Beynəlxalq PUA Koalisiyası Ukraynaya 2,75 milyard avro yardım vəd edib

2025/05/1748668633.jpg
Oxunub: 515     11:58     31 May 2025    
Beynəlxalq Pilotsuz Uçuş Aparatı (PUA) Koalisiyasına üzv ölkələr 2025-ci ilə qədər Ukraynaya ümumilikdə 2,75 milyard avro hərbi yardım göstərməyi öhdələrinə götürüblər.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya ilə birgə təşəbbüsü əlaqələndirən Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

May ayının sonuna olan məlumata görə, koalisiya üzvləri Böyük Britaniyanın rəhbərlik etdiyi birgə PUA satınalma fonduna 180 milyon avroya yaxın töhfə veriblər.

Bu fond koalisiya ölkələrinin öz milli dəstək proqramlarına əlavə olaraq pilotsuz uçuş sistemlərini mərkəzləşdirilmiş qaydada satın almağı hədəfləyir.

Bu il Latviya koalisiya çərçivəsində PUA alışlarına 20 milyon avro, Latviya-Ukrayna müdafiə sənayesi əməkdaşlığı layihələrinə əlavə 10 milyon avro ayırmağı planlaşdırır.

Latviyanın müdafiə naziri Andris Spruds Beynəlxalq PUA Koalisiyasının Riqada keçirilən Zirvə Toplantısında Türkiyə və Belçikanın koalisiyaya qoşulmaq niyyəti barədə rəsmi bəyanatlar verdiklərini açıqlayıb.

“Beynəlxalq koalisiya getdikcə güclənir. Biz Ukraynanı daha çox PUA ilə təmin edə, Latviya, Avropa İttifaqı və NATO ölkələrinin müdafiə sənayesini gücləndirə biləcəyik. Bizim gücümüz birliyimizdədir. Yeni müttəfiqlərin iştirakı bizə Ukraynaya lazımi dəstəyi daha effektiv şəkildə göstərməyə imkan verəcək”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beynəlxalq   PUA   Koalisiya   Ukrayna  


Bizi "telegram"da izləyin