KAAN Asiya-Sakit okean ölkələrinin marağını cəlb edir

2025/05/1748078836.jpg
Oxunub: 579     15:51     24 May 2025    
Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan KAAN layihəsi planlaşdırıldığı kimi irəliləyir.

Ordu.az xəbər verir ki, “Türk Havacılıq və Kosmos Sənayesi A.Ş.” (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu KAAN-ın inkişaf prosesi ilə bağlı əhəmiyyətli açıqlamalar verib.

O, təyyarənin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsinin təkcə inventara əlavə olunma prosesi olmadığını, eyni zamanda Türkiyənin texnoloji və əməliyyat səviyyəsini dünyaya nümayiş etdirən strateji bir mərhələ olduğunu vurğulayıb.

Demiroğlu layihənin hələ də inkişaf mərhələsində olduğunu, amma beynəlxalq səviyyədə mühüm maraqla qarşılandığını bildirib və əlavə edib: “Milli döyüş təyyarəsi KAAN-ın Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi, təyyarənin əməliyyat səviyyəsinə çatdığını dünyaya göstərmək üçün mühüm bir göstəricidir”.

Demiroğlunun fikrincə, KAAN xüsusilə Asiya-Sakit okean regionundakı bəzi ölkələr tərəfindən yaxından izlənir.

Bu vəziyyət, Türkiyənin müdafiə sənayesində ixrac potensialını və texnoloji imkanlarını ön plana çıxaran bir göstərici kimi dəyərləndirilir.

“Hələ inkişaf mərhələsində olmağımıza baxmayaraq, KAAN bəzi Asiya-Sakit okean ölkələri başda olmaqla bir çox ölkənin marağını cəlb edir”, - deyən Demiroğlu Türkiyənin bu marağı strateji əməkdaşlıqlara çevirməkdə qərarlı olduğunu bildirib.

2028: İlk əməliyyat eskadrilyasının təhvili

TUSAŞ-ın planına görə, KAAN layihəsinin ilk əməliyyat eskadrilyası 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.

Bu qrafik, Türkiyənin öz beşinci nəsil döyüş təyyarəsini istifadəyə verməkdə qərarlı olduğunu göstərir.

KAAN-ın yüksək manevr qabiliyyəti, aşağı radar izi, inkişaf etmiş avionika sistemləri və süni zəka əsaslı tapşırıq idarəetmə imkanları ilə Türkiyənin hava gücünə yeni bir ölçü qazandıracağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   Türkiyə  


Bizi "telegram"da izləyin