Nüvə beyinlərinin susdurulması: İsrailin intellektual müharibəsi

2025/06/1749808251.jpg
Oxunub: 724     13:47     13 İyun 2025    
İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri Yaxın Şərqdə geosiyasi tarazlığı tamamilə dəyişdirəcək mahiyyət daşıyır. Bu hücumlar sadəcə taktiki deyil, strateji səviyyədə İran dövlətinin hərbi və siyasi sinir mərkəzlərini hədəf alıb. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin və SEPAH komandanı general-mayor Hüseyn Salaminin öldürülməsi ölkənin hərbi strukturunun başdan zədələnməsi deməkdir. Bu, İranın yalnız operativ cavab imkanlarını deyil, eyni zamanda strateji planlaşdırma və koordinasiya qabiliyyətini iflic edir.

İran siyasi elitəsinə yaxın dairələrin də hücumdan zərər görməsi, zərbənin yalnız hərbi deyil, həm də ideoloji və siyasi güc mərkəzlərinə yönəldiyini göstərir. Xameneyinin yaxın müşaviri Əli Şəmxaninin ağır yaralanması rejimin ən yüksək qərarverici dairələrinin də təhlükədə olduğunu sübut edir. Bu, həmçinin İranın siyasi dayanıqlığı və qərarvermə sistemində potensial bir boşluq yaratmaq məqsədi daşıyır. Belə bir hücumun sükutu pozan cəbhəsi təkcə fiziki deyil, daxili siyasi dinamikanı silkələməyə yönəlmiş psixoloji təzyiqdir.

Zərbələrin nüvə proqramına yaxın fiqurları da hədəf alması – İran Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançinin öldürülməsi – İsrailin strateji planlamasının yalnız hərbi deyil, eyni zamanda elmi və texnoloji güc strukturlarını zəiflətməyə yönəldiyini göstərir. Bu, İranın nüvə proqramının gələcəkdə inkişafı üçün zəruri olan intellektual və təşkilati dayaq nöqtələrinin sıradan çıxarılmasıdır. Belə bir yanaşma təkcə obyektlərin deyil, o obyektləri formalaşdıran beyinlərin hədəf alınmasıdır.

İsrailin bu əməliyyatı uzun müddətə planlaşdırdığı və əməliyyatın məqsədinin təkcə bir hərbi cavabdan ibarət olmadığını göstərir. “Aslan Milləti” adlandırılan bu hücum həm də İranın daxili sabitliyinə, qərarverici mərkəzlərinə və texnoloji güc mərkəzinə qarşı “başsızlaşdırma” taktikasıdır. İsrail bununla İranın mümkün cavablarını ləngitmək, güclü strateji planlamanı çökdürmək və regionda güc balansını birmənalı şəkildə öz xeyrinə dəyişmək istəyir.

İranın cavabı isə bu mərhələdə simvolik xarakter daşıyır: qisas bayrağının qaldırılması və 100-ə yaxın dron buraxılması. Lakin bu, vəziyyəti bərabərləşdirmir. İranın müasir hərbi hava gücü olmadığından cavab tədbirləri ya asimmetrik olacaq, ya da uzunmüddətli proksi müharibəsi səviyyəsinə çəkiləcək. Bu da gərginliyin sadəcə İsrail və İran arasında deyil, bütün bölgə üzrə yayılması deməkdir, xüsusilə də ABŞ və müttəfiqlərinin regional bazaları, neft infrastrukturu və logistika xətləri təhlükəyə girə bilər.

Eyni zamanda bu hadisələr İran-ABŞ danışıqlarının altıncı raundu ərəfəsində baş verir. ABŞ daxilində İranın danışıqlara gəlməyəcəyini iddia edən dairələr bu nəticələri “hər şey biz dediyimiz kimi baş verdi” arqumenti olaraq təqdim edir və İsrailin əməliyyatlarına “yaşıl işıq” yandırıldığı ehtimalını gücləndirir. ABŞ bu mərhələdən sonra ya İranı danışıqlara məcbur etməyə çalışacaq, ya da birbaşa müdaxilə alternativini dəyərləndirəcək.

Cənubi Qafqaz da bu gərginlikdən kənarda deyil. İranın zəifləməsi bölgədəki geosiyasi balanslara təsir edir. Ermənistanın bu fonda özünü geosiyasi oyunların mərkəzinə çəkməsi və Avropa Şurasının bölgəyə marağının artması da bunu təsdiqləyir. Azərbaycan və Türkiyənin strateji əməkdaşlığını daha da dərinləşdirməsi bu proseslərin Cənubi Qafqazda yeni güc balansları formalaşdıracağı ehtimalını artırır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Müharibə   Hücum  


Bizi "telegram"da izləyin