“Hizbullah” Livan və İsrail arasında hərtərəfli atəşkəs tələb edib

2026/06/1780591232.jpg
Oxunub: 271     20:34     04 İyun 2026    
“Hizbullah” hərəkatının baş katibi Naim Qasım İsraillə hərtərəfli atəşkəsin əldə olunmasını və İsrail qüvvələrinin Livan ərazilərindən çıxarılmasını tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Bu bəyanat təşkilatın ABŞ vasitəçiliyi ilə Vaşinqtonda müzakirə olunan atəşkəs sazişi layihəsini rədd etməsi ilə bağlı xəbərlər fonunda səsləndirilib.

“Al-Manar” telekanalı vasitəsilə yayımlanan yazılı müraciətdə Qasım bildirib ki, atəşkəs hərtərəfli xarakter daşımalı və Livanın cənub bölgələri ilə ölkənin qalan hissəsi arasında hər hansı ayrılığa imkan verməməlidir.

O həmçinin vurğulayıb ki, İsrail “qətllər həyata keçirmək azadlığını” qoruyub saxlamamalıdır.

Danışıqlarda iştirak edən mənbələrin məlumatına görə, Vaşinqtonda keçirilən dördüncü raund zamanı İsrail və Livan nümayəndələri atəşkəs çərçivəsini razılaşdırıblar. Həmin çərçivə “Hizbullah”ın hücumları dayandırması və Livanın cənubundan Litani çayının şimalına çəkilməsi şərti ilə atəşin dayandırılmasını nəzərdə tutur.

Lakin “Hizbullah” nümayəndəsi “France-Presse” agentliyinə təşkilatın təklif olunan sazişi rədd etdiyini bildirib.

Onun sözlərinə görə, bu mövqe Livan parlamentinin sədri, vasitəçi rolunu oynayan Nəbih Berriyə çatdırılıb və o da təşkilatın yanaşmasını dəstəkləyib. Qasım Livan hakimiyyətini İsraillə birbaşa danışıqları dayandırmağa çağıraraq onları “fars və alçaldılma” adlandırıb.

O bəyan edib ki, Livan kəndlərinə zərbələr endirildiyi və dinc sakinlər həlak olduğu müddətdə İsrailin şimal yaşayış məntəqələri də təhlükəsiz olmayacaq.

Vaşinqton danışıqlarının yekunlarına dair birgə bəyanatda qeyd olunub ki, təklif edilən saziş “Hizbullah”ın atəşi dayandırmasını və döyüşçülərinin Litani çayının cənubundakı, İsrail sərhədindən təxminən 30 kilometr məsafədə yerləşən ərazilərdən çıxarılmasını nəzərdə tutur.

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail ordusu hərbi və quru əməliyyatlarını davam etdirəcək, “təhlükəsizlik zonasını” qoruyacaq və terrorçu hesab etdiyi infrastrukturun məhvini davam etdirəcək.

O əlavə edib ki, İsrail zərurət yaranacağı təqdirdə Beyruta zərbələr endirmək azadlığını özündə saxlayır.

Bu fonda Qasım bəyan edib ki, “Hizbullah”ın geri çəkilməsi “kapitulyasiya və məğlubiyyət” demək olardı və hərəkat döyüş əməliyyatları davam etdiyi müddətdə müqaviməti davam etdirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan   İsrail  


Bizi "telegram"da izləyin