Ordu.az xəbər verir ki, Müdafiə Layihələrinin Ümumi Baxışı (“Defensie Projectenoverzicht”) 2025 illik hesabatına görə, Niderland Kral Donanmasının (RNLN) mövcud “Walrus” sinifli sualtı qayıqları və 2030-cu illərin ortalarında xidmətə girməsi planlaşdırılan “Orka” sinifli sualtı qayıqlara “Tomahawk” raketinin inteqrasiyası planı ləğv edilib.
Hesabatda qeyd edilir: “Sualtı qayıqlara uyğun “Tomahawk” modeli üçün istehsal xətti yenidən işə salınmalıdır. Bu isə uzun istehsal müddətləri və böyük maliyyə riskləri ilə müşayiət olunur. Bu səbəbdən mövcud və yeni sualtı qayıqlara “Tomahawk” inteqrasiya edilməyəcək”.
İlkin plan ABŞ-dən tədarükü nəzərdə tuturdu
2023-cü ilin aprel ayında Niderland hökuməti ABŞ-nin Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində “Raytheon” istehsalı “Tomahawk Block V” raketlərinin tədarükünü planlaşdırdığını açıqlamışdı. Bu plan RNLN inventarında olan dörd ədəd “De Zeven Provinciën” sinifli freqat və gələcəkdə Hava Hücumundan Müdafiə Gəmisi sinifinə şaquli buraxılış qurğuları ilə təchiz olunacaq “RGM-109E Tomahawk” raketini nəzərdə tuturdu, eyni zamanda “UGM-109E Tomahawk”ın torpedo borusundan atılan (TTL) versiyasının da sualtı qayıqlara inteqrasiyasını əhatə edirdi.
“Raytheon” istehsalı dayandırdı
“Raytheon” əvvəllər “TTL Tomahawk Block IV” raketlərini ABŞ və Böyük Britaniya donanmalarına təhvil vermişdi. Lakin bu modelin istehsalı bir neçə ildir dayandırılmışdı. Niderland Müdafiə Nazirliyi istehsal xəttinin yenidən açılmasının yüksək xərcli olması və uzun təhvilvermə müddətləri səbəbindən bu plandan imtina etdiyini açıqladı.
Nazirlik “TTL Tomahawk” istehsalını yenidən başlatmaq üçün bəzi ölkələrlə birgə satınalma seçimini nəzərdən keçirdi. Lakin ortaq tapılmaması və sifariş sayının az olması bu seçimi iqtisadi cəhətdən əlverişsiz etdi.
Fransız “MdCN” sistemi alternativ ola bilər
“Orka” sinifli sualtı qayıqlar üçün alternativ uzun mənzilli qanadlı raket olaraq Fransa istehsalı “MBDA Naval Cruise Missile” (“MdCN”) sisteminin nəzərdən keçirildiyi bildirilib. “MdCN” raketi hal-hazırda Fransa donanmasının “Suffren” sinifli nüvə sualtı qayıqlarına inteqrasiya edilib. Bu sualtı qayıqlar Niderland üçün nəzərdə tutulan yeni “Orka” sinifinin əsasını təşkil edir.
Suüstü gəmilərdə proses davam edir
Sualtı qayıqlar üçün “Tomahawk” planı ləğv olunsa da, suüstü gəmilər üçün tədarük prosesi davam edir. 2025-ci ilin mart ayında “HNLMS De Ruyter” freqatından “Tomahawk Block IV” raketinin uğurlu sınaq atışı həyata keçirilib. Bu çərçivədə, “Taktik Tomahawk Silah İdarəetmə Sistemi” və əlaqəli avadanlıqların tədarükünü əhatə edən FMS müraciəti ötən ay ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib.
Sevinc Əliyeva
Ordu.az