Papalıq seçkiləri ilə bağlı müzakirələrdə tez-tez “yenilikçi bir papa gələcəkmi?” sualı verilir. Lakin burada “yenilikçi” ifadəsi daha çox “açıq fikirli” və ya “müasir düşüncəli” mənasında başa düşülür. Halbuki, katolik kilsəsi daxilində əsas fikir axınları məhz “ənənəçilik” və “yenilikçilik” arasında bölünür. Kilsənin son dövr tarixi də əsasən bu iki cərəyanın toqquşması üzərində qurulub və qarşıdakı seçki də bu mübarizənin bir mərhələsi olacaq.
Ənənəçi-yenilikçi qarşıdurması
Katolik kilsəsi orta əsrlər, Renessans və Reform dövrlərində bir sıra çağırışlarla üzləşmişdi, lakin bunlar daha çox dini parçalanmalar və ya siyasi nüfuz mübarizələri ilə bağlı idi. Aydınlanma dövrü isə kilsəni daha fundamental bir təhdidlə üz-üzə qoydu. Aydınlanma, Fransız İnqilabı, pozitivizm və digər rəqib ideologiyalar katolik inancının özülünə və bütövlükdə kilsənin varlığına meydan oxuyurdu. Bu yeni modern çağın təsiri digər dini ənənələr kimi katolik kilsəsində də travmatik dəyişikliklərə səbəb oldu.
Bir çox dindar bu vəziyyətdən çıxış yolu kimi dini öz kökünə qaytarmağı və ənənəyə qayıdışı görsə də, digərləri dünyanın dəyişdiyini, problemlərin də dəyişdiyini və bu səbəbdən yeni yanaşmaların vacib olduğunu düşünürdülər. Katolik kilsəsindəki ənənəçi-yenilikçi ayrılığı da bu fikir ayrılığının nəticəsi kimi formalaşmışdır.
Kilsədəki bu bölünməni XIX əsrin sonlarına qədər izləmək mümkündür, lakin bunun papa seçkilərinə ciddi şəkildə təsir göstərməsi daha sonrakı dövrlərdə baş verir. Məsələn, II Dünya Müharibəsi dövrünün mübahisəli papası XII Pius qatı ənənəçi idi.
Onun ardınca 1936-1945-ci illər arasında papalığın Türkiyədəki səfiri olan və 1958-ci ildə gözlənilmədən papa seçilən Ancelo Cuzeppe Ronkalli – yəni XXIII İoann – yenilikçi bir papa oldu. XX əsrdə katolik kilsəsi üçün ən mühüm hadisələrdən biri sayılan və reform konsili kimi tanınan II Vatikan konsilini (1962–1965) məhz o çağırdı. Konsilin devizi olaraq “aggiornamento” (müasirləşmə) ifadəsi seçildi və Papa İoann “Kilsənin pəncərələrini açaq, təmiz hava içəri girsin” demişdi.
Daha sonra onun əleyhdarlarından biri olan ənənəçi bir kardinal isə “Biz Kilsənin qapılarını içəridəkilər çıxsın deyə açdıq, amma çöldəkilər içəri daxil oldular” deyərək onu tənqid etmişdi. XXIII İoannın 1963-cü ildə vəfatından sonra onun yaxın dostu Montini papa seçilərək VI Paul adını aldı. Lakin Montini ənənəçilərə güzəşt edən bir papalıq dövrü keçirdi.
VI Pauldan sonra 1978-ci ildə papa seçilən, lakin cəmi 31 gün bu vəzifədə qalıb müəmmalı şəkildə vəfat edən I İoann Paul həm ənənəçilik, həm də yenilikçiliyi uzlaşdırmaq məqsədi daşıyırdı. Onun ardından polyak əsilli Karol Voytila papa seçilərək II İoann Paul adını aldı. Voytila 450 ildən sonra İtaliyadan kənardan seçilən ilk papa idi. Bir çoxlarına görə, “Dəmir Pərdə” ölkəsindən papanın seçilməsi ABŞ-nin müdaxiləsinin nəticəsi idi.
