Ordu.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Pakistan Hərbi Hava Qüvvələri ən çoxu 40 ədəd J-35A qırıcı təyyarəni inventarına daxil etməyi planlaşdırır. Bu inkişaf Pakistanı J-35A platformasının ilk xarici müştərisi edir.
J-35A təyyarələri “Shenyang Aircraft Corporation” tərəfindən hazırlanıb və ilk dəfə 2024-cü ildə “Zhuhai Airshow” sərgisində ictimaiyyətə təqdim olunub. Daha öncə Çin Donanmasına məxsus aviadaşıyıcı göyərtələrində sınaq uçuşları zamanı görüntülənmiş bu platforma Çinin aviadaşıyıcılar üçün hazırladığı ilk “stealth” qırıcı statusuna malikdir.
Pakistan rəsmiləri, son günlərdə ilk pilotların J-35A təlimləri üçün Çinə getdiyini də açıqlamışdı. Rəsmi təsdiqlə birlikdə, ilk təhvil-təslimin yaxın aylarda başlanacağı gözlənilir.
Pakistan Hərbi Hava Qüvvələri hazırda “JF-17 Thunder” və Çin istehsalı J-10CE təyyarələri ilə təchiz olunub. Xüsusilə J-10CE təyyarələrinin Hindistanla baş verən toqquşmalarda istifadə edildiyi məlumdur. Yeni J-35A təyyarələrinin əlavə olunması ilə Pakistan hava döyüş imkanlarında beşinci nəsil texnologiyaya keçid edəcək.
Bundan əlavə, Pakistan Çindən KJ-500 erkən xəbərdarlıq və idarəetmə təyyarələri ilə HQ-19 ballistik raketdən müdafiə sistemləri almağa da hazırlaşır. Bu tədarüklər, xüsusilə Hindistanla artan gərginlik fonunda ölkənin hava müdafiə şəbəkəsini gücləndirməyi hədəfləyir.
Çinin J-20 və J-35 tandemi ABŞ-nin F-22 və F-35 təyyarələrinin missiya bölgüsünü xatırladır. Bu kontekstdə J-20 hava üstünlüyü üçün nəzərdə tutularkən, J-35 daha çox çoxfunksiyalı və xüsusilə aviadaşıyıcı əməliyyatları üçün hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az