Gövdəyə inteqrasiya edilmiş yerləşdirmə arxitekturası sayəsində aerodinamik müqaviməti azaldan və aşağı radara görünmə sahəsinə töhfə verən sistem xüsusilə yeni nəsil pilotsuz döyüş təyyarələrində və beşinci nəsil döyüş təyyarələrində mühüm rol oynayır. TOYGUN-un əsas funksiyası platformaların həm “hava-hava”, həm də “hava-yer” tapşırıqlarında yüksək ayırdetmə qabiliyyətli görüntüləmə, hədəfin aşkarlanması, hədəfin izlənməsi, məsafənin ölçülməsi və lazerlə hədəf işarələnməsi imkanlarını maksimum səviyyəyə çatdırmaqdır. Bu çərçivədə sistem əməliyyat məkanında kəşfiyyat və müşahidədən dəqiq zərbə tapşırıqlarınadək geniş spektrdə kritik rol oynayır. TOYGUN EOTS gövdəyə inteqrasiya edilmiş quruluşu sayəsində platformanın aşağı radara görünmə sahəsini qorumasına imkan verir.

Bu xüsusiyyətlər TOYGUN-un xüsusilə dərin zərbə tapşırıqlarında aşağı görünürlüklü döyüş platformaları ilə radara yaxalanmadan nüfuz etmə, hədəfin aşkarlanması və hədəfə yönləndirmə funksiyalarını yerinə yetirməsini mümkün edir. Bundan əlavə, sistem kəşfiyyat-müşahidə tapşırıqlarında geniş ərazi skanı və IR axtarış-izləmə (IRST) funksiyasını da icra edə bilir.
TOYGUN-un istifadə sahəsi yalnız döyüş qabiliyyətləri ilə məhdudlaşmır. Sistem eyni zamanda situasiya məlumatlılığının yaradılmasında, avtonom naviqasiyanın dəstəklənməsində və hədəfin tanınması proseslərində iştirak edə biləcək potensiala malikdir. Süni zəka dəstəkli görüntü emalı alqoritmləri mühit şəraitindən asılı olmayaraq davamlı və sabit hədəf izləmə performansı təmin edir. Buna görə də TOYGUN gələcəyin avtonom əməliyyat mühiti üçün əsas elektro-optik komponent hesab olunur. Sistem Milli Döyüş Təyyarəsi KAAN, “Bayraktar” KIZILELMA pilotsuz döyüş təyyarəsi, ANKA-3 və müxtəlif yüksək hündürlüklü, uzunmüddətli uçuş qabiliyyətinə malik Pilotsuz Uçuş Aparatları (PUA) üçün inteqrasiya potensialına malikdir. Xüsusilə 2025-ci ildə KIZILELMA üzərində həyata keçirilən gövdəyə inteqrasiya edilmiş uçuş sınaqları TOYGUN-un əməliyyat yetkinliyinə sürətlə yaxınlaşdığını göstərib.
Texniki xüsusiyyətlər
- MWIR diapazonunda işləyən yüksək ayırdetmə qabiliyyətli termal kamera və 1280×1024 piksel detektor arxitekturası
- İki oxlu mexaniki və iki oxlu optik sabitləşdirmə ilə dəstəklənən dəqiq baxış xətti idarəetməsi
- NATO standartlarına uyğun lazer hədəf işarələyicisi və lazer məsafəölçəni, uzun mənzilli işarələmə qabiliyyəti
- Lazer nöqtə izləyicisi və çoxsaylı hədəf izlənməsi üçün qabaqcıl izləmə alqoritmləri
- Lazer məsafəölçəni və hədəf işarələyicisi (designator): 1064 nm və 1570 nm dalğa uzunluqlarında işləyə bilir, təxminən 35 km mənzilə malikdir, NATO STANAG 3733 kodlaşdırması ilə uyğundur
- Avtomatik hədəf tanıma (ATR) dəstəkli süni zəka əsaslı görüntü emalı
- İnteqrasiya edilmiş ətalət ölçmə qurğusu (IMU) və daxili yönləndirmə (internal boresight) mexanizmi
- MIL-STD-1553B və RS-422 vasitəsilə tapşırıq kompüteri ilə yüksək sürətli məlumat mübadiləsi
- Maye soyutmalı quruluş və yüksək enerji idarəetmə səmərəliliyi
- Geniş baxış sahəsi çərçivəsində 360° azimut hərəkəti və inteqrasiyadan asılı olaraq geniş elevasiya diapazonu
- Sensor bloku ≤ 510 mm en, ≤ 700 mm hündürlük, ≤ 660 mm dərinlik, opsional elektron blok ≤ 25 kq
- Sensor bloku ≤ 118 kq (opsional elektron blokla birlikdə)
- -40 °C ilə +70 °C arasında əməliyyat, -55 °C ilə +70 °C arasında saxlama şəraiti
- Görüntü emalı, kənar-bucaq yumşaldılması, histogram bərabərləşdirilməsi, duman/pus/atmosfer korreksiyası, super ayırdetmə (superresolution), turbulensiya korreksiyası və hədəf qiymətləndirmə imkanları
Ümumi xüsusiyyətlər
- Gövdəyə inteqrasiya edilmiş dizayn yanaşması ilə aşağı radara görünmə sahəsinə töhfə verən optik səth həndəsəsi
- “Hava-hava” və “hava-yer” tapşırıqlarına uyğun kəşfiyyat, müşahidə, IRST və hədəfləmə funksiyaları
- Yüksək məhsuldarlıqlı görüntü emalı bloku ilə duman, pus və atmosfer təhriflərinin aradan qaldırılması
- Ən çətin ətraf mühit şəraitində işləyə bilən dayanıqlı arxitektura
- Avtonom hədəf tanıma və tapşırıq dəstək funksiyaları ilə insansız sistemlərdə artırılmış tapşırıq səmərəliliyi
- Tapşırıq kompüterləri ilə birbaşa məlumat inteqrasiyası sayəsində real vaxt rejimində situasiya məlumatlılığı
- Seriyalı istehsal planlamasına uyğun çevik konfiqurasiya variantları
- Hədəfin müəyyənləşdirilməsi, izlənməsi və işarələnməsi prosesləri sistemin süni zəka dəstəkli alqoritmləri vasitəsilə avtonomlaşdırıla bilər ki, bu da insansız döyüş platformalarında mühüm üstünlük yaradır

