Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.
Mayın 28-də Berlində imzalanan, dəyəri 2,2 milyard avro (təxminən 2,5 milyard dollar) olan müqavilə Ukraynanın müharibə başlayandan etibarən ən böyük HHM satınalmalarından biridir.
Ukrayna Müdafiə Nazirliyi razılaşmanın prezident Vladimir Zelenskinin Almaniyaya səfəri zamanı rəsmiləşdirildiyini açıqlayıb.
Tədarük cədvəli və sistemlərin sayı ilə bağlı rəsmi açıqlama verilməsə də, təhlillər göstərir ki, bu büdcə IRIS-T sistemləri və sursatlarının geniş miqyaslı alınmasına imkan verir.
Bu maliyyə Almaniyanın Ukraynaya hər il 5 milyard avro hərbi dəstək vermək öhdəliyinin bir hissəsi olacaq.
Almaniyanın müdafiə mənbələrinə görə, bu alış ixrac deyil, daxili alış kimi həyata keçiriləcək. Bu, xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
IRIS-T ailəsinə 12 km mənzilli SLS, 40 km mənzilli SLM və 80 km mənzilli SLX variantları daxildir ki, bunlar da hazırda inkişaf etdirmə mərhələsindədir. Ukrayna hazırda SLS və SLM variantlarından istifadə edir.
Sevinc Əliyeva
Ordu.az