“ReArm Europe” və “Readiness 2030” planları çərçivəsində formalaşdırılan SAFE üzv ölkələrə müdafiə investisiyaları üçün 150 milyard avro dəyərində münasib şərtlərlə kredit verir.
SAFE-nin prioritetlərinə aşağıdakılar daxildir:
“Avropa Müdafiə Texnologiyası və Sənaye Bazası”nı (EDTIB) gücləndirmək,
Ən azı iki Aİ ölkəsi arasında birgə müdafiə satınalmalarını təşviq etmək,
Hava hücumundan müdafiə, artilleriya və PUA-lar kimi kritik imkan boşluqlarını aradan qaldırmaq,
Ukraynaya edilən yardımlar səbəbilə azalan ehtiyatları bərpa etmək,
Özəl sektor investisiyalarını cəlb etmək üçün şəffaflığı artırmaq.
SAFE proqramı EDIRPA, ASAP və EDIP kimi mövcud Aİ proqramlarını tamamlayacaq şəkildə hazırlanıb. Kreditin 65%-i Aİ və ya “Avropa İqtisadi Zonası”na (EEA) daxil olan ölkələrdəki şirkətlərə, 35%-i isə Türkiyə, ABŞ və ya Böyük Britaniya kimi Aİ-yə daxil olmayan təchizatçılara ayrılır.
Lakin Soyuq Müharibədən sonra müdafiə sənayesinə kifayət qədər investisiya qoyulmadığı üçün Aİ-nin hərbi qabiliyyəti zəif vəziyyətdədir. Bir çox Avropa ölkəsi müdafiə istehsalat müəssisələrini başqa sahələrə yönəldib, bu isə ixtisaslı işçi qüvvəsi, istehsal gücü və logistik çeviklik çatışmazlığı yaradıb.
Türkiyənin texniki imkanları və strateji töhfə potensialı
Türkiyə NATO ilə uyğun və güclü ixrac göstəricilərinə sahib rəqabətli bir müdafiə istehsalçısına çevrilib. 2024-cü ildə müdafiə və aerokosmik ixracı 180-dən çox ölkəyə 7,1 milyard dolları keçib. Türkiyənin SAFE-yə potensial töhfələri əsasən bu sahələrdə önə çıxır:
Pilotsuz Uçuş Aparatları:
“Bayraktar TB2” və ANKA kimi sistemlər, sürətli təminat, münasib qiymət və döyüşdə sübut olunmuş etibarlılığı ilə Avropa ölkələrinin təcili ehtiyaclarına cavab verə bilər.
Raketlər:
ROKETSAN və MKE kimi şirkətlər 155mm artilleriya mərmiləri, raketlər, tank əleyhinə raketlər (UMTAS) və idarə olunan sistemlər (SOM, “Atmaca”) istehsal edir. Türkiyə NATO standartlarında ehtiyat tələblərini tez təmin edə bilər.
Zirehli Texnika:
“Otokar”, FNSS, “Nurol Makina” və BMC kimi şirkətlərin istehsal etdiyi MRAP, APC və taktiki nəqliyyat vasitələri Ukrayna, Macarıstan, Rumıniya və Estoniya tərəfindən fəal şəkildə istifadə olunur. Aşağı vahid qiyməti, kiçik miqyaslı Aİ orduları üçün əlavə üstünlükdür.
Radioelektron Mübarizə, Radar və Rabitə Sistemləri:
ASELSAN-ın KORAL radioelektron mübarizə sistemi, AESA radarlar və şifrəli rabitə həlləri NATO standartlarına uyğun və döyüş təcrübəsi ilə təsdiqlənib.
Hava Platformaları və Mühərriklər:
KAAN 5-ci nəsil qırıcı təyyarə layihəsi, “T129 Atak” helikopterləri və TEI-nin yerli mühərrik inkişafı, ixtisaslaşmış texnologiyalar təqdim edə bilər. “Rolls-Royce” və “Leonardo” kimi tərəfdaşlıqlar da mövcuddur.
Türkiyə SAFE ekosistemində birgə istehsal, Ar-Ge əməkdaşlıqları və texnologiya paylaşımında da iştirak edə bilər.
Məsələn:
“Nurol Makina”nın Macarıstandakı birgə müəssisəsi,
“Otokar”ın Rumıniyadakı istehsalı,
“Baykar”ın “Piaggio Aerospace”i alması.
Bu addımlar Türkiyənin sırf təchizatçıdan strateji birgə istehsalçıya çevrildiyini göstərir.
Türkiyənin NATO və Aİ qüvvələri ilə texniki uyğunluğuna baxmayaraq, SAFE-yə tam inteqrasiyası siyasi səbəblərlə məhdudlaşa bilər. SAFE-də veto hüququ olmasa da, Fransa, Yunanıstan, Cənubi Kipr və Avstriya kimi ölkələr səlahiyyətli çoxluq səsverməsi ilə Türkiyənin fondlara çıxışını bloklaya bilər.
Lakin bu vəziyyət Aİ-nin öz hədəfləri ilə ziddiyyət təşkil edir:
Türkiyənin xaricdə qalması münasib qiymətli və NATO-ya uyğun sistemlərə çıxışı məhdudlaşdırır;
Avropanın sürətli istehsal imkanını zəiflədir;
Aİ-nin strateji muxtariyyət hədəfini riskə atır.
Çıxış Yolları:
Türk şirkətləri məhdudiyyətləri aşmaq üçün hibrid modellər inkişaf etdirə bilər:
Aİ daxilində törəmə şirkətlər yaratmaq,
“Offset” müqaviləli birgə istehsal modelləri başlatmaq,
Lisenziya və yerli tərəfdaşlıqla inteqrasiya olunmaq.
Bu yolla, 65%-lik Aİ istehsal şərti yerinə yetirilərkən, Türkiyənin imkanlarından da istifadə etmək olar. Kayseri, Eskişehir, İzmir və Konya kimi müdafiə klasterləri mühəndislik yönümlü inteqrasiya mərkəzləri kimi istifadə edilə bilər.
Bundan əlavə, bu əməkdaşlıqlar təkcə subpodratçılıq deyil, həm də “nou-hau” transferi, sınaq mədəniyyəti və innovasiya potensialı tələb edir. Türkiyə Avropanın müdafiə ekosistemində “kölgə Ar-Ge tərəfdaşı” rolunu oynaya bilər.
Sonda, Türkiyənin coğrafi mövqeyi, döyüş təcrübəsi və sənaye çevikliyi Cənubi Koreya kimi uzaq təchizatçılarla müqayisədə əsas üstünlüklər təqdim edir. Aİ-nin üçüncü ölkələrdən asılılığı SAFE proqramının lokallaşdırma hədəfi ilə ziddiyyət təşkil edir. Halbuki Türkiyə həm əməliyyat tələblərini, həm də siyasi meyarları qarşılamaq potensialına malikdir.
Firuz Bağırov
Ordu.az