Kanada ABŞ-nin “Qızıl Günbəz” sisteminə qoşulmağı nəzərdən keçirir

2025/05/1748688049.jpg
Oxunub: 1093     18:40     31 May 2025    
Kanadanın Baş naziri Mark Karni ölkəsinin ABŞ-nin hərtərəfli “Qızıl Günbəz” raketdən müdafiə sisteminə qoşulmağı nəzərdən keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Ottavada keçirdiyi mətbuat konfransında danışan Karni bu məsələ ilə bağlı yüksək səviyyəli müzakirələrin davam etdiyini, lakin hələ də dəqiq maliyyə töhfəsinin müəyyən edilmədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən “Qızıl Günbəz” sistemi qitəni ballistik raketlər, hipersəs silahları və inkişaf etmiş qanadlı raketlər kimi təhdidlərdən qoruyacaq çoxtəbəqəli müdafiə arxitekturası olaraq planlaşdırılır.

Tramp sistemin üç il ərzində işə düşə biləcəyini bildirib. Bununla belə, layihədə istifadə olunacaq bəzi kosmos texnologiyalarının hələ sınaq mərhələsində olduğu məlumdur.

Onun dəyəri kifayət qədər yüksəkdir. Tramp layihənin ümumi dəyərinin 175 milyard dollar ola biləcəyini desə də, ABŞ Konqresinin Büdcə Ofisi bu rəqəmin 20 il ərzində 542 milyard dolları keçə biləcəyini hesablayıb. Tramp, həmçinin deyib ki, Kanada layihəyə “ədalətli töhfə” verməlidir.

Kanada və ABŞ 1950-ci illərdən Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) çətiri altında ortaq müdafiə strukturuna malikdir. Kanada 2022-ci ildə NORAD-ın modernləşdirilməsi üçün 38,6 milyard Kanada dolları (təxminən 27 milyard ABŞ dolları) uzunmüddətli büdcə ayırıb. Bu sərmayənin bir hissəsi olaraq mart ayında Avstraliya mənşəli yeni radar sistemi elan edilib.

Baş nazir Karni seçki kampaniyası zamanı ABŞ ilə təhlükəsizlik sahəsində qeyri-məhdud inteqrasiya dövrünün bitdiyini vurğulamışdı. Onun “Qızıl Günbəz” layihəsinə yanaşması da bu strateji istiqamət dəyişikliyinin bir hissəsi kimi qiymətləndirilir.

Karni, həmçinin ABŞ-nin tamamlamaq istədiyi F-35 döyüş təyyarəsi alqı-satqısı müqaviləsinin yenidən nəzərdən keçirildiyini və qiymətləndirmənin davam etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ  


Bizi "telegram"da izləyin