Yeni Papa Leo XIV Avqustinian ordeninin üzvü olmaqla, “yoxsulluq andı” ideologiyasını təmsil edir. Bu, o deməkdir ki, o, Vatikanın gələcək siyasi xəttində daha çox mənəvi və ideoloji prinsiplərə söykənəcək. Bu isə Azərbaycan kimi iqtisadi alətlərdən məharətlə istifadə edən dövlətlər üçün ciddi maneə deyil, əksinə, bu yeni şəraitdə dəyərlər üzərində qurulacaq diplomatik manevrlər üçün əlavə imkanlar yaradır. Ermənistan isə bu ideoloji dəyişiklikdən faydalanmaq əvəzinə, illərdir passiv və qeyri-strateji münasibətlərin içində itib-batıb.
Digər tərəfdən, Bakı son illərdə Vatikanla əlaqələrini mühüm şəkildə genişləndirib. Diplomatik təmaslar, mədəniyyət və dinlərarası dialoqa yönəlik təşəbbüslər vasitəsilə Azərbaycan Vatikanın diqqətini çəkməyi bacarıb. Ermənistan isə, əksinə, bu sahədə həm təşəbbüssüz, həm də qeyri-fəal davranış sərgiləyib. Vatikan kimi ideoloji və mənəvi aspektləri ön planda tutan bir qurumla əlaqələrdə davamlılıq və məqsədli siyasət olduqca vacibdir. Ermənistan isə nə bu davamlılığı təmin edib, nə də Vatikanın dəyişən mənzərəsini oxuya bilib.
Ermənistanın passivliyinin daha bir səbəbi, onun ABŞ ilə strateji əməkdaşlığı kağız üzərində saxlamasıdır. Halbuki ABŞ ilə Ermənistan arasında mövcud olan sənədli baza – strateji tərəfdaşlıq haqqında müxtəlif memorandumlar – praktikada effektli diplomatik nəticələr doğura bilməyib. Ermənistan bu resursları Vatikanla əlaqələrin gücləndirilməsində istifadə edə bilməyəcək qədər zəif və qeyri-fəal diplomatik mövqe sərgiləyir. Bu isə ABŞ-nin dini və siyasi təsirinin birləşdiyi bir platformada – Vatikan qarşısında – Ermənistanı ikinci plana salır.
Yeni Papa ilə birlikdə Vatikanın dünya siyasətində daha fəal rol alacağı, xüsusilə də dinlərarası dialoq və dəyərlərə əsaslanan yeni geosiyasi münasibətlərdə daha təsirli olacağı gözlənilir. Azərbaycan isə bu dəyişiklikləri vaxtında analiz edib öz diplomatik kursunu uyğunlaşdırır. Ermənistanın bu prosesdə geridə qalması, təkcə Vatikanla münasibətlərin zəifliyinə deyil, ümumiyyətlə, Ermənistanın geosiyasi dalan vəziyyətinə işarə edir.
Vatikan təkcə dini mərkəz deyil, eyni zamanda Qərb dünyasının mənəvi legitimlik qazandırma mexanizmlərindən biridir. Ermənistanın burada təsirsiz və sönük qalması onun beynəlxalq aləmdə öz mövqeyini ifadə etmək imkanlarını daha da zəiflədir. Yeni Papa dövründə isə bu zəiflik daha da dərinləşə bilər, çünki Ermənistan öz dəyərlər sistemini yenidən qurmaq, daha şəffaf və ideoloji əsaslı diplomatiya yürütmək əvəzinə, köhnə və nəticəsiz yanaşmalarla kifayətlənir.
Aqil Məmmədov
Ordu.az