Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Demiroğlu bildirib ki, 2034-cü ilə qədər təxminən 500 “Kaan”, “Hürjet” və “Hürkuş”, 350-dən çox “Gökbey”, “Atak”, “Atak-2” və bu kimi platformaların istehsalı planlaşdırılır.
O qeyd edib ki, “Hürjet”in Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına ilk təhvilinin 2027-ci ilin əvvəlində olacağı gözlənilir.
Demiroğlu 83 “Anka” pilotsuz uçuş aparatı və 92 “Atak” helikopterinin artıq istifadəçilərin xidmətində olduğunu deyib.
Yeni bazarlara daxil olduqlarını bildirən Demiroğlu vurğulayıb: “Afrika bazarında böyüyürük. Əlcəzair, Səudiyyə Ərəbistanı, Nigeriya və Braziliyada ofislər açmaq üçün işlərə başlamışıq”.
O, 2024-cü ildə dövriyyələrinin 3 milyard dollara yaxın olduğunu, bu il üçün isə 4,3 milyard dollarlıq dövriyyə hədəflədiklərini qeyd edib.
“Hürkuş” təlim təyyarəsi üçün 55 sifariş aldıqlarını deyən Demiroğlu bildirib: “Bu sifarişlərdən 10-nu bu il təhvil veriləcək. “Hürkuş”dan 15 ədəd istehsal etmişik, bunlardan 5-i hal-hazırda istifadədədir, 7-ni də bu il maraqlı ölkələrə verməyi planlaşdırırıq”.
Demiroğlu Türkiyə HHQ Komandanlığından 16 “Hürjet” təyyarəsi üçün sifariş aldıqlarını bildirib və ötən həftə “Airbus” liderliyindəki ispan şirkətləri ilə imzaladıqları razılaşmanın əhəmiyyətinə diqqət çəkib.
O, “Hürjet”in İspaniya tərəfindən öz təlim təyyarəsi ehtiyacını qarşılamaq üçün seçildiyini bildirib.
Demiroğlu qeyd edib ki, “Hürjet” sifarişlərinin artması ölkələrin bu layihəyə ciddi yanaşmasını artıracaq.
“Türkiyə HHQ-yə ilk təhvilimiz 2027-ci ilin əvvəlində olacaq. Hazırda İspaniya üçün hədəf 2028-ci ildir”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az