Ukrayna 2025-ci ildə yerli silah istehsalını genişləndirmək üçün 1,3 milyard avro maliyyə alacaq

2025/06/1749459478.jpg
Oxunub: 438     21:13     09 İyun 2025    
Ukrayna 2025-ci il ərzində yerli hərbi sənayeni gücləndirmək məqsədilə “Danimarka modeli” çərçivəsində ümumilikdə 1,3 milyard avroluq dəstək alacaq.

Ordu.az xəbər verir ki, Ukrayna Müdafiə Naziri Rüstem Umerov “Ramstein formatı”nda keçirilən Müdafiə Əlaqə Qrupu görüşündə Danimarka Müdafiə Naziri Troels Lund Poulsen ilə görüşüb.

İki nazir Danimarka, İsveç, Norveç, Kanada və İslandiyanın dəstəyi ilə ayrılan ilk 428 milyon avroluq hissənin qısa zamanda ötürülməsi barədə razılığa gəlib.

Bu vəsaitlə Ukrayna istehsalı artilleriya sistemləri, zərbə PUA-ları, raketlər və tank əleyhinə silahlar hazırlanacaq. Bu məbləğin bir hissəsi Qərb ölkələrində dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən təmin ediləcək.

Umerov, həmçinin Ukrayna hərbi sənaye şirkətlərinin “Ramstein ölkələri”ndə birbaşa investisiya qoyması və Avropa müdafiə firmalarının Ukraynada istehsal obyektləri qurması üçün yeni strategiyaların hazırlandığını bildirib.

Qeyd edək ki, “Danimarka modeli” modeli Ukraynanın öz silah sənayesini inkişaf etdirməsi üçün müttəfiq ölkələrdən investisiya əldə edərək istehsalı lokallaşdırmağı hədəfləyir. Müqabilində isə partnyor ölkələr Ukrayna texnologiyalarına çıxış əldə edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Silah  


Bizi "telegram"da izləyin