ROKETSAN və “Leonardo” Cakartada müdafiə sənayesi əməkdaşlıq müqaviləsi imzalayıb

2025/06/1749713025.jpg
Oxunub: 364     16:12     12 İyun 2025    
Türkiyənin müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan ROKETSAN ilə İtaliyada yerləşən müdafiə və aviasiya şirkəti “Leonardo” müdafiə sahəsində strateji əməkdaşlıqlarını gücləndirmək üçün mühüm addım atıb.

Ordu.az xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada keçirilən “Indo Defence 2025” sərgisi çərçivəsində tərəflər anlaşma memorandumu imzalayıblar.

ROKETSAN-ın rəsmi “X” hesabında verilən açıqlamada müqavilənin iki şirkətin qlobal bazarlara yönəlmiş uzunmüddətli, genişmiqyaslı və strateji əməkdaşlıqlar qurması məqsədi daşıdığı ifadə edilib.

“Müdafiə sənayesində ortaq imkanları qiymətləndirmək və əməkdaşlığımızı gücləndirmək üçün “Indo Defence 2025” çərçivəsində “Leonardo” ilə anlaşma memorandumu imzaladıq. Ortaq vizyonumuza uyğun olaraq uzunmüddətli layihələri inkişaf etdirməyi və qlobal bazarlarda varlığımızı artırmağı hədəfləyirik”, - deyə açıqlamada qeyd edilib.

Sözügedən əməkdaşlığa texnologiya transferi, birgə istehsal layihələri, tədqiqat və təkmilləşdirmə fəaliyyətləri, üçüncü ölkə bazarları üçün həllərin hazırlanması daxildir. NATO-ya üzv olan iki ölkənin bu sahədəki strateji tərəfdaşlığı Avropa və qlobal müdafiə bazarlarında rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Bu razılaşma Türkiyə ilə İtaliya arasında son zamanlar geniş vüsət alan müdafiə və təhlükəsizlik əməkdaşlığında yeni addım hesab olunur. “Baykar” və “Leonardo” arasında imzalanan insansız sistemlər sahəsində əməkdaşlıqdan sonra ROKETSAN ilə bu müqavilə iki ölkə arasında strateji müdafiə tərəfdaşlığının inkişaf etdiyini göstərir.

ROKETSAN və “Leonardo” arasında imzalanan bu müqavilə Türkiyə müdafiə sənayesinin qlobal baxışını gücləndirən bir inkişaf kimi önə çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Leonardo   Cakarta  


Bizi "telegram"da izləyin