1984-cü ildə ABŞ prezidenti Ronald Reyqan və Papa II İoann Paulun imzaları ilə Vatikan dövləti və ABŞ arasında rəsmi diplomatik əlaqələr quruldu. Soyuq Müharibə dövrünün önəmli simalarından birinə çevrilən II İoann Paul insansevər papa imici ilə tanıdıldı, lakin əslində sərt ənənəçi idi. O dövrün bir İtaliya qəzetində yayımlanan karikaturada kilsənin pəncərələrini açan XXIII İoanndan sonra gələn II İoann Paulun bu pəncərələri bir-bir bağladığı göstərilirdi.
Soyuq Müharibə dövrü ənənəçi-yenilikçi qarşıdurmasının kəskinləşdiyi və hətta öz təbii məcrasından çıxdığı bir mühit yaratdı. ABŞ tərəfi Sovet İttifaqına qarşı ümumilikdə kilsə daxilindəki ənənəçiləri dəstəklədi. Ronkalli kimi yenilikçi şəxslər bu dövrdə “kommunist” damğası ilə ittiham olunurdu. Hətta Ronkalli barədə Nikita Xruşşovla eyniləşdirilərək “Nikita Ronkalli” adlı kitablar belə nəşr edilmişdi.
Soyuq Müharibənin sonuna doğru II İoann Paul həm fiziki gücünü, həm də mediada olan təsirini xeyli itirmişdi. Həm yenilikçilərə, həm də Cənubi Amerikadakı Azadlıq Teologiyası kimi azadlıqçı xristian cərəyanlarına qarşı ən sərt ənənəçi müdafiələri ilə tanınan alman kardinal İosif Ratsinger 2005-ci ildə II İoann Paulun yerinə keçdi. XVI Benedikt adını alan Ratsinger 1980-ci illərdən bəri kilsəyə ənənəçi damğasını vurmuş bir fiqur idi.
Güc balansı hansı istiqamətə yönələcək?
Onun 2013-cü ildəki gözlənilməz istefasının ardından, yenə də gözlənilmədən seçilən Xorxe Mario Berqoqlio (Fransisk) məşhur Vatikan balkonundan yeni papa olaraq elan edildi. Görünür, II İoann Paul və XVI Benediktin sərt ənənəçiliyindən yorulan kardinal seçicilər bu dəfə fərqli bir yolda birləşmişdilər.
Əslində Fransisk nə reformçu, nə də yenilikçi bir fiqur idi. O, daha çox uzlaşma əldə edilə biləcək, mülayim bir şəxsiyyət olduğu üçün seçilmişdi. Onun barəsində “reformçu” deyə danışsalar da, “reformçudurmu, yoxsa populist?” sualı daim gündəmdə qaldı. Ənənəçilərdən sərt tənqidlər alsa da, bu illər ərzində kilsədə islahat adlandırıla biləcək konkret dəyişikliklər etməmişdi.
Onun yerinə gələcək şəxsin də məşhur bir ənənəçi və ya radikal bir reformçu olması ehtimalı olduqca zəif görünür. Çünki güc balansının ortada olduğu şəraitlərdə adətən bu cür kəskin mövqelər deyil, ortaq nöqtələrdə razılaşma ön plana çıxır. Bu dəfəki seçimdə də yenidən mülayim bir fiqurun papa seçilməsi ehtimalı yüksəkdir.
Lakin yaddan çıxarmaq olmaz ki, papa belə olsa, kilsədə bütün daşları yerindən oynadacaq bir inqilab həyata keçirmək asan məsələ deyil. Çünki katolik kilsəsi ağır, təcrübəli və çox güclü bir bürokratiyaya sahibdir.
Sevinc Əliyeva
Ordu.az