildən çoxdur ki, müdaxilə edən bir dövlətin beynəlxalq hüquqdan danışması nə İsrail üçün əhəmiyyət daşıyır, nə də İran üçün dəstək anlamı kəsb edir. İran istər istəmədən, istərsə də könüllü şəkildə, faktiki olaraq Rusiya-Ukrayna müharibəsinə cəlb olunmuş vəziyyətdədir.

Əslində Vladimir Putinin demək istədiyi fikirləri daha açıq şəkildə Rusiya Xarici İşlər Nazirliyinin “Ukrayna cinayətkar rejiminin cinayətləri üzrə” xüsusi nümayəndəsi Rodion Miroşkin səsləndirib. Onun sözlərinə görə, Rusiya İsrailin Aİ və ABŞ tərəfindən verilən hərbi və diplomatik dəstəklə həyata keçirdiyi aqressiv əməliyyatlarına qəti şəkildə qarşıdır. İsrail “faktiki olaraq Qərbin bir çox dövlətlərindən maksimum dəstək alır – istər hərbi, istər maliyyə, istərsə də diplomatik baxımdan”.

Rusiyalı diplomatın fikrincə, Yaxın Şərqdə baş verənlər “orada ciddi gərginlik ocağı yaradıb və bunun necə nəticələnəcəyi bəlli deyil”. Kremlin yaydığı rəsmi məlumata görə, ABŞ və Rusiya prezidentlərinin son telefon danışığında isə Donald Tramp Vladimir Putindən “İranın nüvə proqramı ilə bağlı danışıqlara qoşulmağı” xahiş edib.

Bundan əvvəl ABŞ prezidenti belə bir fikir səsləndirmişdi ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya təhvil verə bilər. Moskva və Tehran bu variant nəzərdən keçiribmi, bilinmir, amma siyasi baxımdan Tramp bu bəyanatla İranın nüvə proqramı ilə bağlı müəyyən məsuliyyəti Rusiyanın üzərinə qoymuş oldu. Əgər bu bəyanatdan sonra İsrailin ABŞ-nin açıq dəstəyi ilə İrana qarşı görünməmiş hücumu başlayıbsa və davam edirsə, bu o deməkdir ki, Rusiya və ABŞ arasında etimad səviyyəsi açıq şəkildə sıfıra bərabərdir.

Rusiya açıq şəkildə narahatdır ki, İran məsələsində ABŞ və kollektiv Avropa eyni mövqedən çıxış edir. Ukrayna müharibəsinin geosiyasi məntiqi Qərbin birliyini parçalamaq məqsədi daşıyır. Amma heç bir zəmanət yoxdur ki, İranın nüvə proqramına qarşı bu Qərb həmrəyliyi bir gün Ukrayna məsələsində də təzahür etməyəcək. NATO sammiti bu baxımdan “dönüş nöqtəsi” ola bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Tramp   Putin  


Bizi "telegram"da izləyin