Əgər söhbət sülh müqaviləsinin imzalanmasından gedirsə, bu, açıq şəkildə ya Ermənistanın Azərbaycanın əsas şərtlərini qəbul etməsi, ya da Azərbaycanın hansısa prinsipial məsələdə geri çəkilməsi deməkdir. Lakin reallıqda rəsmi Bakı nəinki geri addım atmır, əksinə, ardıcıl və prinsipial siyasətlə Ermənistanı fakt qarşısında qoyur.
Azərbaycan sülh prosesində real zəmin formalaşdırıb, 2020-ci ilin Vətən müharibəsindən sonra faktiki və hüquqi olaraq regionda yeni geosiyasi status-kvo yaradıb. Ermənistan isə bu reallığı üç ildir ya görmək istəmir, ya da gecikmiş etirafları daxili təzyiqlərə görə ləngidir. Mirzoyanın dediyi “danışıq var” fikri, əslində, prosesdə iradə sahibi olmadıqlarının, gündəmi formalaşdıran tərəf olmadıqlarının və Azərbaycanla real danışıqlar əvəzinə sadəcə təlimat gözləyən tərəf olduqlarının göstəricisidir.
Əgər danışıq varsa və “yaxşı xəbər” gələcəksə, bu, yalnız bir formada mümkündür – Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməklə. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, separatçılıqdan imtina, Azərbaycanın ərazi bütövlüyünün tam tanınması Bakı üçün təməl prinsiplərdir. Bu prinsiplərdən hansı birində geri addım atılacağına dair nə daxildə, nə də beynəlxalq səviyyədə heç bir siqnal ola bilməz. Əksinə, beynəlxalq ictimaiyyət Ermənistanı reallığı qəbul etməyə çağırır.
Nikol Paşinyanın “nə daxili, nə də xarici təxribatlara baxmayaraq Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq” deməsi isə, əslində, ictimai fikri yumşaltmaq üçün hazırlanmış “xəbərdarlıq və bəraət” mexanizmidir. Paşinyan iqtidarı artıq anlayır ki, müqavimət göstərmək mümkün deyil və baş verəcək güzəştləri “xalqa bəxşiş” kimi təqdim etməyin yollarını axtarır.
Ən diqqətçəkən məqam isə Ermənistanın diplomatik ritorikasında “müəyyən irəliləyiş yoxdur, amma danışıq var” kimi passiv, özünü tənzimləyən cümlələrin artmasıdır. Bu, həm zəifliyin, həm də təşəbbüsü tamamilə itirməyin əlamətidir. Ermənistan 2020-ci ildən sonra diplomatik cəbhədə də itkilər verir. Regionda əsas söz sahibi Azərbaycan və Türkiyədir, beynəlxalq aktorlar isə Bakı ilə əməkdaşlığa daha açıqdır.
Ermənistan üçün “yaxşı xəbər” ola biləcək yeganə ssenari Azərbaycanın şərtlərini gecikmədən qəbul etmək, keçmiş iddialardan əl çəkmək və regionda normal qonşuluq prinsipləri ilə yaşamaqdır. Əks təqdirdə, Ermənistan nəinki növbəti siyasi və diplomatik zərbələrə hazır olmalıdır, həm də daxili ictimai-siyasi sabitliyini də itirmək riski altındadır.
Azərbaycan üçün isə bu “yaxşı xəbər” artıq uzun müddətdir hazırlanan, prinsipial və ədalətli regional sülh gündəliyinin təsdiqi olacaq. Və bu, yalnız Azərbaycanın qətiyyətli mövqeyi sayəsində mümkün olacaq.
Aqil Məmmədov
Ordu.az