ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra döyüşlər dayandırıldı. Lakin “Reuters” agentliyinin danışdığı 15 təhlükəsizlik rəsmisi, sənaye rəhbəri və analitikə görə, ötən il müdafiə xərcləri 96 milyard dolları keçmiş bu iki qonşu nüvə dövləti indi pilotsuz sistemlər üzərindən yeni bir silahlanma yarışına giriblər.
“Drone Federation India”dan Smit Şah bildirib ki, Hindistan yerli PUA sənayesinə böyük sərmayə qoymağı planlaşdırır və önümüzdəki 12-24 ay ərzində bu sahəyə təxminən 470 milyon dollar xərcləyə bilər. Bu rəqəm Hindistanın təxminən 4,6 milyard dollarlıq təcili hərbi tədarük fondu təsdiqlədikdən sonra gündəmə gəlib.
Gözlənilir ki, Hindistan ordusu bu əlavə vəsaitin böyük bir hissəsini döyüş və kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarına ayıracaq. Bürokartik maneələrlə tanınan müdafiə alışlarında belə, hökumətin PUA istehsalçılarını sürətlə sınaq və nümayişlərə çağırması diqqət çəkir. Hindistanda yerləşən “ideaForge Technology” şirkətinin vitse-prezidenti Vişal Saxena da bu prosesi təsdiqləyir.
Pakistanın Alternativ Strategiyası: Zenit Silahları Yerinə PUA
Pakistan Hərbi Hava Qüvvələri isə daha çox PUA əldə edərək, yüksək texnologiyalı döyüş təyyarələrini riskə atmadan hava gücünü qorumağı hədəfləyir. Dehlidə 36 ədəd “Rafale” təyyarəsi olduğu halda, Pakistanın yalnız 20 Çin istehsalı J-10 döyüş təyyarəsi var.
“Janes”ə danışan Oişi Macumdar bildirir ki, Pakistan yerli PUA istehsal qabiliyyətini artırmaq üçün Çin və Türkiyə ilə əməkdaşlığı gücləndirir. Pakistan Milli Aviasiya və Kosmik Elm və Texnologiya Parkı ilə “Baykar” arasında YIHA-III pilotsuz uçuş aparatının yerli montajına dair əməkdaşlıq qurulub.
Cəbhədə Nə Baş Verdi?
Toqquşmalara səbəb aprelin 22-də Kəşmirdə əksəriyyəti Hindistan vətəndaşı olan 26 turistin öldüyü hücum oldu. Hindistan bu hücumun safarişçisinin Pakistan olduğunu iddia etdi, sonuncu isə bu ittihamı rədd etdi. 7 mayda Hindistan Pakistanda “terrorçu infrastruktur” kimi tanımladığı hədəflərə hava zərbələri endirdi.
Ertəsi gecə Pakistan Hindistana yüzlərlə PUA göndərdi. Hindistan rəsmilərinin sözlərinə görə, bu aparatların əksəriyyəti “Bharat Electronics” tərəfindən hazırlanmış radar sistemlərinə inteqrə olunmuş Sovet dövrünə aid zenit sistemləri tərəfindən zərərsizləşdirilib.
Təqaüddə olan briqada generalı Anşuman Naranq deyir ki, Hindistanın bu köhnə sistemlərlə göstərdiyi uğur “gözləniləndən çox artıq” olub.
Hindistan quru qoşunlarının uzun illərdir arsenalında olan bu sistemlər əsasən vizual nişan və manual idarəetmə əsasında qurulub. Lakin “Bharat Electronics” (BEL) tərəfindən hazırlanan radar, elektro-optik və atəş idarəetmə sistemləri ilə modernləşdirilib. BEL tərəfindən hazırlanan “Swathi WLR” və “Tactical Control Radar” (TCR) kimi radar sistemləri artilleriyanın aşkarlanması və hədəf izləməsində istifadə olunur. Sistem İsveç istehsalı olan 40 mm-lik “Bofors L70” avtomatik zenit topu və Sovet dizaynı 23 mm-lik ZU-23-2 iki lüləli zenit topundan ibarətdir. Bundan əlavə, sistem gecə-gündüz müşahidə, lazer məsafəölçən və avtomatik hədəf izləmə imkanlarına malikdir.
“Gəzən Sursat”lar və Qarşı Taktikalar
Hindistan İsrail istehsalı “Harop”, Polşa istehsalı “Warmate” və yerli sistemlərlə Pakistana dəqiq zərbələr endirib. Pakistan “Harop” kamikadze dronlarını zərərsizləşdirmək üçün saxta radar sistemləri və hündürlük azaldılması taktikalarından istifadə edib. Hər iki tərəf PUA istifadəsi ilə uğur əldə etdiyini iddia edir.
KCL-dən Valter Ladviq qeyd edir ki, bu tip hücumlar liderlərə qətiyyət nümayiş etdirmək və daxili ictimaiyyətə təsir etmək imkanı verir.
Aşağı Xərc, Yüksək Effekt
Vaşinqton mərkəzli analitik Maykl Kuqelman deyir: “PUA-lar ucuz olmasına baxmayaraq, hərbi güc nümayişi baxımından olduqca təsirlidir”. “NewSpace”dən Sameer Joşi isə bildirir ki, Hindistan “gəzən sursat” istehsalını artırmağı hədəfləyir.
“ideaForge” kimi şirkətlər də PUA-ları radioelektron mübarizə sistemlərinə qarşı daha dayanıqlı etmək üçün tədqiqat və inkişaf yatırımlarını artırır. Lakin Hindistanın PUA akkumulyatorları və maqnitləri mövzusunda Çindən asılılığı təchizat zənciri baxımından ciddi zəiflik yaradır.
Smit Şah bildirir ki, bu asılılığı qısa müddətdə həll etmək çətindir, amma uzun müddətdə təchizat zəncirini şaxələndirmək lazımdır.
Dəyanət Ağalarlı
Ordu.az