Y-20 nəqliyyat təyyarəsi platforması əsasında hazırlanan bu yeni nəsil radar təyyarəsi Çinin regiondakı hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir.
İlk görüntülər və dizayn detalları
Keçən ilin dekabr ayında aşağı keyfiyyətli ilk fotoları mətbuata sızan KJ-3000 Çinin bu sahəyə etdiyi böyük sərmayənin son nümunəsi kimi diqqət çəkir.
Yeni yayımlanan və Çində adı açıqlanmayan bir hərbi hava bazasında çəkildiyi ehtimal edilən görüntülərdə təyyarənin hələ astar boya ilə örtülü olduğu və gövdəsinin ön hissəsində “7821” seriya nömrəsinin aydın şəkildə göründüyü qeyd olunur. Bu seriya nömrəsinin hazırda mövcud olan yeganə prototipə aid olduğu düşünülür.
Görüntülərdə təyyarənin arxa gövdəsinin üzərinə yerləşdirilmiş xarakterik böyük dairəvi radar qübbəsi (rotodome) və kokpitin üzərində yerləşən havada yanacaq doldurma borusu diqqət çəkir.
Bundan əlavə, gövdənin ön üst hissəsində düzülmüş anten sıraları və Y-20 yük təyyarəsi ilə müqayisədə quyruq hissəsinin altındakı – ehtimal ki, daxili elektron sistemlərin soyudulması üçün nəzərdə tutulmuş – böyük hava girişi də təyyarənin digər mühüm dizayn xüsusiyyətləri arasındadır.
KJ-2000-in yerini alacaq
KJ-3000 uzun müddətdir ki, Çinin mövcud ən böyük xüsusi AEW&C təyyarəsi olan “KJ-2000 Mainring” modelini əvəz edəcək bir platforma kimi qiymətləndirilirdi.
“İlyuşin Il-76MD Candid” tipli dörd mühərrikli başqa bir yük təyyarəsi üzərində qurulan KJ-2000-lərin əməliyyat səmərəliliyi yüksək olsa da, Çinin bu təyyarələrdən daha çox istehsal edə bilməməsi Rusiya istehsalı olan Il-76MD platformalarının məhdud mövcudluğu ilə bağlı idi.
Bu vəziyyət yerli istehsal olan Y-20 yük təyyarəsinin, xüsusilə də 2020-ci ildə xidmətə daxil olan inkişaf etmiş Y-20B modelinin KJ-2000-in varisi kimi tez bir zamanda ön plana çıxmasına səbəb oldu.
Y-20B Rusiya istehsalı D-30KP-2 mühərrikləri ilə müqayisədə əhəmiyyətli irəliləyiş sayılan yerli istehsal WS-20 yüksək baypaslı turbofan mühərrikləri ilə təchiz edilib.
İnkişaf etmiş qabiliyyətlər
KJ-3000-in 20 ildən çox əvvəl ilk uçuşunu həyata keçirən KJ-2000 ilə müqayisədə hansı əlavə imkanlara sahib olacağı hələ dəqiq bilinməsə də, daha inkişaf etmiş bir platforma olacağı gözlənilir.
KJ-2000-in radarının təxminən 480 km (300 mil) mənzilə sahib olduğu və eyni anda yüzlərlə hava hədəfini izləyə bildiyi məlumdur. Mövcud görüntülər KJ-3000-in KJ-2000-dəki üçlü anten düzümü əvəzinə iki antenli radar sistemindən istifadə edə biləcəyinə işarə etsə də, bu məlumat hələlik təsdiqlənməyib.
Səmərəli mühərrikləri və havada yanacaq doldurma qabiliyyəti sayəsində KJ-3000-in mənzil, əməliyyat müddəti və fəaliyyət hündürlüyü baxımından əhəmiyyətli üstünlüklər təqdim etməsi gözlənilir.
Daha yüksək hündürlükdə fəaliyyət göstərə bilməsi, xüsusilə aşağıdan uçan təyyarə və raketlərin yerüstü radar tərəfindən aşkarlanmadığı hallarda “aşağıya baxış” (look-down) imkanlarını artıraraq kritik üstünlük təmin edə bilər.