TOYGUN-un KIZILELMA üzərində həyata keçirilən uçuş sınaqları elektro-optik sensorların pilotsuz döyüş təyyarələrinə gövdəyə inteqrasiya edilmiş şəkildə tətbiq edilməsində dünya üzrə ilk nümunələrdən biri hesab olunur. Bu sınaqlarda sistemin yüksək sürət və dəyişkən hündürlük şəraitində sabit görüntü istehsalı, uzun mənzildə hərəkətli hədəflərin izlənməsi və yüksək dəqiqlikli lazer işarələmə qabiliyyətləri təsdiqlənib. İnteqrasiya prosesində məlumat mübadiləsi infrastrukturunun problemsiz işləməsi TOYGUN-un müasir tapşırıq kompüterləri ilə tam uyğunluğunu nümayiş etditib. Bütün bu inkişaflar Türkiyənin elektro-optik sensor texnologiyalarında çatdığı səviyyəni ortaya qoyur və TOYGUN-u beynəlxalq analoqları ilə rəqabət apara biləcək mövqeyə gətirir.
TOYGUN EOTS həm texniki dizaynı, həm platforma uyğunluğu, həm də süni zəka yönəlmiş aşkarlama imkanları ilə yeni nəsil hava döyüşü doktrinasında mühüm komponent olmağı vəd edir. Gövdəyə inteqrasiya edilmiş EOTS arxitekturası aşağı görünürlüklü PUA və döyüş təyyarəsi layihələrində getdikcə daha kritik rol oynadığı halda, ASELSAN-ın TOYGUN sistemi Türkiyəni bu sahədə qlobal miqyasda rəqabət apara bilən üç ölkədən birinə çevirib. Müdafiə sənayesinin sensor texnologiyalarındakı bu irəliləyişi həm milli platformaların əməliyyat müstəqilliyi, həm də gələcəyin döyüş mühitində avtonom qərar-dəstək komponentlərinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

ASELSAN tərəfindən daha geniş texnologiya yol xəritəsi çərçivəsində TOYGUN-la yanaşı KARAT IR axtarış-izləmə sisteminin də sınaqlarının 2025-2026-cı illərdə PUA platformalarında başlanacağı açıqlanıb.
ASELSAN-ın investisiya təqdimatına əsasən, TOYGUN sisteminin müxtəlif variantlarının (məsələn, TOYGUN-100/200/300) istehsalı planlaşdırılır.
TOYGUN EOTS Türkiyənin elektro-optik sensor texnologiyalarında yerli imkanlarını daha yüksək səviyyəyə daşıyır. Aşağı radara görünmə sahəsinə (RCS) uyğun dizaynı və gövdəyə inteqrasiya edilmiş yanaşması xüsusilə “stealth” və aşağı görünürlüklü döyüş sistemlərində strateji üstünlük yaradır. KIZILELMA-ya qazandırılan bu imkan pilotsuz döyüş təyyarələrinin dərin zərbə tapşırıqlarında radara yaxalanmadan nüfuz etmə və dəqiq zərbə qabiliyyətini gücləndirir.
İnkişaflar
2025-ci il noyabr ayında ASELSAN TOYGUN EOTS-un “Bayraktar” KIZILELMA pilotsuz döyüş təyyarəsinə gövdə daxilinə uğurla inteqrasiya edildiyini açıqlayıb. Bu inteqrasiya dünyada ilk nümunə kimi qiymətləndirilir: gövdəyə inteqrasiya edilmiş EOTS texnologiyasının pilotsuz döyüş təyyarəsində istifadəsi.
Çorludakı AKINCI Uçuş Təlim və Sınaq Mərkəzində həyata keçirilən uçuş sınaqlarında sistemin müxtəlif hündürlük və sürət şəraitində sabit termal görüntü təmin etdiyi, hərəkətli hədəflərin uzun mənzildə izlənməsi və lazerlə hədəfləmə funksiyalarında yüksək dəqiqlik nümayiş etdirdiyi bildirilib. Bundan əlavə, sınaqlar zamanı KIZILELMA-nın tapşırıq kompüteri ilə TOYGUN arasında fasiləsiz məlumat axınının təmin edildiyi və sistemin çətin ətraf mühit şəraitində belə öz performansını qoruduğu vurğulanıb.
ASELSAN tərəfindən daha geniş texnologiya yol xəritəsi çərçivəsində TOYGUN-la yanaşı KARAT IR axtarış-izləmə sisteminin də sınaqlarının 2025-2026-cı illərdə PUA platformalarında başlanacağı açıqlanıb.
Dəyanət Ağalarlı
Ordu.az