Pakistan HHQ-dən “Çox Sahəli” Cavab: 6-7 May Hava Döyüşünün Xülasəsi

2025/05/1747123776.jpg
Oxunub: 1026     13:39     13 May 2025    
Pakistan Silahlı Qüvvələrinin Mətbuat Xidmətinin (ISPR) Baş Qərargahında keçirilən mətbuat konfransında çıxış edən Pakistan Hərbi Hava Qüvvələrinin İctimaiyyətlə Əlaqələr direktoru, Hərbi Hava Qüvvələri generalı Oranqzeb Əhməd 6-7 may gecəsi baş vermiş hava döyüşü ilə bağlı sensasion iddialar irəli sürüb. General Oranqzeb bildirib ki, Pakistan Hərbi Hava Qüvvələri (PAF) Hindistan Hərbi Hava Qüvvələrinə (IAF) məxsus üç “Rafale”, bir “MiG-29” və bir “Su-30” döyüş təyyarəsini vurub.

General Oranqzeb bildirib ki, döyüş təxminən bir saat davam edib və ümumilikdə 114 döyüş təyyarəsi iştirak edib. Hindistandan 72, Pakistandan isə 42 döyüş təyyarəsinin havaya qalxdığını qeyd edən Əhməd bu əməliyyatı “müasir döyüş tarixində dərsliklərə düşəcək səviyyədə bir əməliyyat” kimi qiymətləndirib.

O, Hindistanın şimal, mərkəz və digər istiqamətlərdən 72 döyüş təyyarəsi ilə hücuma keçdiyini, 16 “Rafale”in isə elektron olaraq aşkarlanaraq izlənildiyini vurğulayıb. Pakistan isə yalnız iki dəqiqə ərzində cavab verib və “çox sahəli əməliyyat” (“multi-domain operation”) başladıb.

“Çox sahəli əməliyyat” quru, hava, dəniz, kiberməkan və elektromaqnit spektr kimi sahələrdə eyni anda və koordinasiyalı şəkildə aparılan hərbi əməliyyatlara deyilir.

General Oranqzeb Pakistanın radar və radioelektron mübarizə sistemlərinin “Rafale”lərin situasiya məlumatını pozduğunu və onları müdafiəsiz vəziyyətə gətirdiyini bildirib.

PAF-ın JF-17, F-16 və Çin istehsalı J-10C təyyarələri ilə cavab verdiyini deyən general prioritetlərinin mülki əhalinin təhlükəsizliyi olduğunu vurğulayıb. O, İslamabad, Lahor və ətraf hava məkanlarının sürətlə boşaldıldığını bildirib. PL-15 raketləri haqqında məlumat verilməsə də, əməliyyatın hava hücumundan müdafiə sistemləri ilə koordinasiyalı şəkildə aparıldığı bildirilib.

Vurulduğu İddia Edilən Təyyarələr:

General Oranqzebin təqdim etdiyi texniki məlumatlara və radar izlərinə əsasən:

“MiG-29” – Kəşmirdə “LoC”dan 8 dəniz mili (NM) aralı
“Su-30 MKI” – “LoC”dan 25 NM məsafədə
“Rafale” (1) – Şrinagar şəhərindən 54 NM məsafədə
“Rafale” (2) – Cammu bölgəsində, “LoC”dan 7 NM məsafədə
“Rafale” (3) – Hindistanın Pəncab əyalətində, sərhəddən 23 NM məsafədə
Bundan əlavə, bir pilotsuz uçuş aparatı da “LoC”dan 19 NM məsafədə vurulub.


Sübutlar: Səs Yazıları, Radar Məlumatları və Qalıq Şəkilləri

Oranqzeb “Rafale” pilotları arasında keçən radio danışıqların səs yazılarını təqdim edib. Yazıda bir komandanın “Qodzilla” kod adlı pilota müraciət etdiyi, pilotun isə “vuruldum, havada partladım” dediyi eşidilir.

Bundan əlavə, Pəncab (Bathinda), Kəşmir (Vuyan, Akhnur) bölgələrində “Rafale”ə məxsus quyruq qanad, MICA raketi və “Safran M88” mühərrik hissələrinin qalıqlarını əks etdirən görüntülər paylaşılıb.

Mütəxəssislər bildirirlər ki, Pakistanın təqdim etdiyi bu səs yazıları və görüntülərin müstəqil mənbələr tərəfindən hələ təsdiqlənmədiyini xatırlatmaq vacibdir. 2019-cu ilin Balakot hadisəsində olduğu kimi, hər iki tərəf informasiya müharibəsi aparır.

General Oranqzebin açıqlamaları J-10C təyyarələrinin “Rafale” qarşısında effektivliyi barədə müzakirələri alovlandırıb. Çin istehsalı bu təyyarələrin uğuru Pekinin müdafiə texnologiyasına beynəlxalq marağı daha da artırır.

Bununla belə, analitiklər “Rafale” itkilərində pilot səhvi və döyüş qaydalarının da rol oynaya biləcəyinə diqqət çəkirlər.

Beynəlxalq Ekspert Rəyləri

“Royal United Services Institute”dan Valter Ladviq “Newsweek”ə verdiyi açıqlamada “Uzun müddətdir bu səviyyədə dövlətlərarası hava döyüşü görməmişdik” deyib. “Beynəlxalq Strateji Araşdırmalar İnstitutu”ndan Duqlas Barri isə bu qarşıdurmanın texniki və taktiki təhlil baxımından bütün dünyada diqqətlə izləniləcəyini bildirib.

“Yale Universiteti”ndən Suşant Sinqh “Financial Times”a verdiyi açıqlamada “Bu, Çin müdafiə texnologiyasının Qərb sistemlərinə qarşı ilk real sınağıdır” deyə vurğulayıb. Çinli mütəxəssis Yun Sun isə “Rafale”in J-10CE tərəfindən vurulmasını “Pekin üçün effektiv bir reklam” adlandırıb.

Çinin “Chengdu” şirkətinin istehsalı olan J-10CE təyyarəsinin bir “Rafale”i vurduğuna dair açıq mənbəli sübutlar artdığı üçün şirkətin səhmləri cəmi iki gün ərzində 40%-dən çox dəyər qazanıb. Pakistan isə artıq bu təyyarələrdən 36 ədəd və PL-15E raketindən 250 ədəd sifariş verib.

Raket tədqiqatçısı Fabian Hoffman “The Telegraph”a bildirib: “Əgər təsdiqlənərsə, bu hadisə Çinin aviasiya üstünlüyünü dünyaya nümayiş etdirəcək”.

“Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu”nun məlumatına görə, Pakistanın hərbi texnikasının 81%-i Çin mənşəlidir. “Alman Marshall Fondu”ndan Andru Small isə deyib: “Pakistan artıq Çinin yeni nəsil müdafiə məhsullarının vitrininə çevrilib”.

Bu hal, Fransa, Rusiya və ABŞ kimi ənənəvi təchizatçılarla müqayisədə Çinin daha sürətli və effektiv təchizat üstünlüyünü ortaya qoyur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HHQ  


Bizi "telegram"da izləyin