Pentaqonun keçən ilin sonunda yayımladığı Çin ordusunun hərbi gücünə dair hesabatda da Pekinin AEW&C təyyarələrinə havada yanacaq doldurma qabiliyyəti qazandırma səylərinə toxunulmuşdu.
Hesabatda qeyd edilirdi: “Çin Xalq Respublikasının ən inkişaf etmiş AEW&C təyyarəsi olan KJ-500-ün istehsalı və təhvil verilməsi sürətlə davam edir... Həmçinin, Çin ən azı bir ədəd KJ-500 təyyarəsini havada yanacaq doldurma borusu ilə təchiz edib, bu da təyyarənin fasiləsiz AEW&C əhatə qabiliyyətini artıracaq”.
KJ-3000-in yalnız radar deyil, həm də kəşfiyyat, müşahidə və axtarış (ISR) qabiliyyətlərinə sahib olması güman edilir. Bundan az əhəmiyyətli olmayan digər bir xüsusiyyət isə Çin ordusunun ümumilikdə maraq göstərdiyi və xüsusilə Hind-Sakit okean kimi geniş coğrafiyalarda önəmli rol oynaya biləcək şəbəkə mərkəzli döyüş qabiliyyəti sahəsində mərkəz rolunu oynamaq potensialıdır.
Çinin çoxölçülü AEW&C strategiyası
KJ-3000-in xidmətə girməsi PLAAF üçün əhəmiyyətli bir addım hesab edilir, çünki bu, həm daha inkişaf etmiş bir platformaya keçidi təmin edəcək, həm də Rusiyadan asılı olan və texniki xidmət məsələləri ilə üzləşən yaşlanan KJ-2000 parkına nisbətən daha böyük sayda təyyarənin hazırlanmasına imkan verəcək.
Eyni zamanda, KJ-3000-in inkişaf etdirilməsi və modernləşdirilməsi daha asan olacaq və potensial olaraq ixracat bazarına da təqdim edilə biləcək. Daha əvvəl Çindən radar təyyarələri tədarük etmiş və Hindistanla yaşadığı son toqquşmalarda bu təyyarələrdən faydalandığı ehtimal edilən Pakistan bu yeni platformaya maraq göstərə biləcək ölkələr arasında qeyd olunur.
Çin AEW&C təyyarə parkını genişləndirmək üçün unikal və çoxqatlı bir yanaşma tətbiq edir.
Ağır sinifə aid KJ-3000 ilə yanaşı, Y-9 nəqliyyat təyyarəsi bazasında hazırlanmış və aralarında KJ-700-ün də olduğu radar təyyarəsi parkı da böyüyür.
KJ-700-ün həm havadan radar, həm də hava, dəniz və ehtimal ki, quru hədəflərini izləyə bilən elektro-optik və infraqırmızı sensorlarla təchiz edilmiş “çoxməqsədli kəşfiyyat” təyyarəsi olduğu ehtimal olunur. Bu daha kiçik turbovint AEW&C platformaları səpələnmiş və ya ön mövqedə yerləşən bazalardan əməliyyatlar üçün xüsusilə uyğundur və Çin adalarındakı bazalarda, eləcə də strateji əhəmiyyətə malik Tayvan Boğazında mütəmadi olaraq müşahidə olunur.
KJ-3000-in hansı növ radar və digər vəzifə sistemləri ilə təchiz olunacağı hələ dəqiq məlum olmasa da, onun inkişaf etdirilməyə davam etməsi Çinin genişlənən AEW&C imkanlarının mühüm hissəsi kimi qiymətləndirilir.
Ən azı, daha böyük və reaktiv mühərrikli gövdənin ölkənin kiçik, lakin imkanları sürətlə artan turbovint AEW&C təyyarələrini tamamlayan əsas komponent kimi çıxış edəcəyi vurğulanır.
Dəyanət Ağalarlı
Ordu.az