Nazir bildirib ki, İran İsrailin nüvə proqramları və obyektləri, həmçinin ABŞ və Aİ ilə İsrailin münasibətləri ilə bağlı gizli sənədlərə çıxış əldə edib və bu sənədləri “xəzinə” kimi dəyərləndirib. Onun sözlərinə görə, bu məlumatlar İranın danışıqlardakı mövqelərini daha da gücləndirəcək.
Əvvəlki gün isə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu söhbət aparıblar və bu zaman İranla danışıqların yaxın raundunu müzakirə ediblər. ABŞ Prezidenti İranla bağlı işin çətin olduğunu qeyd edərək demişdi: “Çətindir, onlar əla danışıqlar aparırlar”. Maraqlıdır ki, görəsən ABŞ Prezidenti “çətinliyi” məhz İranın İsraillə bağlı dəyərli gizli sənədlərə çıxış əldə etməsi və bununla da mövqeyini gücləndirməsi fonunda etiraf edib?
Eyni zamanda, ABŞ Prezidenti bu şəkildə bəlkə də İsrail Baş naziri Netanyahunun İrana qarşı güc metodologiyasının tətbiqinə yönəlik doymayan istəyini cilovlamağa çalışır. Hər bir halda, diqqətçəkəndir ki, ABŞ Prezidenti faktiki olaraq İranın danışıq bacarığını tərifləyir. Netanyahu isə Yaxın Şərqdə hadisələrin, belə desək, qeyri-güc yolu ilə inkişafını öz siyasi perspektivləri üçün bəlkə də ən əlverişsiz ssenari kimi görür. Digər tərəfdən isə, əgər ABŞ Yaxın Şərqdə güc siyasətinə üstünlük verərsə, bu, Tramp üçün olduqca mənfi nəticələrə səbəb ola bilər.
Bu kontekstdə Tramp, ola bilsin, İranın İsrailə qarşı əldə etdiyi kəşfiyyat məlumatları fonunda müəyyən bir məmnunluq da hiss edir. Belə qiymətli məlumat paketinə İranın çıxış əldə etməsi Trampa Netanyahuya qarşı əlavə arqumentlər verə bilər, çünki İsrail hökuməti faktiki olaraq gizli sənədlərin təhlükəsizliyini təmin edə bilməyib. Əlbəttə, İran ətrafında vəziyyətin dönüş nöqtəsinə gəlib çatmasından danışmaq hələ tezdir, lakin görünür ki, proses kritik mərhələyə daxil olub.
Asif Cəfərov
Ordu.az