Mayın 11-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin İstanbula səfər edərək Ukrayna ilə heç bir ilkin şərt olmadan birbaşa danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Türkiyə isə bu danışıqları təşkil etməyə hazır olduğunu rəsmi şəkildə təsdiqləyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə cavabında bildirib ki, o, mayın 15-də şəxsən İstanbulda Vladimir Putini gözləyəcək.
İstanbul 2022-ci ildə Rusiya və Ukrayna nümayəndə heyətlərinə ev sahibliyi etməsi ilə tanınır. Həmin görüşdə nümayəndələri şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılamışdı. Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə vurğulayıb ki, həmin danışıqlar zamanı gələcək sazişin mətni razılaşdırılmış və hətta ilkin olaraq paraflanmışdı, lakin Ukrayna sonradan bu sənədi “zibil qutusuna atdı”.
Söhbətin hansı sənəddən getdiyi və detalları məlum deyil. “Anadolu” agentliyinin şərhçisinə görə, hazırda “üç il əvvəlki razılaşmalara qayıtmaq çox çətin olacaq”. “Nezavisimaya qazeta”nın fikrincə isə, Avropa İttifaqının aparıcı ölkələrinin xarici işlər nazirlərinin Londondakı görüşü zamanı rus-ukrayna danışıqlarından əsas gözlənti razılaşdırılıb: əvvəlcə 30 günlük atəşkəs, sonra isə siyasi müzakirələr.
Rusiya prezidenti Putinin fikrincə, atəşkəs müzakirə mövzularından biri ola bilər. Ukrayna isə israr edir ki, döyüş əməliyyatları davam etdiyi müddətdə siyasi müzakirələr mümkün deyil. İstanbul danışıqlarının vaxtının seçilməsi isə kifayət qədər intriqa doğurur. Məsələ ondadır ki, mayın 14-15-də Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı başlayacaq və məlumata görə, bu görüşdə alyansın baş katibi Rutte də iştirak edəcək.
“Nezavisimaya qazeta”nın şərhçisinin fikrincə, Rusiya və Ukrayna nümayəndə heyətləri hansı səviyyədə olursa-olsun, Zelenski mayın 15-də Türkiyəyə səfər edəcək. Onun fikrincə, NATO baş katibi səviyyəsində olan bir şəxs dövlət başçısı ilə danışıqlar apara bilər.
Mayın 12-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı zamanı ABŞ dövlət katibi Rubio açıq şəkildə bildirib ki, ABŞ-nin əsas prioriteti Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıdır. Təsdiqlənib ki, ABŞ dövlət katibi NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Diqqətçəkən məqam odur ki, mayın 13-də Tramp Fars körfəzi ölkələrinə səfərə başlayıb və onu dövlət katibi Rubio da müşayiət edir.
Tramp isə işarə edib ki, əgər “bunun faydalı olacağına əmin olsa”, mayın 15-də İstanbula səfər edə bilər. Tramp yalnız Putin də ora gedəcəyi təqdirdə İstanbula gedəcək. Amma bu halda olduqca mühüm bir hadisənin baş verəcəyini gözləmək olar. Bu nə qədər realdır? Görünən odur ki, Brüsseldə də İstanbuldan müəyyən gözləntilər var. Çünki orada Rusiya əleyhinə 17-ci sanksiyalar paketinin qəbul edilməsi mayın 20-dək təxirə salınıb. Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, bu sanksiyalar həmçinin fəaliyyət göstərməyən “Şimal axını-2” qaz kəmərinə də şamil olunacaq.
İstanbulda Rusiya-Ukrayna arasında hər hansı sənədin imzalanmasını gözləmək həddindən artıq nikbinlik olardı. Diplomatik realizm çərçivəsində baş verə biləcək maksimum hadisə 30 günlük atəşkəslə bağlı birgə bəyanat ola bilər. Lakin Putin belə bir addım atacaqmı? Əgər o, İstanbula getməzsə, Rusiya və Ukrayna nümayəndə heyətləri hansı səviyyədə olacaq və hansı səlahiyyətlərlə çıxış edəcəklər? Əgər İstanbul görüşü ümumiyyətlə baş tutmasa və ya uğursuzluqla nəticələnsə, ABŞ Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarına qoşulacaqmı? Tramp, yəqin ki, prezidentliyinin 100-cü günündə əhəmiyyətli qərar qəbul etməyə məcbur olacaq. Sual isə budur: bu qərar sülhə xidmət edəcək, yoxsa Rusiya-Ukrayna müharibəsinin daha da alovlanmasına?
Asif Cəfərov
Ordu.az