“Ermənistan Paşinyanın baş nazir olduğu səkkiz il ərzində minlərlə insan həyatı ilə ağır bədəl ödəyib” - Köçəryan

2026/06/1780404081.jpg
Oxunub: 264     20:30     04 İyun 2026    
“Ermənistan Nikol Paşinyanın baş nazir olduğu səkkiz il ərzində minlərlə insan həyatı, 10 min yaralı, ərazi itkiləri və Qarabağın itirilməsi ilə ağır bədəl ödəyib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan Göyçə şəhərində keçirilən mitinq zamanı Rusiya KİV-inə müsahibəsində bildirib.

O, baş verənləri böyük faciə adlandırıb.

Paşinyanın avropayönümlü siyasəti ilə bağlı sualı cavablandıran Köçəryan qeyd edib ki, hakimiyyət perspektivi olmayan və əslində mövcud olmayan bir layihəni cəlbedici nağıl kimi təqdim edir, eyni zamanda uğurla işləyən mexanizmləri dağıtmağı təklif edir.

Erməni siyasətçi ümid etdiyini bildirib ki, seçki kampaniyası dövründə “Hayastan” blokuna insanlara ölkə iqtisadiyyatının əsaslandığı praktiki əlaqələri dağıtmağın və qeyri-müəyyən gələcəyi olan “gözəl nağılın” ardınca getməyin düşünülməmiş addım olduğunu izah etmək mümkün olub.

Onun sözlərinə görə, belə davranan lider ölkənin deyil, insanları növbəti dəfə aldatmağın və hakimiyyətdə qalmağın qayğısına qalır.

Referendum məsələsinə toxunan Köçəryan bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin rəhbərləri Ermənistana “buradasan, yoxsa orada?” sualını ünvanlayırlar.

“Rusiya da Ermənistanın Avropaya inteqrasiya kursunun maliyyə yükünü daşımağa hazır olmadığını bildirir”, - deyə o qeyd edib.

Hakimiyyətin mümkün zərərləri və itkiləri nəzərə almadığını vurğulayan Köçəryan bu siyasəti heç bir məntiqi izahı olmayan avantüra adlandırıb.

“Məhz buna qarşı mübarizə aparırıq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin