Malayziya “Anka-S” PUA-larını 2025-ci ilin sonuna qədər təhvil alacaq – ƏTRAFLI

2025/06/1749458918.jpg
Oxunub: 499     19:47     09 İyun 2025    
Malayziya Kral Hava Qüvvələrinə (RMAF) TUSAŞ istehsalı “Anka-S” Pilotsuz Uçuş Aparatları (PUA) və P-72M dəniz patrul təyyarələrinin tədarükü sahəsində ciddi irəliləyiş əldə olunub.

Ordu.az xəbər verir ki, bu inkişaflar “2025 LIMA-Langkawi” Beynəlxalq Dənizçilik və Aviasiya Sərgisi çərçivəsində ictimaiyyətlə paylaşılıb.

Məlumata görə, TUSAŞ rəsmiləri üç ədəd “Anka-S” tipli PUA-nın istehsalının tamamlandığını, pilot və operator təlimlərinin uğurla başa çatdığını açıqlayıb. Bu PUA-ların 2025-ci ilin sonuna qədər Malayziyaya təhvil verilməsi planlaşdırılır.

TUSAŞ “Anka”ların yerləşdiriləcəyi “Labuan Hava Bazası”ndakı anqarı yerli tərəfdaş “G7 Aerospace” şirkətindən rəsmi olaraq təhvil alıb. Anqar son 12 ayda “Anka” sistemlərinə uyğun şəkildə modernləşdirilib. Yerüstü dəstək avadanlıqları da “G7 Aerospace” ilə əməkdaşlıq çərçivəsində qurulub.

Malayziyaya təhvil veriləcək “Anka-S” PUA-larının dəniz müşahidə və kəşfiyyat missiyaları üçün xüsusi sensorlar və dəyişdirilmiş qanad strukturu ilə təchiz edildiyi bildirilib. Bu platformalar silahsız şəkildə xidmət göstərəcək və Cənubi Çin Dənizi və Filippin sahilləri ilə sərhəd olan akvatoriyalarda müşahidə aparacaq.

RMAF səlahiyyətliləri ikinci bir “Anka” parkının yaradılmasının nəzərdən keçirildiyini və bu yeni birliyin Sabah əyalətində yerləşdirilməsinin planlaşdırıldığını bəyan ediblər.

Malayziya P-72M dəniz patrul təyyarələrini 2026-cı ilin sonunda alacaq

Malayziya İtaliyanın “Leonardo” şirkətindən sifariş etdiyi ATR 72 bazasında hazırlanmış P-72M dəniz patrul təyyarələri ilə bağlı prosesdə də irəliləyiş əldə edib. Malayziya Müdafiə naziri Xaled Nordin mayın 11-də “Leonardo”nun Torinodakı istehsalat obyektinə səfəri zamanı ilk təyyarənin 60%-nin tamamlandığını və təslimatın 2026-cı ilin sonunda həyata keçiriləcəyini açıqlayıb.

Nazir Nordin P-72M platformalarının sualtı müharibə (ASW) qabiliyyətləri ilə təchiz ediləcəyini təsdiqləyib. Bu xüsusiyyəti ilə Malayziya bu bacarığa sahib ilk ATR 72 bazasında hazırlanmış patrul təyyarəsinə malik ölkə olacaq.

Rəsmilər təyyarələrin əsas baza kimi “Kuantan Aviabazası”nda yerləşdiriləcəyini, lakin Yarımada Malayziya və Şərqi Malayziyada alternativ bazaların da nəzərdən keçirildiyini qeyd ediblər.

TUSAŞ-Malayziya əməkdaşlığı genişlənir

“G7 Aerospace” rəsmiləri “Anka” layihəsində qurulan ortaqlığın gələcəkdə Malayziya və bölgə ölkələri üçün KAAN kimi yeni nəsil platformaları da əhatə edəcək şəkildə genişlənəcəyini bildirib.

Qeyd edək ki, Malayziya “Anka” və P-72M satınalmalarını ilk dəfə 2023-cü ildə keçirilən LIMA sərgisində rəsmi şəkildə elan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Anka-S  


Bizi "telegram"da izləyin